Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

04.02.2012

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəcək. Bu haqda  Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, baş nazir Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısında iştirak edəcək. Hazırda Şuranın iclasına hazırlıq üçün müvafiq sənədlər hazırlanır.

Bundan başqa, Azərbaycan prezidenti ilə keçiriləcək təkbətək görüşdə, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının perspektivləri, Fransa-Türkiyə münasibətləri və bir sıra məsələlər də müzakirə olunacaq.

Elxan Şahinoğlu: «Konstitusiya Məhkəməsinin qərarı açıqlanana qədər Fransa Türkiyə və Azərbaycanın kəskin mövqeyini bilməlidir»

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Azadlıq” qəzetinə verdiyi müsahibədə  bildirir ki, Strateji Əməkdaşlıq Şurasınını ilk toplantısı böyük gözləntilərdən sonra Izmirdə keçirilmişdi. Son toplantıdan 4 ay keçməsinə baxmayaraq Türkiyə və Azərbaycan rəhbərlərinin hələ də bir araya gəlmədiyini deyən E.Şahinoğlu vurğuladı ki, növbəti görüşün keçirilməsini Fransa ilə bağlı məsələlər sürətləndirir. Bundan başqa, Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən uzaqlaşdırılmasının da gündəmdə olduğunu söyləyən ekspert bildirdi ki, rəsmi Ankara Azərbaycandan qəti addımların atılmasını, dövlət başçısı səviyyəsində reaksiya verilməsini də tələb etməkdədir: “Türkiyədən açıq mesajlar gəlir ki, hazırkı vəziyyətdə Fransa həmsədrliyini əvvəlkitək davam etdirə bilməz. Deməli, Türkiyə ilə Azərbaycan rəhbərliyinin bir araya gəlməsini və baş verənləri müzakirə etməsinə zərurət var. Bunun üçünsə ən gözəl meydan Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Şurasıdır”.

Türkiyə səfirinin Ərdoğanın Bakıya səfər edəcəyi barədə məlumat verməsini də rəsmi Bakıya bir mesaj kimi dəyərləndirən E.Şahinoğlu vurğuladı ki, bu bir daha Türkiyənin Azərbaycanın sərgilədiyi mövqedən razı qalmadığını nümayiş etdirir. Bu baxımdan yaxın həftələrdə Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilə biləcəyini düşünən E.Şahinoğlu hesab edir ki, Türkiyə və Azərbaycan rəhbərlərinin bir araya gəlməsi Fransa Konstitusiya Məhkəməsinin qərarı açıqlanmadan olmalıdır: “Çünki bu qərar açıqlanana qədər Fransa ictimaiyyəti və hakimiyyəti Türkiyə və Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu bilməlidir. Çünki Konstitusiya Məhkəməsinin bu qanunu rədd edəcəyi təqdirdə belə, Sarkozi bəyan edib ki, bir daha qanunverici təşəbbüslə çıxış edəcək. Ona görə Konstitusiya Məhkəməsinin qərarını gözləmədən toplaşmaq lazımdır”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button