Qulu Məhərrəmlidən Dövlət Dil Komissiyasına etiraz – QALMAQAL

Xəbər verdiyimiz kimi, bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsi Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciət edib.

Müraciətdə Azərbaycan ədəbi dilinin uçuruma yuvarlandığı vurğulanır.

Ciddi narahatlığa səbəb  Azərbaycan Milli Elmlər Akademiyasının  Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun bir neçə ay öncə ictimaiyyətin müzakirəsinə təqdim etdiyi “Orfoqrafiya qaydaları” layihəsidir.

Layihə barədə hər iki tərəf üz-üzə gəlib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova  və Azərbaycan Milli Elmlər Akademiyasının Ofoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müraciətə cavab olaraq mətbuata açıqlamalar veriblər.

 

Dövlət Dil Komissiyasına müraciət edənlərdən biri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında fikirlərini bu cür izah edib.

 

“Əvvəla, onu deyim ki, bir qrup elm və mədəniyyət xadiminin yeni “Orfoqrafiya qaydaları layihəsi” ilə bağlı Dövlət Dil Komissiyasına müraciəti cəmiyyətimizdə dəyərlərə həssas münasibət mənasında müsbət hadisədir. İkincisi də cəmiyyətin müəyyən bir qisminin yazı qaydalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı öz narahatlığını ifadə etməsi burada ciddi problemin olduğunu göstərir. Halbuki təxminən ay yarım əvvəl Dil komissiyasının üzvlərindən biri mediaya yanlış olaraq demişdi ki, guya orfoqrafiya layihəsi ilə bağlı heç bir etiraz yoxdur, yəni işlər yağ kimi gedir. Amma bu müraciət həmin əminliyin əsassız olduğunu üzə çıxarır və ana dili ətrafında sıxlaşan qara buludlar barədə cəmiyyətə ciddi mesajlar verir. Mən xüsusən lazımsız dəyişikliyin praktik zərərini indidən görən orta məktəb müəllimlərinin həyəcanını başa düşürəm. Dil Komissiyası üzvlərinin bəzilərinin reaksiyasına da normal baxıram. Hərçənd onların kor-koranə müdafiə tərzini, “yalnız biz deyənlər doğrudur” düşüncəsini anlamaq çox çətindir. Məncə, fərqli fikirdə olanları “ajiotaj yaratmaqda” ittiham etmək və onlara qarşı kampaniya aparmaq yox, intonasiyanı dialoq ruhuna kökləmək, enerjini müzakirənin predmerinə yönəltmək, mübahisələri elmi prinsiplər əsasında çözmək daha effektli olardı”.

Professorun sözlərinə görə, müraciət kifayət qədər əsaslı yazılıb.

 

“Ana dilimizin qaydalarının sabitliyinin vacibliyi, zərurət olmadan söz və qayda dəyişmələrinə aludəçiliyin yolverilməzliyi, təklif edilən dəyişikliklərin yaradacağı potensial təhlükə elmi cəhətdən dürüst əsaslandırılıb. Vəzifə adamlarının reaksiyasından başqa mətləblər də anlaşılır.

 

Məsələn, belə qənaətə gəlmək olur ki, müraciət və etirazlardan asılı olmayaraq “nəzərdə turulmuş əməliyyat” gerçəkləşdiriləcək, çünki bu adamlar artıq bitmiş bir proses barədə danışırlar. Bir də açıqlama vermiş Komissiya üzvlərinin indiki “yazı qaydalarını sadələşdirmək lazımdır”, “orfoqrafiya qaydaları təkcə ziyalılar üçün yox, hamı üçündür” kimi tezisləri ana dilinə ciddi təcavüzdən xəbər verir”.

 

Qulu Məhərrəmli sözlərin orfoqrafik qaydalarına da toxunub.

 

“Bir də məndə belə təsəvvür yaranır ki, orfoqrafiyaya edilmiş bəzi yersiz və zərərli təkliflər dilin təbii inkişafından yox, dil bilgisi və dil duyğusu zəif olan ayrı-ayrı vəzifəli şəxslərdən qaynaqlanır. Məhz bu adamlar məsələni inzibati yolla həll etməyə çalışırlar. Məsələn, tam əminəm ki, heç bir zərurət olmadan qoşa “y”-nin birinin ixtisar edilməsi “ideyası”nı bir qrup vəzifəli şəxs, onların tabeliyində və əhatəsində olan şəxslər müdafiə edir. Bəzi adamlar, o cümlədən müstəqil olmayan bir qrup dilçi də ana dilində ciddi dolaşıqlıqlar yaradacaq belə üzdəniraq dəyişikliyə bəraət qazandırmağa çalışırlar, amma bu məsələdə təklif etdikləri “fonetik prinsip” tamamilə yanlış və zərərlidir. Dil mühafizəkarlığı sevir. Ana dilində hansısa söz və ya qaydanı dəyişmək fövqəladə hadisədir, amma bizimkilər bunu az qala əyləncəli vərdişə çeviriblər. İngilis dilində 13-cü əsrdən bu yana bir vergül də dəyişməyib, həmin dildə, eləcə də alman və fransız dillərində bir neçə hərf birləşib bir səsi ifadə edir.

 

Yaxud sözün axırında birdən-birə bir neçə hərf yazılsa da oxunmur, amma heç bir ingilisin və ya fransızın ağlına həmin hərfləri ixtisar etmək ideyası gəlmir. Yəni dilə, onun sabit qaydalarına, oturuşmuş sözlərə və prinsiplərə hörmət etmək lazımdır. Bunu bizdən ən azı ana dilimizin kəşməkəşli tarixi, bu tarixin acı təcrübəsi və bir də “Dövlət dili haqqında qanunun ruhu tələb edir”.(modern.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button