Qusulası yediklərimiz

Sakit Orduxanlı
«Xural»ın Cənub Bürosunun rəhbəri

Nə yeyirik, nə içirik?!

Son 2-3 il ərzində nəinki Cəlilabadda, hətta cənub zonasında ən böyük alver məkanı sayılan «Təbriz bazarı»nda bircə dəfə də olmamışdım. Çünki bazar və ümumiyyətlə bazarlıq mənlik deyil.

Bu günlərdəsə məcburən, xanımımın «ədə, kitaylılar yaxşı, həm də ucuz kurtka gətiriblər, get birini al» deməsindən sonra yolumu oradan saldım. Amma kaş salmayaydım. Bazarın – bazarda yenidənqurma işlərinin getməsinə baxmayaraq «bazara» çevrilməsi heç ürəyimcə olmadı və jurnalist kimi yox, təğyiri-libas olub alıcı kimi «bazarlığa» başladım. İlk olaraq yolumu ərzaq bazarından saldım və gördüklərimdən dəhşətə gəldim. Burada hər bir satıcının dükanı olmasına baxmayaraq, satdıqları daha çox alıcı, tanış cəlb etmək məqsədilə bayıra çıxarılır, qənddən tutmuş şirniyyatlara qədər satılan heç bir malın üstü heç olmasa tənziflə örtülmür. Bir çox dükanlarda qənd, şəkər tozu, şirniyyat xlorla yanaşı qoyulur və satıcı, alıcı üçün bunun hansı fəsadlar törətdiyinin fərqinə varmır və təbii ki, maariflənməyən alıcı da sadaladıqlarıma iradını bildirmədən alır. Hələ bu azmış kimi, əhaliyə kərə yağı adıyla sırınan yağlar bir tərəfi açıq şəkildə saxlanılır və maşınların təkəri, insanların ayaqlarından çıxan toz onun üzərinə qonur.

Mən bazarda olarkən, adının hallanmamasını istəyən, bazarla əlaqəsi olan bir nəfərdən kərə yağları və «Teksun» yağı barədə gülməli, əslində istehlakçının səhhəti üçün ağlamalı bilgilər aldım. Sən demə, həmən yağlar əslində təmiz kərə yağı deyil və çox halda həmən yağlar kq-lara bölünməklə orta hissəsinə marqarıin və «Sana» yağları yeridilir və əhaliyə kərə yağı adıyla satılır və hətta bir çox allahsızlar salafanları əridib yağın üzünə çəkirlər ki, yağ öz bərkliyini saxlasın. Həmin şəxsin cibimə görə elə mənim də istifadəçisi olduğum «Teksun» yağları barədə dediyi məni lap dəhşətə gətirdi. Ki, bəzən neft, rezin iyi verən bu yağdan yemək bişirməklə yanaşı, maşının kuzovuna, banına yapışmış qırı təmizləmək, toyuq-cücəyə düşmüş bit-birəni öldürmək (!!!) olur. Bu yağların tərkibinin hansı kimyəvi maddələrdən ibarət olmasını bilməsəm də, onu yaxşı bilirəm ki, «Teksun» yağları həqiqətən də guya hazırlandığı bitkilərdən başqa hər şeyin dadını-tamını və iyini verir. Təkcə yağlardımı qatqılarıyla onsuz da «priboy» olan səhhətimizə ziyan vuran?! Təbii ki, yox!

Vaxtilə öz şəxsi dəyirmanı olan bir şəxsin dediyinə görə, yediyimiz çörəyin çörək iyi verməməsinə və doyumlu-durumlu olmamasına nə təndir, nə də təndirçi yox, əslində, dəyirmançı günahkardır. Ki, o, sortlara bölünmüş taxıldan əla növ un almağı «bacarır». Həmən şəxsin söylədiyinə görə birincisi, unluğa tökülmüş taxıla hansısa kimyəvi maddə qatılır və nəinki aşağı sortlu buğdadan, hətta xəstə, qaracalı buğdadan əla növ un alınır, ikincisi isə, un tozu adlanan və əslində istifadəsi nəzərdə tutulmayan qalıqlar da yığılıb una qatılır, nəticədə isə xəmir keyfiyyətsiz olur, kündə təndirdə qalmır. Marketlərdə satılan və dieta üçün nəzərdə tutulan «qara çörək»lər isə, əslində qara undan hazırlanmır və xəmir yoğrulan zaman ona boyaq maddəsi əlavə olunur. Bax, bunu da mən yox, müsahibim olan həmin dəyirmançı dedi.

Başqa bir qida məhsulunun, daha doğrusu, ətin satıldığı yerlərdə vəziyyət lap qusmalıdır desəm, inanın. İstər bazarda, istərsə yol boyunca ət satılan məkanlarda «alıcılıq» edərkən düşündüm ki, biz belə ətləri yeməkdənsə, öz ətimizi yesək yaxşıdır və de-demə, onsuz da belədir.
İlk öncə onu qeyd edim ki, qusmalı vəziyyətin birincisi odur ki, xırda və ya iribuynuzlu mal kəsiləndən sonra onun başı, ayaqları, qarnı və qanı saatlarla dükandan kənara, daha doğrusu, səkilərə yaxın «piştaxta»ya qoyulub öz alıcısını gözləyir. Alıcı gələnə kimi həmən «ləvazimatlar» yolun tozunu, günün istisini qəbul etməklə yanaşı, milçəkdən və digər mikrobgəzdirici həşəratlardan «sığortalanmır». Və təbii ki, həmən mikrobgəzdiricilər üzərinə tənzif örtülməyən ət parçalarının üstünə qonur. Dükanın yerinə atılmış ət, sümük qırıntıları, divarlara hopmuş, qan, ət ləkələri günlərlə təmizlənmir, ət kötüyünün üstü, ətçəkən maşınlar kirli, mikroblu tənziflə silinib «təmizlənir». Hətta bəzən inək, camış kəsilir və alıcını inandırmaq üçün günlər öncəsi kəsilmiş erkəyin xayaları həmən ətlərin üzərinə sözün əsl mənasında tikilir.

Ən maraqlısı odur ki, bütün bunlar dili qəssabların yanında gödək olan rayon Baytarlıq İdarəsinin baytarlarının gözü qarşısında baş verir…
Sonda isə güc «doğana» – alıcıya düşür və birbaşa yönəldilirik apteklərə… Satıcısı tibb təhsili olmayanlardan (bəzilərində məktəbli uşaq) aldığımız dərmanlara görə bizə hansısa sənəd təqdim etməyən apteklərə (Bu barədə sonrakı yazılarımda).

İ.S. Yaşı 80-ni haqlamasına baxmayaraq, eynəksiz yazıb-oxuyan, dişlərinin 27-si yerində olan, ömrünün sonuna qədər bir həb belə qəbul etməyən Mirhüseynəli kişidən bunların sirrini öyrənəndə: «Mənim mayam əsl nehrə yağından, sizlərinki isə «Teksun»dan tutulub» demişdi…

Hə, az qala unutmuşdum. Kurtkanı almağına aldım. Amma Allah şahidim şair İmana lənət eləsin. Ki, bütün Azərbaycan əynimdəki kurtkanın 20 manata olduğunu bilir.

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

  1. salam saytiniz bu yaxinlarda açılmasına baxmayaraq tez-tez girib oxuyuram feremez novruzoqlunun en cox oxunan yazilar haqda meqalesini oxudum xosuma geldi esl qezet meqalesi bele olar evez muellimin de dovlet ustumuze gelir yazisi maraq doqurdu doqrudan da esl turkler turkculer boqulur mehv etmeye calisirlar
    sakit bu yazin ise hec xosuma gelmedi incime ve saytin admininden de xahis edirem meni serhimi silmeyin qoyun qalsin yoxsa soz verirem bir de sizin saytiniza girmerem bu mene menevi cehetden ne qeder cetin olsa da
    sakit bala senin ne yazdigindan ozunun bele xeberin yoxdur sadece yuxulu yuxulu qelemi almisan eline agzina geleni qaralamisan yazinda ne mentiq var ne mena var ne de duz emelli bir cavab var bosh bosh sheylerle sayti doldurma xahis eleyirem

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button