Qurbağadan öyrəndiyim

shahveledŞahvələd Çobanoğlu

Çox-çox əvvəllər bir pritça hekayə oxumuşdum. Iki qurbağa barəsində idi. Amma bu balaca hekayə mənim həyatıma rəng qatdı…
Dərhal xatırladım ki, o zamanlar böyük uğursuzluq yaşamışdım. Gənc idim və mən riyaziyyatçı olmağa hazırlaşırdım. Lakin çox böyük iddialarıma rəğmən, ilk cəhddə sarsılmış və o yoldan çəkilmişdim. Həyat təcrübəmin azlığı rol oynadı bunda. Indi qətiyyən peşman deyiləm nəyəsə, amma həyatım yeni bir istiqamətə yol aldı. Mən həmin dövrdə durub-durub olduqca yekə işə girişdim, riyaziyyatın həll edilməmiş yedi problemindən biri olan Riman hipotezini həll etməyə cəhd etdim (onlardan biri həll edilib artıq). Bernxard Riman problemi sadə ədədlərlə bağlı bir məsələdir, amma heç də sadə məsələ deyil. Hələ də həlli yoxdur…
Mən öz həllimi məşhur bir alimə yolladım. Aylarla cavab gözlədim həyəcanla, boğazımdan yemək və su da getmirdi. Nəhayət dünyaca məşhur alim mənə çox sadə bir cavab yazdı: həllim alınmayıb. Əlbəttə, izahını da yollamışdı. Mən isə qərar verdim ki, məndən riyaziyyatçı olmaz.  Heç vaxt bu haqda var-gəl etmədim, arxaya baxmadım, ailəm, müəllimlərim, dostlarım həyəcan və təəccüblə sual verəndə gülüb üstündən keçdim. Düşündüm ki, başqa cür ola bilməzdi. Yalnız bu cür qərara verilməli idi.
Lakin bir gün yuxarıda dediyim iki qurbağa əhvalatını oxudum və dərindən fikrə getdim…
Hekayə belədir. Iki qurbağa südlə dolu dərin bir qaba düşmüşdü. Ha çalışırdılar, çıxa bilmirdilər. Qurbağalardan birincisi çarpışıb-çarpışıb bir müddət sonra taleyə təslim oldu, qabın dibinə endi.  O biri dayanmadı, çabaladı-çabaladı və xeyli sonra, lap yorulduğu anda özünə dayaq tapdı. O qədər atlanıb-düşmüşdü, qabdakı südü o qədər çalxalamışdı ki, süddən yağ alınmışdı. Ikinci qurbağa həmin yağa dayaqlanıb rahatladı, nəfəs aldı və tullanıb qabdan çıxdı.
O zaman anladım ki, mən Rimman problemindəki cəhdimdə dayanıb, qabın dibinə düşməyə də bilərdim. Çalxalayıb-çalxalayıb bir gün yağ yaradıb, sonrada tullanıb ümmana baş vura bilərdim. Yenə peşman olmadım. Amma dərs oldu bu mənə və o qurbağanı həyat üçün modellərdən biri kimi gördüm.
Bəzən necə bitəcəyini bilmədiyimiz işlərə baş vururuq. Rasional olaraq qəti plan da tuta bilmirik. Necə olacağını tamamilə görmək olmur. Nə qədər ağıllı yanaşsan da, sonucu qismən görmək olur. Sadəcə ümid etmək olur və ya istəyin olur. Eynən bizim ictimai mübarizə kimi. Heç bir dəqiq plan, heç bir strategiya, yol xəritəsi nəticələri əvvəlcədən tam görməyə imkan vermir. Plan da, strategiya da, hesab-kitab da, yol xəritəsi də gərəklidir. Amma nəticəni  əvvəlcədən dəqiq olaraq deyə bilmirsən. Ictimai mübarizəmiz uzun illərdir bu cür davam edir. Həmin zamanlarda mən ikinci qurbağanın uğuruna bel bağlayıram. Deyirəm ki, biz yaxşı çalışsaq, biz ürəklə çarpışsaq, bizə istinad və dayaq olacaq yağ hökmən ortaya çıxacaq. Hökmən. Mən bunu inanıram.
Gülməyin, amma bütün planların, bütün strategiya sənədlərinin üzərinə həmin hekayəni – gözləmədiyi halda yağa və onun timsalında dayağa rast gələn qurbağanın hekayəsini “yazmaq lazımdır”.  Təbii ki, hərfi mənada yox! Sənədlərdə belə şeylər yazılmaz. Amma ürəklərə yazmaq olar bunu.
Dürüstlüklə və aramla çalışmaq həmişə nəticə verir. Əvvəla, dürüst yaşamaq və aramla çalışa bilmək özü də bir nəticədir. Ən azı bu işi davam etdirəcək başqalarına bir dürüstlük və çalışqanlıq örnəyi qoyur. Amma nəticə bununla da bitmir. Zəhmətin heç vaxt itmir!
…Bu yazını indi məhkəmələri gedən gənc NIDA-çılara – ÿRəşadət Axundov, Rəşad Həsənli, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Ilkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzluya, mübariz insanlara Tofiq Yaqubluya, Ilqar Məmmədova, Yadigar  Sadıqlıya, Qurban Məmmədova, həbsxanada olan Əvəz Zeynallıya və digər vicdan məhbuslarına məktub kimi yazdım. Yoxsa şəxsi həyata bağlı olduğu üçün yazmaq çətin olardı.

Azadlıq qəzeti, 06.12.2013

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button