Rəsul Quliyev: “Azərbaycanın böhranlı dövrü hələ qabaqdadır”

Rəsul_Quliyev

Eks-spiker Rəsul Quliyevin “Xural” qəzetinə müsahibəsini təqdim edirik:

– Salam, Rəsul müəllim. Azərbaycanda hər kəs siyasi məhbusların azad olunacağını gözləyirdi. Bu gözləntinin başlıca səbəblərindən biri də ABŞ-ın Azərbaycana qarşı tətbiq edəcəyi sanksiyaların çərçivəsini daraltmaq ümidilə bağlı idi. Amma nədənsə bu gözləntilər özünü doğrultmadı. Səbəbi nəylə izah edərdiniz?

 – Normal məntiqə söykənmiş heç bir şəxs belə bir addımın atılmasının səbəbini izah edə bilməz. Söhbət təkcə ABŞ Konqresinin tətbiq edə biləcəyi sanksiyalardan da getmir. Hər kəs, o cümlədən siyasi iradə sahibləri çox yaxşı bilir ki, siyasi dustaqların heç biri heç bir cinayət törətməyib. Bu həbslər daha çox şəxsi intiqam xarakterlidir. İnsan həyatında bir dəfə özündə güc tapıb intiqam, qisasçılıq hissindən qurtulmağa çalışmalıdır, yoxsa bu hisslər onu daxildən həmişə gəmirəcək. Əsasən xalq üçün yox, hökumət üzvləri, onların ailələrinə təhlükə yaradacağı gözlənilən ABŞ konqresinin sanksiyalarının qapının astanasında dayandığı bir vaxtda günahsız dustaqların hamısını əfv etməklə, həm sanksiyaları zəiflətmək, həm də qisasçılıq hislərindən xilas olmaq olardı. Ancaq bu fürsətdən istifadə edilmədi.

– Maraqlıdır, hakimiyyət niyə sanksiyalara bu qədər biganə yanaşır? Axı bu sanksiyalar xalqın onsuz da çətin olan iqtisadi vəziyyətini daha da pisləşdirəcək? Hətta bəzi ekspertlər bunun sosial partlayışa çevrilə biləcəyini güman edirlər. Hakimiyyət isə sanki heç nədən çəkinmir…

– Azərbaycan xalqı müti xalqdır. Hər kəs mütiliyinin bir izahını kəşf edib ‘’mən tək başına nə edə bilərəm’’ təskinliyinə söykənərək evində oturub bir tikə çörəyini yeyir, çayını içir. Onu niyə özündən qat-qat bacarıqsız, ağılsız birisi filankəsin qohumu olduğuna və ya rüşvət yediyinə görə yağ-bal içində yaşadığı narahat etsə də, daxilən razılaşıb “elə belə də olmalıdır”, deyə düşünür. Doğrudanmı, hökumət xalqın bugünkü durumu kardinal ağırlaşsa da, səsini çıxarmayacağına, çay və çörəyin əvəzinə evində oturub su içəcəyinə, onlar da istədiklərini edəcəklərinə inanırlar? Əgər belə düşünürlərsə, bu, bağışlanmaz səhvdir. Ölkədə başlanan birinci xaos bunun belə olmadığını sübut edəcək. Xalqın mütilik imicini dözümsüzlük imici əvəz edəcək və onları sarsıdacaq. ABŞ konqresinin sanksiyalarının yandırdığı qazanda bugünkü hakimiyyətdə olanlar və ailə üzvləri aldıqları rüşvətlər, yaratdıqları qara bizneslərdən gələn pullar hamısı eyni hüquqla yanacaq. Ona görə hələ vaxt var. Papaqlarını qarşılarına qoyub fikirləşsinlər. Siyasi məhbusların hamısını təcili azad etsinlər.

– Hakimiyyət islahatlardan niyə bu qədər çəkinir?

– Hakimiyyət islahatlardan çəkinmir, sadəcə olaraq ya islahatların mahiyyətini anlamır, ya da  anladığına görə heç o barədə düşünmək istəmir. O da mümkündür ki, indiki şəraitdə islahatlara haradan və necə başlayacağını müəyyənləşdirə bilmir. Məsələn, iqtisadi islahatlara başlamaq üçün hakimiyyət istehsal və ticarət obyektlərinin rahat işləməsi üçün onlar üzərindəki nəzarətini tamamilə ortadan qaldırmalıdır. Biznesin hökumətdən asılılığını minumuma çatdırmalı, yəni istənilən bizneslə məşğul olan şəxs heç kimdən asılı olmadan iş yerini açmalı və maniəsiz fəaliyyətə başlamalıdır. Görünür, hökumət bu addımın necə atılacağını anlaya bilmir. Məncə, ilk fəaliyyətə də iqtisadiyyata nəzarətin minimallaşdırmaqdan başlamaq lazımdır. İqtisadiyyatda hakimiyyətin nəzarəti minimuma endirilsə, bu sahədə indiki dərəbəyliyə son qoyular, iqtisadi qanunlar hökmran olar. Artıq meydana qohum-əqrəba, rüşvət verənlər yox, ağıllı fərasətlilər çıxar. İnsanlar bugünkü mütilikdən qurtular, ölkə istər-istəməz demokratikləşər. İkincisi, siyasi islahat olaraq, parlament seçkilərinin nəticələri ləğv edilməli və yenidən beynəlxalq təşkilatların maksimum iştirakı ilə düzgün seçkilər keçirilməlidir. Üçüncüsü, müstəqil məhkəmə sistemi yaradılmalıdır. Kənd, qəsəbə idarələrindən tutmuş icra başçıları, məktəb və institut direktorları, o cümlədən zavod və fabrik direktorları seçkilər yolu ilə müəyyənləşdirilməlidir. Bunlar lazım olan islahatların heç 5 faizi də deyildir. Gerisini sadalamaq istəmirəm. Bu islahatların keçirilməsi ancaq və ancaq bu rejimin iflası ilə qurtara bilər. Yəni demokratik islahat və totalitar rejim antoqonist münasibətdədirlər. Və hökümətin heç vaxt heç bir islahata getməyəcəyi gün kimi aydındır.

– Bəzi hüquqşunaslar əfv və amnistiyaları bütün hallarda humanizm aktı hesab edirlər. Bu fikirlə razılaşmaq olarmı? Ən ağır cinayətkarları belə bağışlayan hakimiyyətin eyni qayğını siyasi məhbuslara çox görməsi humanizm adlandırıla bilərmi?

– Ağır cinayət törətməmiş insanların (birinci dəfə kiçik oğurluq edənlər, bilmədən və ya bilərəkdən vergidən yayınanlar, biznesdə qanun pozuntularına yol vermişlər və bu qəbildən olan bir çoxlarının) əfv edilib həbsdən azad edilmələri sözsüz humanist addımdır, ancaq onların 90 faizi məhkəmələrin qərarları ilə vaxtından əvvəl azad edilməlidirlər. Etdikləri tənqid, düşündükləri müxalif fikrə görə insanların həbs edilməsinin özü cinayət hesab edilməlidir və qeydsiz-şərtsiz əfv olunmalıdır. Azərbaycan kimi yüksək səviyyəli korrupsiya, rüşvət ölkəsində kimlərin və nə səbəbdən azad edilməsi böyük şübhə doğurur. O siyahını formalaşdıranların hansı prinsiplər əsasında işləməsi hamıya məlumdur. Ona görə də əfvin humanist addım olmağını qəbul etməklə, onun Azərbaycandakı şəklinin nə dərəcədə öz mahiyyətinə uyğun olduğunu demək çətindir.

– Sizcə, özünün iqtisadi və siyasi cəhətdən ən böhranlı dövrünü yaşayan Azərbaycan hakimiyyətinin inadkarlığı hansı nəticələr doğura bilər?

– Birincisi, Azərbaycanın böhranlı dövrü hələ qabaqdadır. Bu gün Azərbaycan qəbul etdiyi büdcə xərclərinin heç yarısını belə yerinə yetirmək imkanında deyil. Və sözsüz, valyuta ehtiyatları sürətini artıra-artıra azalmağa davam edəcəkdir. Nəticədə müəyyən bir müddətdən sonra büdcədən maaş alanların heç yarısının əmək haqqını verə bilməyəcək. Süni surətdə manat çap etməyə məcbur qalacaq və inflyasiya hər gün azı bir faiz qalxacaq. Belə bir vəziyyətə düşən ölkələri müvəqqəti olsa da, ya  varlı ölkələrin, ya da beynəlxalq təşkilatların (BVF) kreditləri xilas edir. Məsələn, Belarusiyanı RF-nın, Polşa, Ukrayna, Gürcüstan, Baltik ölkələrini isə Beynəlxalq Valyuta Fondunun kreditləri xilas etdi. Azərbaycan atdığı addımlarla özünü Qərb ölkələrindən ala biləcəyi kreditlərdən məhrum etdi. Rusiyanınsa bu gün heç özünü saxlamaq şansı yoxdur, əlavə 8 milyard dollar tapıb Azərbaycanı xilas edə bilməz.

– Azərbaycanın hazırda da devalvasiya ilə başı dərddədir. Hökumətin antidevalvasiya tədbirlərini necə qiymətləndirirsiniz?

– Mən ölkədə heç bir antidevalivasiya tədbiri görmürəm. Sovetlərlərin dağılmasından 24 il keçməsinə baxmayaraq, Azərbaycan özünü yenidən o sistemə qayıtmaq təhlükəsi qarşısında qoyub. Manatın məzənnəsini süni yolla saxlamaq üçün valyuta dəyişdirilməsi camaat üçün dayandırılacaq. 4-5 ay valyuta ancaq hökümətin seçdiyi müştərilər (onlar da xarici ticarətlə məşğul olanlar olacaqdır) üçün dəyişdirilləcəkdir. Artıq Türkiyə, Dubay və başqa şəhərlərə xırda alver etmək üçün gedənlərə valyuta dəyişdirilməyəcəkdir və ya dəyişilən valyutanın 30 faizini rüşvət vermək şərtilə dəyişiləcəkdir. Bir müddətdən sonra çatışmayan malları import etmək üçün hökümət təşkilat yaradacaq və ancaq o təşkilata valyuta veriləcək. Nəticə etibarilə korrupsiya və rüşvət daha da artacaq, satışa çıxarılan mallar tələbatdan az olduğu üçün qara bazar yaranacaq, (valyuta üçündə qara bazar yaranacaq) yenidən defisit mallar anlayışı gündəmə gələcək. Devalivasiyanı bir qədər zəiflətməyin yeganə yolu korrupsiya və rüşvəti heç olmazsa 2 dəfə azaltmaq olardı, ancaq bu işlə məşğul olmaq istəyi (şüar deməkdən başqa) hiss olunmur. Yenə də islahatlara getmək əvəzinə, hədə-qorxular səsləndirilir.

– Sizin də dediyiniz kimi, valyutadəyişdirmə məntəqələri və əksər banklar fəaliyyətini dayandırıb. Sahibkarlar bundan sonra xaricdən dollara aldıqları malları manata satacaqları təqdirdə əldə edilən kapitalı dəyişdirməkdə çətinlik çəkəcəklər. Bu hal ticarət dövriyyəsinə necə təsir göstərə bilər?

– Xaricdən alınan malları manata satıb sonradan valyutaya dəyişdirməkdə problem yaranarsa, sadəcə olaraq xaricdən heç kim mal alıb gətirmək riskini öz üzərinə götürə bilməz. Ancaq hakimiyyətə ən yaxınlar və ya özlərindən biri bu işlə məşğul olacaq. Yəni bu gün bir neçə seçilmişlərin əlində olan ticarət monopoliyası daha da təmərküzləşəcək.

– Necə fikirləşirsiniz, “üzən məzənnə”yə keçişimiz milli valyutamızın dəyərdən düşməsinin qarşısını alacaqmı? Yoxsa, ərimə prosesi yenə də davam edəcək?

– Real iqtisadiyyatı olmayan, yalnız təbii sərvətlərini satmaqla dolanan ölkələri heç bir maliyyə siyasəti xilas edə bilməz. Hökumət əsaslı iqtisadi islahatlara getməlidir. Əgər Mərkəzi Bank elan etdiyi kimi manatın məzənnəsini maliyyə qaydalarına uyğun, yəni daima dəyişən dəyərlə müəyyənləşdirsə, bugünkü məzənnəni saxlamaq üçün ayda ən azı 1 milyard dollar valyuta rezervindən götürməlidir. Bu işi görə bilməzsə, manat hər ay dəyərini 10 faiz itirməlidir, başqa sözlə, 4-5 aya 2 manat 1 dollar olmalıdır. Ancaq belə bir riskli işi görməkdənsə, hökümət keçmiş sovet sisteminə üstünlük verəcək.

– Bəs, bu ağır böhrandan necə çıxa bilərik? Ümumiyyətlə, hökumətə hansı addımları atmağı məsləhət görərdiniz?

– Bu vəziyyətdən çıxmağın real yolları var, ancaq onları sadalamaq fikirim yoxdur. Çünki mənim dediklərimə məhəl qoyan adam çətin tapıla Azərbaycanda. Ona görə də Don Kixotluq etməyə dəyməz.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button