Rəisinin ölümü hakimiyyət mübarizəsi ilə bağlı ola bilər – Media

Türkiyənin “Hürriyet” qəzeti yazır ki, İran prezidenti İbrahim Rəisinin ölümü ölkədə hakimiyyət uğrunda gedən daxili mübarizə ilə bağlı ola bilər.

Mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb.

Nəşr qeyd edir ki, hazırkı ali lider Əli Xameneinin yaşının çox olması ilə əlaqədar İranda dini rəhbərlikdə hakimiyyət uğrunda mübarizə gedir.

“Rəisi dini lideri seçəcək nümayəndə heyətinin tərkibində idi və dini lider postuna ən güclü namizədlərdən biri idi. Lakin dini liderin ətrafına toplaşan qrup bu vəzifədə Əli Xameneinin oğlu Müctəba Xameneini görmək istəyir”, – qəzet yazır.

“Helikopter qəzası məsələsində diqqət Rəisi üzərindədir, lakin xarici işlər naziri Hüseyn Abdullahian İran rejiminin mühüm fiqurlarından sayılırdı. O, Rəisidən sonra prezidentliyə namizədlərdən biri idi. Əgər ona qarşı sui-qəsd olubsa, bu, bir daşla iki quş vurmaq deməkdir”, – qəzet vurğulayır.

“Hürriyet” İran prezidentinə nə üçün kifayət qədər avadanlığı olmayan helikopter ayrıldığına da diqqət çəkir. “Əksinə, prezidentə ən yaxşı təchiz olunmuş helikopterlər ayrılmalı idi. Hava şəraiti helikopterlərin uçuşu üçün təhlükəli idisə, prezidenti niyə ora apardılar?”, – hökumət dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi sual edir.

Onun sözlərinə görə, hərbi və mülki təyyarələrdə, xüsusən də özəl helikopterlərdə quraşdırılan ELT cihazı nəinki havada hərəkəti izləməyə imkan verir, həm də hava limanlarında eniş və uçuş zamanı məcburidir: “Peyk izləməni təmin edən ELT cihazı hətta gəmilərdə də var. Yeganə istisna odur ki, pilotlar xüsusi xidmətlərin istifadə etdiyi təyyarələrdə məxfi tapşırıqları yerinə yetirərkən yaxalanmamaq üçün onu söndürə bilər. Bəs niyə o, prezidenti aparan helikopterdə yox idi? Prezident həqiqətənmi ELT cihazı olmayan bir helikopterdə daşınıb?”.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button