Rəsul Quliyevlə Etibar Məmmədov ittifaq qurdu

Londonda toplaşan siyasətçilər “Xilas planı” hazırlayıblar

Bir neçə gün öncə “Məmurların gizli London toplantısı” başlıqlı yazı dərc etmişdik. Aldığımız səhih məlumat əsasında həmin məqalədə qeyd etmişdik ki, ərəb inqilabları fonunda Azərbaycanda da müxalifətin fəallaşması, keçirilən etiraz aksiyaları bütövlükdə hakimiyyəti, onun ayrı-ayrı qanadlarında təmsil olunanları ciddi narahat edib. Buna görə də həmin qruplardan birinə daxil olan məmurlar ən azı özləri üçün “Xilas planı” hazırlayıblar.

Hakim komandanın bir sıra nüfuzlu üzvləri radikal dəyişikliklər olarsa, özlərini qorumaq, var-dövlətlərini xilas etmək, gələcək həyatlarını qarantiyalamaq, ən stratejidə isə yeni dəyişimlərdə baş rolları ala bilmək barədə düşünürlər.

Məqalədə həmçinin qeyd olunurdu ki, həmin şəxslərin fəaliyyət istiqamətlərinə hakimiyyətə alternativ qüvvələrlə təmas, Azərbaycandakı proseslərə təsir etmək qərarında və gücündə olan beynəlxalq birliklə müstəqil əlaqələr qurmaq, onları Azərbaycanda ciddi dəyişiklik istədiklərinə inandırmaq və digər bu kimi məsələlər daxildir.

Xəbərdə ən maraqlı məqam isə bu “Xilas planı”na bəzi sabiq məmurların, keçmiş məşhur deputatların cəlb olunması idi. Onu da yazmışdıq ki, bir müddət öncə bununla bağlı Londonda toplantı keçirilib və həmin görüşdə “Xilas planı”nın əsas müəllifləri olan bir neçə yüksək vəzifəli və nisbətən orta səviyyəli post tutan məmurlar, eləcə də sabiq deputat Rza İbadovla Sevil Əliyeva da qatılıblar. Hələ həmin vaxt belə bir məlumat da almışdıq ki, orada iki müxalifət nümayəndəsi də iştirak edib. Ancaq o zaman onların adlarını tam dəqiqləşdirə bilmədiyimizdən yazmamışdıq.

Dünən əldə etdiyimiz məlumata görə, həmin toplantıda müxalifət adı ilə iştirak edənlər eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə AMİP lideri Etibar Məmmədov olub.

London toplantısının təfərrüatları barədə mənbənin verdiyi yeni məlumatda bildirilir ki, Britaniya paytaxtında müzakirə edilən əsas məsələ hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, Azərbaycanda iqtidarı “başqa qüvvələrə” verməmək olub. Bizə çatan bilgilərə görə, hər hansı səbəbdən kənara atılmış, indiki prezident tərəfindən hakimiyyətdən, bəzi nümunələrdə isə ölkədən dışlanmış “köhnə qvardiya” təmsilşiləri, tanınmış “Heydər Əliyevçilər”, mərhim prezidentin bir sıra yaxın qohumları Londonda gizli ittifaq yaradıblar. Onların strateji məqsədləri ölkələrində inqilab, hər hansı ciddi dəyişiklik baş verəcəyi təqdirdə hakimiyyəti götürmək, paralel olaraq və bundan bir an əvvəl onun daxilindəki müəyyən ciddi klanları tərəfə çəkmək, müxalifət düşərgəsində də bir sıra təşkilatlarla təmas quraraq, prosesin avanqardına çevrilməkdir.

Məsələnin maraqlı və sensasion tərəfi də budur ki, London sammitində müzakirə olunan məsələlərdən biri də demokratik düşərgənin yeni parlayan ulduzu – İctimai Palata olub. Orada fikir səslənib ki, “London İttifaqı”nın bütün üzvləri ya tərəfdarlarını İP-ə salmalı, orada təşəbbüsü ələ alaraq, bu qurumu nəzarətə götürməli, ya da bunun əksini həyata keçirməlidirlər. Yekun qərar isə bunun əksinə olub: “İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn olan yerdə İP-i nəzarətə götürmək çətin məsələdir”. Nəticədə İP güclənəcək, hakimiyyəti götürəsi olsa isə “London İttifaqı” tamamilə kənarda qalacaq. Bu səbəbdən də İP-i gücləndirmək yox, bir növ rəqib olaraq, oranı zəiflətmək qərarı verilib. “London İttifaqı”nın üzvlərinə, xüsusilə də AMİP lideri Etibar Məmmədova tapşırılıb ki, adamlarını, təşkilatlarını (hansı ki, İP-ə təşkilati olaraq üzv olmaq məsələsi yoxdur – red.) oradan çəksinlər. Bundan sonra alternativ ittifaq – əsasən də naxçıvan və qərbi azərbaycanlı müxalifətçiləri, partiya və təşkilat liderlərinin də özündə birləşdirəcək hərəklat yaratmaq qərara alınıb.

Qeyd edək ki, AMİP-in faktiki lideri Etibar Məmmədov ölkəsinə qayıdandan az sonra AMİP daxilində proseslər başladı. Nəticədə təşkilat İP-də qalmaq məsələsini ümumi müzakirəyə çıxardı, səsvermədə cüzi üstünlüklə oradan (İP-dən) getməyi qərarlaşdırdı.

Lakin partiya içərisində bu siyasətə etiraz edənlər də var…

Bu prosesdən iqtidarın da xəbəri var və bizdəki bilgilərə görə, hakim düşərgə ciddi narahatçılıq da keçirir. İqtidara yaxın olan ekspertlərdən biri bunu belə izah edir ki, ənənvi müxalifətin güclənməsi, fəallıq etməsi və iddia göstərməsi adətən hakimiyyət komandasına “sementləyici” təsir göstərir; onlar hər şeyi itirmək qorxusu ilə bir-birilərinə daha sıx bağlanırlar. Lakin daxildən – özününkülərdən bu cür iddialar ortaya çıxanda düşərgə içində bölünmə, separatizm, qruplaşma halları müşahidə olunur. Bu səbəbdən də hakimiyyət özlərinə yaxın, ailə və saray daxili müxalifəti hər zaman amasızlıqla qarşılayıb, dərhal neytrallaşdırmağa çalışıb. Təsadüfi deyil ki, hakim ailənin və keçmiş “Heydər Əliyevçilərin” ən parlaq nümayəndələri bu gün Azərbaycandan kənarda yaşayırlar və onların demək olar ki, hamısının öz ölkəsinə giriş problemi var.

Bu baxımdan, tamamilə gözləniləndir ki, “London İttifaqı”nın Azərbaycandakı ayağı yaxın günlərdə sıradan çıxarılmaq təhlükəsini yaşayacaq. “Yeni Müsavat”ın müxbirində artıq bu məsələ ilə bağlı ilkin məlumat var. Əməliyyat deşifrə olunub və yaxın günlərdə tamamilə ciddi fiqurlar, iş adamları və bəzi dövlət vəzifəlilərinin yaxınları dövlət çevrilişinə cəhd ittihamı ilə məsuliyyətə cəlb oluna bilərlər.

Bütün bunlar da istənilən halda İctimai Palatanın mahiyyətini və mövcudluğunu daha da yüksəldəcək.

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button