Rəsulzadəni təhqir edən deputat danışdı: “Rəsulzadəni təhqir etməmişəm” – ŞOK ETİRAFLAR

img1704507

Naqif Həmzəyev: “Mən fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim; sadəcə susmağı və səbr etməyi üstün tuturam”; “Rəsulzadə tarixi şəxsiyyətdir…”

Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputat Naqif Həmzəyev bu gün parlamentdə jurnalistlər üçün brifinq keçirtdi. Ona verilən sualları təmkinlə qarşılamağa çalışsa da, deputat bir neçə dəfə hövsələdən çıxdı və “məni provokasiyaya çəkməyin” deyə, reaksiya verdi. “Yeni Müsaavat”ın əməkdaşının da iştirak etdiyi brifinqdəki sual-cavabları təqdim edirik:
Siz Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyinizə görə günahlandırılırsınız. Bu barədə nə deyə bilərsiniz? 
– Mən hər kəsin qarşısında bəyan edirəm ki, mənim tək və yeganə liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən demədiyim fikirlərə, etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. O cümlədən də Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatın çox təəssüf olsun ki, bəzi nümayəndələri jurnalistikanı biznes maraqlarına qurban veriblər (?-E.P.) və bu gün mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən də xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər.
Yəni siz Rəsulzadə haqqında təhqiramiz fikirləri səsləndirməmisiniz? 
 
– Mən Rəsulzadəni təhqir etməmişəm, etmək fikrim də yoxdur.
– Ancaq bununla bağlı audiomaterial var. Buna nə deyirsiniz? Həqiqətən təhqir etmədiyinizi bildirirsinizsə, məhkəməyə müraciət edə bilərdiniz…  
– Mən fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim. Ona görə də sadəcə susmağı və səbr etməyi üstün tuturam. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər. Son 4 ildə Gəncəyə gələn jurnalistləri şəxsən mən qarşılamışam və heç vaxt dilimdən təhqir çıxmayıb. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Xahiş edirəm bu kampaniyaya heç kəs qoşulmasın və dəstək verməsin.
– Elə isə Rəsulzadə sizinçün kimdir?
– Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir.
– Söhbət Rəsulzadədən gedir…
– Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir (?-E.P.) və onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır dövlətimiz tərəfindən. Lazım gələrsə, digər işlər də görüləcək. Millət vəkili nə heykəl qoymur, nə də bu məsələlər onun səlahiyyətlərinə daxil deyil.
– Amma Rəsulzadənin Gəncədəki büstünün başına torba keçirilməsindən sizin də xəbəriniz olub. Rəsulzadəyə münasibətiniz normal idisə, niyə bu barədə məsələ qaldırmadınız ötən aylarda? 
 
– Mən fikrimi dedim, mənim açıqlamam da kifayət edir. Xahiş edirəm siz də doğru, düzgün və tərəfsiz bu informasiyanı ictimaiyyətə çatdırasınız. Qeyri-rəsmi ortamda dəfələrlə xəbərdarlıq olunub ki, burada heç bir müsahibədən söhbət gedə bilməz. Çox təəssüf olsun ki, jurnalist etikasına sığmayaraq orda olan dialoq təhrif olunmuş formada ictimaiyyətə çatdırılıb. Mən yenə deyirəm, mənim tək və yeganə liderim var…
 – “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bildirib ki, onda səs yazısı var və siz orada Məhəmməd Əmin Rəsulzadəni təhqir etmisiniz…
– Mən heç vaxt heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur. Qısa və konkret.
– Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə sizi məhkəməyə verəcəyini bəyan edib…
– Məmnuniyyətlə. Məhkəməyə veriləcək və orda da cavabı veriləcək.
– Siz Gəncədə yaşayırsınız, indiyədək bir dəfə də olsa, Rəsulzadənin büstünü ziyarət etmisinizmi?
– Mənim tək bir liderim var, və mən ancaq o dahi şəxsin abidəsini mütəmadi olaraq ziyarət edirəm. Mənim birbaşa borcumdur ki, liderimə sadiq olum.
– Heydər Əliyev özü vaxtilə Rəsulzadənin məzarını ziyarət etmişdi, haqqında xoş sözlər demişdi…
 
– Xahiş edirəm provokasiyaya çəkməyin, çox xahiş edirəm.(?) Mənim demədiyim sözləri mənim adımdan ictimaiyyətə çatdırıblar.
-İntizam komitəsinin sədri Ağacan Abıyev deyib ki, sizinlə bağlı məsələ komitəyə çıxarılacaq…
 
– Yeni Azərbaycan Partiyası tərəfindən bu məsələ ilə bağlı açıqlama verilib. Orada göstərilib ki, bu prosedur necə olur.
– Sizin mandatdan məhrum edilməyinizlə bağlı imzatoplama kampaniyası keçirilir… 
 
-Xahiş edirəm provokasiyaya çəkməyin və qeyri-rəsmi həyata keçirilən proseslərlə bağlı mənim heç bir açıqlamam yoxdur.
-Sosial şəbəkələrdə bu barədə geniş bəhs olunub…
– Mən sosial şəbəkədən istifadə etmirəm  və ümumiyyətlə, orda gedən proseslərdən də xəbərim yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button