Rəsmi Bakıdan həyəcanlı açıqlama: “Azərbaycanla ultimatum dilində danışırlar”

“Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyası tərəfindən sentyabrn 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı açıqlanan ilkin rəyə münasibət açıqlayarkən deyib.
Bizimyol.info xəbər verir ki, keçirdiyi mətbuat konfransında Ş.Əliyev deyib ki, Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlıq edib. “Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulmuşdu. Bəzən bir-birimizlə razılaşmasaq da bir-birimizin fikirlərinə, rəylərinə hörmətlə yanaşırıq. Xatirlamıram ki, Komissiya hər hansı bir məsələ ilə bağlı üç aydan tez bu və ya digər rəyə gəlsin. Adətən prosedura əsasən, bizimlə bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanaraq elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilirdi. Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilirdi. Bundan sonra həmin rəy dərc edilirdi. Lakin naməlum səbəblərdən referendumla bağlı rəy hazırlanarkən bütün bu prosedur qaydaları kobud şəkildə pozulub. Komissiyanın bu rəyi AŞPA sədrinin sorğusu əsasında hazırlanıb. Bu sorğu Venesiya Komissiyasına sentyabrın 6-da təqdim olunub. Cəmi iki həftədən sonra Azərbaycan tərəfinin dinlənilmə hüququ əlindən alınaraq Komissiyanın rəsmi saytında dərc olunub. Rəydə qeyd edilir ki, Konstitusiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay kifayət deyil. Lakin necə olur ki, iki həftə müddətində həmin 29 düzəlişə dair rəyin hazırlanması mümkün olur?!”
Ş.Əliyev onu da bildirib ki, rəydə kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir: “Məsələn, rəyin 25-ci bəndində Konstitusiyanın 159-cu maddəsinə istinad edilir, ancaq Konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur”.
“Hər ay dəyişən iqtisadi vəziyyətdə Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib”
PA rəsmisinin sözlərinə görə Venessiya Komissiyasının rəyində əsas narazılıq icra hakimiyyəti strukturunda dəyişikliklərlə bağlıdır. “Referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutuna münasibətləri budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir. Amma heç kim də bunu qeyri-demokratik adlandırmır”.
Ş.Əliyev qeyd edib ki, burada söhbət prezident səlahiyyətlərinin artırılmasından deyil, islahatların genişləndirilməsindən gedir. “Nazirlər Kabinetinin ölkədə islahatların lokomotivinə çevrilə bilmədiyi barədə mətbuatda tənqidlərə rast gəlirik. Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir”.
“Parlamentin fəaliyyətində də “pat situasiyası” yarana bilər”
PA rəsmisi onu bildirib ki, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi nəzərdə tutulan 95-ci maddəyə təklif olunan dəyişiklikdir. “Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də, şahmat dili ilə desək, “pat situasiyası” yarana bilər. Çünki kollegiyal orqandır və qərarlar səsvermə ilə keçirilir. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Təəssüf ki, Venessiya Komissiyası rəy hazırlayarkən bu məsələlərlə bağlı xarici ölkələrin təcrübəsinə nəzər yetirməyib. Məsələn, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər. Tələb kimi yalnız o qoyulur ki, buraxmazdan əvvəl senatın rəhbəri ilə məsləhətləşmələr aparılmalıdır. Ancaq bu məsləhətləşmənin nəticəsi nəzərə alınırmı, bu barədə heç bir müddəa yoxdur. Bizim layihədə isə bütün hallar sadalanır və Konstitusiyanın müvafiq maddələrinə istinad edilir”.
“Hər 5 ilin 3 ilini Azərbaycan “seçki qızıdrması” yaşayır”
Şahin Əliyevin sözlərinə görə, rəydə olan digər irad prezidentlik səlahiyyətinin 5 ildən 7 ilə artırılması ilə bağlıdır. O, qeyd edib ki, bu təcrübə İsrail, İslandiya və bir çox ölkələrdə var. “Bəzi ölkələrdə 6 illik müddət də var. Fransada 2000-ci ilədək prezidentlik müddəti 7 il olub. Prezident Jak Jirakın təklifi ilə bu müdət 5 ilə endirilib. Ancaq heç nə ilə əsaslandırılmayıb. Sadəcə bir cümləlik izah var ki, 7 ildən 5 ilə endirilməsini məqsədəmüvafiq hesab edirik. Bizdə isə dəyişikliyin konkret səbəbləri var. Parlament və prezident 5 illik seçildiyinə görə, qanunverici hakimiyyətlə icraedici orqanın mandat müddətinin üst-üstə düşməsini dəyişirik. Həmçinin hər 5 ilin 3 ilini Azərbaycan “seçki qızdırması” yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır”.
Komissiyanın rəyində prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsi ilə bağlı irada münasibət bildirən Ş.Əliyev deyib: “Prezidentin özünəinam votumu ilə bağlı səlahiyyəti olmalıdır və bu, normal haldır”.
“Söhbət Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verilməsindən getmir”
PA rəsmisi çıxışının sonunda vurğulayıb ki, Venesiya Komissiyasının rəyini oxuyan hər kəsdə bunun siyasi sifariş olması rəyi yaranır.
Bizimyol.info əməkdaşının sifarişin kim tərəfindən verilməsi ilə bağlı sualına cavab olaraq Ş.Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyası çoxtərkibli qurumdur. “”Orada müxtəlif ölkələrin deputatları təmsil edilir. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır”.
O, əlavə edib ki, Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar Azərbaycan tərəfi ilə ümumiyyətlə əlaqə saxlamayıb. “Nə rəsmi müraciət, nə də zəng olub. Azərbaycanla ultimatum dilində danışırlar.”
Ş.Əliyev Azərbaycan tərəfinin Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib: “Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq. Söhbət Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verilməsindən getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Vitse-prezidentlər adı katiblər də ola bilərdi. Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Komissiyaya göndərməyə ehtiyac yox idi” – deyə, Ş.Əliyev bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button