Qubadlıda mina partlayıb, minaaxtaran it ölüb, bələdçi yaralanıb

İki il öncə işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina partlayışının baş verdiyi bildirilir.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən verilən məlumata görə, partlayış nəticəsində minaaxtaran it bələdçisi Nəcməddin Hüseynov yüngül bədən xəsarətləri alıb.

“Əməliyyata cəlb olunan Belçika malinuası – “Dina” ləqəbli minaaxtaran it ölüb”, – məlumatda qeyd edilir.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onların 40-a yaxının həlak olduğu bildirilir.

Rəsmilər üçtərəfli razılaşmadan sonra Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Lakin həmin razılaşmadan sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Amma sonradan da Azərbaycan prezidenti xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana vermişik”.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadlı rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən ilk atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button