Quranda “Təvəssül”

Hacı Yunus Qobulu

“Təvəssül” o mövzulardandır ki, Quran ayələrində və İslam rəvayətlərində əsas bir tapşırıq, sifariş kimi qərar tutmuşdur. Müsəlmanlar arasında, o cümlədən ölkəmizin müsəlman əhalisi arasında xüsusi əhəmiyyəti vardır. Elə bilirəm ki, əgər biz bu mövzunu Qurani Kərimin gözü ilə araşdırsaq, bəzi müsəlman bacı və qardaşlarımıza “Təvəssül”ün əhəmiyyətini xeyli dərəcədə aydınlaşdırmağa nail ola bilərik.

“Təvəssül” kəlməsi ərəb lüğətində “vəsl” – “yaxınlıq” sözündəndir ki, “təqərrüb”- yəni yaxınlıq etməyə bir vasitə aramaq, axtarmaq mənasını daşıyır. Yaxud bir şeyi aramaq ki, digərinə yaxınlaşmağa (əlaqə və ya rəğbət üzündən) bais olmuş ola. Təvəssül həmçinin şəfaətə də şamildir.

“Şəfaət” kəlməsi – “şəfi” sözündəndir ki, bir şeyə həmən o şeydən əlavə etmək mənasındadır. Quran məfhumunda isə, günahkar bir şəxs, başqa bir şəxsin insani keyfiyyətlərinə görə, (iman, saleh və sair) Allah övliyalarına yaxınlığını aşkar edər və onlar da öz köməklərini ondan əsirgəməyib Allahın hüzurunda o şəxsin əfv olunmasını xahiş edərlər (“Qamusi Quran”. S.Ə.Qərəşi. Şəfaətin kökü.).

Digər ibarətdir ondan ki, demək olar: – “Daha möhkəm və daha üstün olanların, özlərindən daha zəif, daha aşağı olanlarla bir yolda qərar tutub, onlara kömək göstərməsi, kamilliyin ən yüksək mərtəbələrindəndir.” (Təfsiri nümunə.c.1,səh.223.)

O ayə ki, “Təvəssül” məsələsinə orada işarə vardır, Maidə surəsinin 35-ci ayəsidir ki, Allah buyurur: – “Ey iman gətirənlər! Allahdan qorxun. Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vasitə (yol) axtarın. Allah yolunda cihad edin ki, bəlkə nicat tapasız.”

Bu ayənin çox geniş mənası vardır. Hər bir iş ki, Allahın dərgahına yaxınlaşmağa bais ola, ona şamildir. Necə ki, Həzrət Əli (ə.s.) buyurmuşdur: “Behtərin şey ki, Allahın dərgahına yaxın olmağa səbəb ola bilər, – Allaha və onun rəsuluna iman gətirmək, onun yolunda cihad etmək, namaz, oruc, zəkat, həcc, sileyi rəhm, nəfəqə və sair əməllərdir” (“Nəhcül bəlağə”.110-cu xütbə).

Digər ayə ki, həmçinin “Təvəssül” haqqında qərar tutmuşdur, saleh bir insan ki, Allahın dərgahında ondan hacətini istəyə, vəsilə xatirinə, heç vaxt məmnu olmaz (qadağan olmaz, istəyi rədd edilməz). O cür ki, Həzrəti İbrahim (ə.s.) öz əmisi üçün Allahdan istiğfar tələb etdi, Quran buyurur: – “İbrahim (ə.s.)-ın öz əmisi üçün, onun bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi (ta ki, onu imana cəzb edə). Amma onun Allaha düşmən olduğu aydın olduqda, ondan uzaqlaşdı. (Çünki əfv diləmək Allaha düşmən olan kəs üçün deyil, Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim (ə.s.) (Allaha çox dua edərək) yalvarıb-yaxaran bir zat idi.” (Tövbə surəsi-114)

Yusif surəsinin 97-ci ayəsi: – (o vaxt ki, Yusif(ə.s.)-in qardaşlarının günahı aşikar oldu, onlar ataları Yaqub(ə.s.)-a dedilər: “Ata! Bizim üçün günahımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq.” Bu ayə ona dəlalət edir ki, saleh insanları Allahdan bağışlanmaq və hacət tələb etmək üçün vəsilə tələb etmək olar. Bu təvəssül həqiqətdə diqqət, yalnız Allahı aramaqdır, nəinki qeyrisini. O insanlara təvəssül edən olun ki, həqiqətdə təvəssül onların ruhani məqamlarındadır ki, öz ruhlarına pərvəriş (tərbiyət) verərlər və kamilliyə yetişərlər. Onların ruhu əbədiyyət üçündür, fəna üçün deyil. O insanlara ki, onlar həyat eşqində deyillər, mütəvəssül olun.

Əhli təsənni alimlərindən olan Nurəddin Əli ibn Əbdullah əs-Səmhudi əl-Muhəqqiq, öz “Vəfail-vəfa” kitabında yazır: – “Peyğəmbər (s.ə.v.a.)-in vasitəsilə Allahdan kömək istəmək, şəfaət diləmək Peyğəmbəri və onun şəxsiyyət və məqamını tutmaq caizdir – həm onun xilqətindən əvvəl, həm təvəllüdündən sonra, həm aləmi bərzəxdə, həm də qiyamət günündə.

Ömər ibn Xəttab demişdir: “Həzrəti Adəm (ə.s.) Allahın dərgahında belə ərz etdi: – “Ey Allah, mən öz bağışlanmağımı Mühəmməd(s.ə.v.a.)-in həqqi üçün səndən istəyirəm. Məni əfv et.” (Təfsiri nümunə, 4-cü cild, səh.367.) 2-ci xəlifənin (Ömər ibn Xəttab) zamanında bir il quraqlıq oldu. Bilal (Həbəşi) səhabələrdən bir neçəsi ilə peyğəmbərin məzarı üstünə gəldi və belə dedi: – Ya Rəsulallah! Allahdan ümmət üçün yağış göndər. Mümkündür ki, hamı həlak olsun.

Çox rəvayətlərdə, əhli təsənni kitablarında, təvəssül və şəfaət məsələsinə az əhəmiyyət verilmiş və onu inkar edirlər. Onu Allah qarşısında yalnız müstəqil bir fikir, sərbəstlik kimi qəbul etmişlər. Halbuki bu cümlədən ğafildirlər ki, peyğəmbər və imamlara mütəvəssül olmaq həqiqətdə elə Allaha mütəvəssül olmaqdır. Onlar hər bir əməllərinə Allahın rizası və izni ilə əncam verirlər.

“De! – Mən özüm üçün xeyir və ya şər etməyə qadir deyiləm” (Yunus surəsi.49-cu ayə.)

“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.” (Nisa surəsi.64-cü ayə.)

Nəhayət, bütün bunlara əlavə olaraq demək olar ki, “Təvəssül”, ruha ümid verən, ümidi artıran və ümidsizlik zamanında Allah ilə mənəvi rabitə yaradan, “Rizayət” (razılıq) təlimi verən və şəfaət edənlərlə bir rabitə yaratmaqdır.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button