Rədd olsun TRT-dəki ermənipərəst qüvvələr!

TRT-də Xocalı soyqırımı günü erməni dostluğu sərgiləndi…

Türkiyənin TRT kanalında türk və erməni dostluğuna həsr edilmiş proqramla bağlı Çexiyada səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin sədri və Milli QHT Forumunun prezidenti birgə etiraz bəyanatı imzalayıb.
Bəyanatda deyilir:

“Biz Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu (MQF) olaraq Avropanın mərkəzi ölkələrində son bir neçə gün ərzində Xocalı Soyqırımının 19-cu ildönümü ilə bağlı Azərbaycan və türk diasporları iki qardaş ölkənin bayraqları altında silsilə tədbirlər keçirərkən qardaş Türkiyədən aldığımız bir xəbərdən olduqca sarsıldıq.

Aldığımız məlumatlara görə, Türkiyənin ən aparıcı telekanallarından biri olan TRT kanalının əməkdaşı Midhat Bərəkətin rəhbərliyi və Qars valiliyinin dəstəyi ilə hazırlanmış “Pusula” proqramı dünən efirə çıxmış və bu proqram bütünlükdə türk və erməni dostluğuna həsr edilmişdir.

Biz BDM ve MQF olaraq belə bir verilişin məhz Xocalı Soyqırımının ildönümü ərəfəsində efirdə getməsini ilk növbədə təxribat, bütünlükdə isə Türkiyə-Azərbaycan münasibətlərinə xəyanət hesab edirik və bu aktı qətiyyətlə pisləyirik. Belə bir həssas zamanda Türkiyənin və Ermənistanın biznes strukturlarının və vətəndaş cəmiyyətlərinin qarşılıqlı münasibətlər və planlar qurmasını fiasko hesab edirik. Eləcə də bu proqramda erməni geyimli xalq çalğı alətləri ansamblının ifasında qədim Azərbaycan musiqisi “Sarı gəlin” mahnısının ifası ən azı biabırçılıq və naşılıqdır. Azərbaycanın və Tükiyənin son dövrlərdə qarşılıqlı münasibətlərinin yüksəldiyi, hərtərəfli əlaqələrin ali zirvəyə çatdığı məqamda TRT kanalının, bəzi ermənipərəst qüvvələrin xəyanətkar fəaliyyət göstərməsinin mənəvi və hüquqi əsası yoxdur.

Biz bütünlükdə Türk Dünyasına nifaq və ayrılıq toxumu səpməyə çalışan düşmənlərimizi tanımalı və xırda, cılız üsullara əl atanları vaxtında, məqamında ifşa etməli, onların bəd əməllərinin reallaşmasına heç cür imkan verməməliyik.

Azərbaycan və Türkiyə münasibətlərinin yüksələn xəttlə inkişafına xidmət etmək, bu istiqamətdə bizləri bir-birimizə bağlayan telləri daha da möhkəmləndirmək naminə hər cür bəd əməlləri dəf etməyə hazır olmalıyıq.”

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button