Qulsansa, baş əy!!!

Nurəddin Xoca

Mafiyanın “paket” sistemi…

Klemensio hər şeyi başa düşdü. O, Toma “Tom, sən məni bu qarmaqdan çıxara bilərsənmi” deyə sordu. Tom Xeyqan başını bulayaraq “yox” dedi.

Klemensio “ Maykla de, burada şəxsi heç nə yox idi, hər şey bizneslə bağlı idi.”

M.Pyuzo, “Xaç Atası”

“Xaç Atası” M.Pyuzonun Amerikadakı mafiya haqqında yazdığı məşhur əsərdir. Bu əsəri demək olar hamı oxuyub. Oxumayanlar isə ən azından filminə baxıb. Altmışıncı illərin Amerikası, hər şeyi biznes maraqları ilə ölçən Amerika.

Biz isə iyirmi birinci əsrin Azərbaycanında yaşayırıq. Amma o illərin Amerikasını bu illərin Azərbaycanı ilə eyniləşdirən cəhətlərdən biri, ən əsası hakimiyyətin hər şeyi biznes maraqları ilə idarə etməsidir. Bəli, şəxsi heç nə yoxdur, hər şey biznesə bağlıdır. Qanunlar, Ədalət, Siyasət – hər şey gəlir mənbəyi kimi istismar edilir. Bu zaman rəqiblərlə çox amansız davranırlar. İstəyir bu adi haqqını tələb edən fəhlə, ya ədalət axtaran jurnalist, ya da biznesdə şərik olub hər hansı bir iddiada bulunan dövlət məmuru olsun. Pulla satın alınmadan tutmuş, əxlaqsız hərəkətlərə (cinsindən asılı olmayaraq zorlayıb şəklini çəkmək), döyülmədən tutmuş qətllərə qədər onların arsenalında istifadə növləri var. Bəs zindanlar? Mafiyanın ağlına gəlməyən bir hakimiyyətə malik olan bunlar kimliyindən asılı olmayaraq səni illərlə zindanlarda çürüdərlər (F. Əliyev, Ə.İnsanov və s.). Bütün dünya sənin günahsiz olduğunu sübut edib azadlığını tələb etsə də, səni bütün dünyanın acığına illərlə zindanda saxlayarlar (Mirzə Sakit, Eynulla Fətullayev və s.).

Bax bunu mafiya edə bilmirdi. Bu biznesdə aşağıdan yuxarı məmurların ranqına görə haqqı var. Məşhur “paket”lər. Bu “paket”lərdə hər kəsin vəzifəsinə görə haqqı verilir.

Amerika mafiyası da ailə və yerliçilik sistemi əsasında qurulub. Yuxarıda “DON”, sonra onun “konselyeraları”( məsləhətçiləri), sonra “kapo” (dəstə başçıları), onların müavinləri (leytenantları) və əsgərlər. Yerdə qalanlar isə onların ailə klanına qul kimi işləməlidirlər. Qatillər və ona oxşar sənətkarlar xüsusi zümrədir. Onların öz kəşfiyyatları və əks-kəşfiyyatları var. Bütün bu çevrə ailənin kriminal ümumi gəlirindən faiz alırlar. Nə qədər qəribə də olsa, “paket”lərdə. Nə çox oxşarlıq var, deyilmi? İstəyir strukturda, istəyirsə qazancın bölünməsində. Onlar bacardıqları qədər siyasətçiləri alırlar. Polisi və ədalət məhkəmələrini öz təsir dairələrində saxlamaq üçün böyük pullar xərcləyirlər.

Bizdə isə buna ehtiyac yoxdur. Çünki bütün bu səlahiyyətlilər artıq “paket” sistemindədir.

Kimi istəsələr tuta, kimi istəsələr öldürə və yaxud ölkədən qova bilərlər. Ədalət ədalətsizliyə qulluq edir. Qanunsuzluq artıq qanunu əvəz edir. Bu, artıq cəmiyyətin bütün sferalarındadır. Bu, cəmiyyətin xərçəngidir. Bu gün cəmiyyətə Avropa mədəniyyəti adı altında homoseksuallığı, qadın hüquqları deyəndə azad sevgi və məişət pozğunluğu, mentalitetimizə (bu söz çoxlarının xoşuna gəlməsə də) uyğun olmayan namussuzluğu təlqin edirlər. Artıq millətin və dövlətin mənəvi göstəriciləri ənənəvi milli əxlaq deyil, hansısa fantasmaqoriq qərb filmlərindən götürülmüş Afrika buşmenlərinin əxlaqi dəyərləridir. Bu dəyərləri bizə TV-lərdən əxlaqdan heç xəbəri olmayan, ömürləri əxlaqsız qalmaqallarla keçən müğənnilər təlqin edirlər. Onlar bizə və ailəmizə əxlaq dərsi keçirlər.

Biz müsəlmanıq və Qədərə inanan xalqıq. Amma deyəsən, Qədər də bizdən küsüb üz döndərib.

Yoxsa bu boyda xalqın alın yazısı qul olmaq ola bilməz. Qulsansa, baş əyməlisən. İndi millət deməlidir, quldursa başı əyilsin.

İ.S. Bütün avtoritar rejimlər dünyanın harasında olmasından asılı olmayaraq mahiyyətcə eynidir. Ona görə də eyni səhvləri təkrarlayırlar. Onlar əllərində olan hansısa resursları (enerji, nüvə və s.) bir neondertal dəyənəyi kimi əllərinə alaraq bütün dünyanı qorxutduqlarını sanırlar. Bəlkə onların fikirləşdiyi kimidir? Amma hələlik biz bunun əksini görürük…

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button