Rəsul Quliyevin kitabından parçalar…

rəsul quliyev“ERMƏNİLƏR DÜŞDÜKLƏRİ ŞƏRAİTƏ ƏN TEZ UYĞUNLAŞAN TOPLUMDUR”

“İbrahimxəlil xan Qafqazdakı bütün xanlıqları Rusiyanın tərəfinə keçmək üçün dilə tuturdu”

“Yeni Müsavat” eks-spiker, ACP lideri Rəsul Quliyevin yeni – “QARABAĞ: Müqavimətsizlikdən doğan faciə” adlı kitabını dərc edir.

(əvvəli ötən saylarımızda)

O, bütün bunları düşünə-düşünə gözləyirdi. Çaydan bir-iki qurtum alandan sonra Yekaterina, nəhayət ki, başladı:
– Qrişa, mən səninlə yaxın illərdə Rusiyanın cənub sərhədlərində aparacağı siyasəti müzakirə etmək istəyirəm. Biz bu neçə ildə sərhədlərimizi xeyli genişləndirmişik. Baltik dənizinin ətrafındakı ölkələr, Finlandiya, Polşanın böyük bir hissəsi qərbdə, Azov və Qara dəniz, Krım da daxil olmaqla Ukraynanın cənubu artıq Rusiyanın torpaqlarıdır. Polşa tam bizdən asılı vəziyyətdədir. Avropa ölkələrində, xüsusilə dostumuz İngiltərədə bizim fəallığımızdan narazılıq artıb. Avropa ölkələrini, əsasən də İngiltərəni özümüzə düşmən etsək, tutduğumuz torpaqları itirməyimiz çox çəkməz. Biz özümüzü təmkinli aparmalıyıq və Avropaya göstərməliyik ki, rus aqressiyası qurtardı. Ancaq diqqətimizi Qafqaz regionuna, yəni İran torpaqlarına yönəltməliyik. Şərqdə kifayət qədər torpaqlarımız var, orada işimiz yoxdur. Hindistan ingilislərindir; Çinin tarixi isə göstərir ki, bu ölkədən qısa bir müddətdə nə isə qopara bilərsən, ancaq sonradan daha böyük itki ilə uduzacaqsan… Sən mənimlə razısan?
– Həmişəki kimi, Matuşka, – Potyomkin başını tərpətdi, – sənin ağlının sərhədləri çox genişdir. Ancaq Qafqaz problemli yerdir. Demək olar ki, Həştərxandan tutmuş, Sakit Okeana qədər yaşayanlar müsəlmanlardır və biz ruslara kafir kimi baxırlar…
Yekaterina:
– Knyaz, Qafqazın ən çox əhalisinin yaşadığı yerlərdə – Muğan, Şirvan, Qarabağ, Dərbənd, Gəncə və Talış adlandırılan zonalarda hələ Səfəvilər sülaləsinin vaxtından xanlıqlar adlandırılan kiçik, yarımmüstəqil dövlətlər yaradılıb. O mini-dövlətlərin xanları İranın təsiri altından çıxıb, müstəqil olmaq üçün istənilən razılaşmaya, satqınlığa gedərlər. Din onlar üçün keçilməz sədd deyil, – dedi.
– Düzdür, Matuşka, ancaq xanların satqınlığı orada yaşayan əhalinin bizə münasibətində elə bir dəyişiklik yaratmaz. O insanlar öz xanlarına daha çox nifrət edirlər, nəinki İrandan olan məmurlara. Bir faktı da unutmaq olmaz, onlar milliyətcə türk-tatarlardır. İranı da türklər idarə edir, – deyə, Potyomkin cavab verdi.
Yekaterina:
– İranı idarə edən indiki sülalə kürdlərdir, onların da türklərə münasibəti məlumdur.
Potyomkin:
– Matuşka, o sülalənin ömrü uzun çəkməz, bura İrandır. Əvvəl-axır, Səfəvilər dövründə hakimiyyətdə ən mühüm vəzifələrdə olan Qacarlar hakimiyyətə gələcək. Onlar da türkdürlər. Qacarlar olmasaydı, Nadir şah da hakimiyyətə gələ bilməzdi. Qacarlara düşmən olan Zəndilər sülaləsi uzun müddət hakimiyyətdə duruş gətirə bilməz…
Yekaterina dedi:
– O regionda xristianların sayı heç əhalinin 3 faizini təşkil etmir. Biz orada özünü müstəqil elan edən Kartli-Kaxetiya adlı kiçik bir ölkəni öz himayəmiz altına götürmüşük, ancaq onları heç Qafqazda tanıyan yoxdur. Biz də indi elə gücdə deyilik ki, ora qoşun göndərək. Gərək, hazırlaşaq. Ancaq Krım müharibəsi göstərdi ki, istənilən ölkəni tutmaq üçün onu içəridən laxlatmaq lazımdır. Gör, neçə il müharibə apardıq, ancaq nəticəsi olmadı. Sən deyəndə ki, Krım tatarlarını məğlub etməyin yolu orada yaşayan erməniləri həmin ərazidən çıxartmaqdadır, mən əlimi sənin alnına qoyub qızdırmalı olub-olmadığını yoxladım. Ancaq sən geri çəkilmədin, dediklərini əsaslandırdın. Həqiqətən, ermənilər düşdükləri şəraitə ən tez uyğunlaşmağı bacaran bir toplumdur. 2500 ildir ki, onlar gah İran şahı Kirin və onun sülaləsindən olan Daraların, gah da Makedoniyalı Aleksandrın vaxtında ya yunanların, ya da Roma sezarlarının tərəfinə keçiblər. Ərəb xilafəti dövründə 90 faiz erməni müsəlmançılığı qəbul etmişdi. Xilafət zəifləyən kimi, yenidən xristianlığa qayıtdılar. Osmanlı imperiyası dinə loyaldır, ona görə də ermənilər dinlərini dəyişməyiblər. Onlar xaraktercə gücə baş əyəndilər. Özlərindən zəiflərə qarşı isə həmişə çox amansız olurlar. Osmanlı imperiyası Krımda elitar, seçmə ordu yaratmışdı. Faktiki olaraq, 16 yaşından tutmuş 50 yaşına qədər, kişilərin hamısı əla döyüşçülər idilər. Onlar at oynadıb, qılınc çalmaqdan başqa, demək olar ki, heç nə bacarmırdılar. Az qala, atlarını belə yəhərləməyi bacarmayan Krım tatarları onlara xidmət edən ermənilərsiz nəinki vuruşa, heç uzun müddət rahat yaşaya da bilməzdilər. Ermənilər bizim onlara verdiyimiz vədləri qəbul edərək, Krımı tərk etdilər. Düzdür, Rostov ətrafında onlara vəd etdiyimiz cənnəti tapa bilməyib, geri qayıtmaq istədilər, ancaq daha gec idi. Ermənilərin xidmətindən mərhum olmuş Krım tatarları isə döyüşsüz təslim oldular… İndi həmin işıqlı beynini yenidən işlətməlisən, Qrişa!
– Matuşka, bildiyimə görə, o regionda hələ ermənilər yaşamır, ya da sayları çox azdır, – deyə, Potyomkin astaca dilləndi.
– Elədir, knyaz, – Yekaterina başıyla onun söylədiklərini təsdiqlədi:
– Orada çox az sayda erməni yaşayır, onlar da müsəlman dinini qəbul etmiş ermənilərdir.
Potyomkin artıq soyumuş çaydan bir qurtum da alıb, yerini rahatlayıb danışmağa başladı:
– Matuşka, Qafqaz problemli yerdir. Orada yaşayan xalqlar mentalitetinə görə, daha çox Yaxın Şərq ölkələrinə yaxındırlar. Bizim müqavilə bağladığımız cırtdan Kartli-Kaxetiyada belə, xristianların sayı 50 faizə çatmır. Bundan başqa, gürcülər qonşuları türk-tatarlarla həmişə yaxşı münasibətdə olublar. İran şahları onlara qarşı fars, gürcü və türkmənlərdən ibarət ordudan istifadə ediblər. İran ordusunun Qafqazda apardığı müharibələrin 60-70 faizi elə uzun müddət gürcü cavanlarını və uşaqlarını qul aparmaq məqsədi ilə təşkil edilib. Qafqazda xristianlar heç ümumi əhalinin 5 faizini də təşkil etmirlər. Ona görə də, o regionda dini faktoru qabartmaq elə bir əhəmiyyət kəsb etməz. O zonada İranın zəifləməsindən istifadə edərək onlarla mini-dövlətlər yaranıb, kimlərsə özünü müstəqil ölkənin xanı, kimlərsə knyaz, kimlərsə şah adlandırıb. Ancaq bunlar müvəqqətidir. İranı idarə edən Zəndilər sülaləsinin axırı yaxınlaşır. Çox ehtimal ki, Qacarlar hakimiyyətə gələcəklər. Hər halda, bu gün İranda onlardan güclü tayfa birliyi yoxdur. Səfəvilərin vaxtından həmişə hakimiyyətdə xüsusi çəkisi olan Qacarlar nəslini nə Nadir şahın dövründə məhv edə bildilər, nə də indi Zəndilər öhdələrindən gələ bilirlər. Qacarlar Səfəvilərin vaxtından imperiyalarını genişləndirməyə tərəfdar olublar. Onların hakimiyyətə gəlməsi bizim gücümüzün olmadığı Qafqazdakı mini-dövlətlərin axırına çıxacaq. Qafqazı işğal etmək və orada Rusiyanın hegemonluğunu təmin etmək heç də Krımın işğalından asan olmayacaq. Ona görə də hər şeyi götür-qoy etməliyik. Bəli, Krım müharibəsi təsdiqlədi ki, hücum edəcəyimiz ölkənin daxilində Rusiyanı dəstəkləyən, yerli hakimiyyətə arxadan zərbə vurmağa hazır olan qüvvələr olmasa, qələbə çalmaq çox çətin olur. Biz Qafqazda uzunmüddətli strategiyamızı bunların əsasında qurmalıyıq. Xanlara müstəqillik və İrandan müdafiə vəd etməklə onları öz tərəfimizə çəkməliyik. Onları imperiya maraqlandırmır, yatanda yuxularında da özlərini başlarına tac qoyulmuş şah kimi görürlər. Ancaq bu, kifayət deyil, oradakı camaatın 90 faizi İran hökmdarından dəfələrlə çox elə öz xanlarına nifrət edirlər. Məncə, iknci işimiz erməniləri tatarların yaşadığı Qarabağ zonasına getməyə həvəsləndirmək olmalıdır. Azərbaycandakı türklər Muğan, Şirvan torpaqlarında yaşamağa üstünlük verirlər. Qarabağın xüsusilə dağlıq zonasına köçüb gələnlərin kim olduqlarına fikir verməyəcəklər. Ermənilər həm İran, həm də Osmanlı imperiyasında yaşayırlar. Onların həm hökumətdə, həm də orduda yuxarı vəzifələrdə işləyən kifayət qədər nüfuzlu nümayəndələri var. Onlardan istifadə etmək lazımdır. Qafqazda böyük, müstəqil Ermənistan yaratmağı söz verməklə, həvəsləndirilməlidirlər. Bir dövlətdə yaşayıb ona düşmən dövlətə qulluq etmək onlar üçün xarakterik xüsusiyyətdir və yeni bir şey deyil. Ermənilərin bir dövlətin içində bir regiondan digərinə köçü, məncə, elə də problemli qarşılanmaz. Sadəcə, onlara xəzinəmizdən kömək də vəd etməliyik. Matuşka, düşünürəm ki, bizim diplomatların hamısına bu məsələ ilə ciddi məşğul olmağı tapşırmaq lazımdır. Bu dediklərimdən əlavə, bizim missionerlərimiz ermənilər yaşayan yerlərə səpələnib onları öz tərəfimizə çəkməlidirlər. Patriarxla da danışmaq lazımdır ki, kilsə xətti ilə lazımi tədbirlər görülsün. Çünki onların da bir-birlərinə deyəcək çox sözləri var – axı, hər iki din Yunan kilsəsinin fundamentində yaranıb…
3-cü epizod
İranın Sari şəhəri, Ağa Məhəmməd şah Qacarın iqamətgahı, 1794-cü il…
İçərisi xalçalarla döşənmiş, divarları ipək parça ilə örtülmüş, kifayət qədər böyük və boş otaq… Küncdə bir neçə Təbriz xalçasının üstünə qoyulmuş, zərif Çin ipəyi ilə işlənmiş qalın yorğanın üzərində oturub mütəkkəyə söykənmiş Ağa Məhəmməd dərin fikrə getmişdi… Qulluqçular gözəl bilirdilər ki, bu anlarında onu qəti surətdə narahat etmək olmaz. Onu da bilirdilər ki, əgər o, əlini qaldıran andaca kimsə içəri girməzsə, vəziyyət onlar üçün çox acınacaqlı olacaq. Çünki indiyədək ağalarının qəzəbindən salamat qurtaran olmamışdı. Həm onun gözünə görünməmək, ancaq eyni zamanda, həm də onun edəcəyi hərəkətləri izləmək çox çətin məsələlərdən sayılırdı.
İçəri otaqların birində gözlərindən yorğunluq tökülən adam artıq iki saata yaxın idi ki, oturub gözləyirdi. Uzaq yoldan gəldiyi saqqalına qonmuş toz-torpaqdan dərhal sezilirdi. Qulluqçu su və ləyən gətirib ona əl-üzünü yumağı təklif etsə də, qəbul etməmişdi. Bəlkə də şaha necə əziyyətlərə düçar olduğunu və sadiqliyini xarici görkəmi ilə göstərmək istəyirdi.
Şah əlini qaldıran kimi, qulluqçu yarıbükülü vəziyyətdə onun qabağına yüyürdü.
– Gələn qonağı yanıma gətir!
– Baş üstə, ağa, – deyən qulluqçu elə yarıbükülü vəziyyətdə və arxasını Ağa Məhəmməd şaha çevirmədən, dalı-dalı otaqdan çıxdı.
Qonaq otağa girən kimi, qapının ağzında üzü üstə yerə sərildi, bir neçə saniyədən sonra iməkləyə-iməkləyə şaha yaxınlaşıb, əlini öpdü.
– Saxla bu məzhəkəni, Yeqan məlik, öpdün əlimi, bəsdirE Danış, görüm, nə xəbərlə gəlmisən?!
– Şah sağ olsun, bədbəxtlik bizim üstümüzü alıb, sənin İranın mütləq hakimi olmağın İbrahimxəlil xanın kürkünə birə salıb. Vətəni ruslara satır…
Ağa Məhəmməd onun sözünü yarımçıq kəsdi:
– Yeqan Məlik, tələsmədən və həyəcansız bildiklərini olduğu kimi danış!
Yeqan udqunub, dedi:
– Şah sağ olsun, 1779-cu ildən mən sənə xidmət edirəm. Bilirsən ki, İbrahimxəlil xan Qarabağ məliklərinin fitvası ilə tək Qarabağı yox, İrəvan, Naxçıvan, Talış, Gəncə, Bakı, Quba, nə deyim axı, Qafqazdakı bütün xanlıqları Rusiyanın tərəfinə keçmək üçün dilə tuturdu. Özünün ağlı o qədər də iti deyil, onu bu düşmən məliklər yoldan çıxarırlar…
-Yeqan, sən özün də məliklərdən birisən, qayıdanda harada olduğunu bilsələr, səni öldürəcəklər, – şah dirsəkləndiyi yastıqdan azacıq aralandı.
Yeqan dedi:
– Şahım, məliklər İbrahimxəlil xan kimi ağılsız deyillər, onlar səndən qorxurlar. Məni özləri göndəriblər ki, onların sənə sədaqətli olduqlarını çatdırım. Ancaq əlaltdan Rusiya ilə də iş aparırlar. Məni narahat edən son vaxtlar İbrahimxəlil xanın fəallığıdır. O, xanlarla bir neçə dəfə görüşüb. Qubalı Fətəli xan ondan da çox rusları istəyir. Hələ tam razılıq verməsələr də, o biri xanların da ürəyindən ona qoşulmaq keçir. Ruslar bunlara tam müstəqillik və İrandan müdafiə vəd ediblər. Ona görə də belə canfəşanlıq edirlər. Bu günlərdə İbrahimxəlil xan oğlunu rus qoşunlarını Qarabağa çağıran məktubla Peterburqa – çarın yanına göndərib. Eşitdiyimə görə, Quba xanı da belə bir addım atıb. Camaat səni gözləyir… Gözləyir ki, sən gəlib bu əzazil xanların dərsini verəcəksən. Geciksən, qorxuram ki, ruslar sizi qabaqlaya. Qarabağda yaşayan ermənilər qonşuları türklərlə eyni həyatı yaşayırlar, hamısının da ümidi sənədir. Ruslar İran və Osmanlıda yaşayan ermənilərə pul verib, çox şeylər vəd etsələr də bura köçənlərin sayı lap azdır. Bu məlikləri sadə ermənilərlə eyniləşdirmək olmaz. Onlar buralara köçməmişdən qabaqlar da varlıydılar. Ruslar onlara ya Qarabağda, ya da İrəvan zonasında erməni dövləti yaratmağı söz veriblər. Onların müsəlman dinini qəbul etməsi də oyundur. Rusun ayağı bu torpaqlara dəyən kimi, yenidən çevrilib xristian olacaqlar. Şah sağ olsun, tələsmək lazımdır, Qafqaz əldən gedəcək..
Ağa Məhəmməd yenə Yeqanın sözünü kəsdi:
– Qorxma, məlik Yeqan, Qafqaz İranındır, İranın da olacaq. Orada – şimali-qərbdə bu Qarabağdan da iki dəfə kiçik bir torpaqda dövlət yaradıblar, şah da seçiblər, Kartli-Kaxetiya adlandırıblar özlərini… Hətta ruslarla müqavilə də bağlayıblar, baxarıq, axırı nə olacaq! Sən qayıdırsan Qarabağa…
Yeqan şahın tapşırıqlarını daha yaxşı dinlədiyini göstərmək üçün gözlərini Ağa Məhəmmədin ağzına dikmiş, sanki baxışlarıyla hər kəlməni tutmaq istəyirdi. Şah isə davam edirdi:
– Bir neçə gündən sonra ora 2-3 adam göndərəcəm. Onlar səni tapacaqlar. İbrahim xanın, məliklərin hər addımını izlə, həftədə bir dəfə gələnlərdən biri səninlə görüşəcək, yeni xəbərləri onun vasitəsilə mənə çatdırarsan. Xəzinədara tapşırmışam, sənə pul verəcək – özü də qızıl sikkələr. O xanların yaxınlarının arasında göz-qulağın olsun! Həm də o Kartli adlandırılanların arasından da ruslara yaxın adamlar tap. Pulu bu işlərə xərclə, çatmasa, xəbər göndərərsən.
Yeqan təzim etdi:
– Baş üstə, şahım!
Ağa Məhəmmədin əli qalxdı:
İsmayıl ağa gəlsin!

(ardı növbəti sayımızda)

Rəsul QULİYEV

musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button