Rəsmi Yerevan Lavrovun çıxışını “qərəzli” və “hörmətsizlik” sayır

Yayımlandı: 21 Avqust 2024 14:04

Badalyan deyir ki, bu bəyanatlar Rusiyanın sülh prosesində konstruktiv iştirakını şübhə altına alır

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Sünik bölgəsində kommunikasiyaların bloklanmasına dair razılaşmanı sabotaj edən Ermənistandır” bəyanatından təəssüflənir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli medianın sualına cavabında deyib.

Badalyanın fikrincə, uzun müddətdir ki, Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif rəsmiləri Ermənistanla bağlı həqiqətəuyğun olmayan, açıq-aşkar qərəzli, çox vaxt hörmətsiz şərhlər veriblər:

Biz də uzun müddətdir ki, onlara cavab vermirik. Bununla belə, Lavrovun avqustun 20-dəki bəyanatı nəinki açıq-aşkar təəssüf hissi doğurur və Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakını şübhə altına alır”.

Vaxtilə vasitəçi rolunu üzərinə götürən, 9 noyabr 2020-ci il tarixli Bəyanatı imzalayan və bunun əsasında sülhməramlı qüvvələrini regiona yerləşdirən ölkənin xarici işlər naziri görməməzlikdən gələ bilməz ki, bu məsələdə heç bir əsas məqam yoxdur. Rusiya xarici işlər naziri yaxşı bilir ki, açıq sənədlərdən başqa Ermənistan heç bir başqa sazişin tərəfi deyil və ona görə də onları sabotaj edə bilməz. Onu da vurğulamağı zəruri hesab edirik ki, Ermənistan hökumətinin təqdim etdiyi “Dünyanın kəsişməsi” layihəsi artıq beynəlxalq aləmdə geniş rəğbət qazanıb və bir neçə dəfə Rusiyanın rəsmilərinə də təqdim olunub. Bu layihə çərçivəsində regional kommunikasiyaların açılması sözün əsl mənasında istənilən vaxt baş verə bilər. Biz Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı qərəzli bəyanatlarla onun həyata keçirilməsini sabotaj etməməyə və Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini pozmamağa çağırırıq”, – deyə Badalyan əlavə edib.

Mətbuat katibi sonda vurğulayıb ki, Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiq edib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək.

Avqustun 19-da Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin “Birinci Kanalı”na bildirmişdi ki, Nikol Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir.

“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında Baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, – Lavrov belə deyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button