Rəsul Quliyevin kitabından…

rəsul quliyevRəsul QULİYEV

“1905-07-ci İLLƏR İNQİLABINDA ƏN ÇOX İTKİ VERƏN AZƏRBAYCANLILAR OLDU”

“Bütün Qarabağ zonasında ermənilərin sayı ümumilikdə heç 5 faiz də deyildi”

Həmin vaxtlar – Sankt-Peterburq, Bulıqinin kabineti…

– Mən demişdim axı, general Nikişin diqqətli olsun, bu daşnaklar sürüşkən adamlardır! Aldığım xəbərə görə, onlar inqilabçıların liderləriylə birgə bəyanatla çıxış edib, erməni-tatar qırğınını çar rejiminin təşkil etdiyini açıqlamaq niyyətindədirlər. Özlərini təmizə çıxardıb, bizi camaatın gözündən salmaq üçün Bakı qubernatoru Nakaşidzeni öldürmək istəyirlər. Biz şübhəni onların üzərindən götürmək üçün qubernatorun təqsirkar olması barədə əfsanə düzəltmişik. İndi ondan bu yaramaz daşnaklar faydalanmağa çalışırlar. Təcili sürətdə qubernator Nakaşidzeni xəbərdar etmək lazımdır, – Bulıqin əsəbi danışırdı.
Ancaq xəbərdarlığın əhəmiyyəti olmadı. Kanayan 11 may 1905-ci ildə atdığı əl bombası ilə qubernatoru öldürdü. Buna baxmayaraq, avqustda Bakıda yenidən qırğın başladı. Erməni-müsəlman qırğınının təşkilatçısı Bulıqin Bakıya göndərdiyi nümayəndəsi Vorontsov-Daşkova silah tətbiq etməklə qırğının qarşısını qətiyyətlə almaq tapşırığını vermişdi. O da tapşırığın öhdəsindən gəldi. Həmin avqust ayında azərbaycanlılarla ermənilər aralarında sülh bağladılar.
Nəhayət, azərbaycanlılar ermənilərin çox təhlükəli qonşu olduqlarını anlamağa başladılar. Ancaq yenə də həmişəki kimi, çox qısa bir müddətə həmin faciəli günləri unudub, “tarixi kirvəlik”lərini bərpa etdilər. Erməni-azərbaycanlı qırğını yalnız iki təbəqəyə təsirini göstərməmişdi: bir, hər iki millətdən olan varlılar əvvəlki münasibətlərini pozmamışdılar, bir də yaxın qonşu olan azərbaycanlılarla ermənilər bir-birlərinə düşmənçilik etməmişdilər.
Rusiya imperiyasında demokratik reformalar uğrunda gedən 1905-07-ci illər inqilabında ən çox itki verən azərbaycanlılar oldu. Həlak olanların sayına görə, azərbaycanlılar birinci, ermənilər ikinci, yəhudilər üçüncü oldular, sonrakı yerlərdə isə ruslar, pribaltlar və polyaklar gəlir.
İnqilab nəticəsində Rusiyanın reformalara başladığı çarın “17 oktyabr manifesti” ilə elan edildi. Bu manifestin yaranmasında böyük xidmətləri olanlar arasında, ilk növbədə, Rusiyanın partiyaları ilə yanaşı, polyak, baltik, fin və yəhudilərin siyasi təşkilatlarının mühüm rolu qeyd olunur. Bu siyahı Qafqazda “Daşnaksütun” və Gürcüstanın milli-demokrat partiyalarının xidmətlərini qeyd etməklə tamamlanır. Hamıdan çox adam itirmiş Azərbaycan barədə isə bir cümləyə də rast gəlmək mümkün deyil…
1918-ci ildə ermənilər yenidən Bakı və onun ətrafında azərbaycanlıların total qətliamına başlayanda, 1905-ci il qırğınının şahidi və iştirakçısı olmuş Azərbaycanın tanınmış liderləri bu müddət ərzində heç bir iş görmədiklərini, yenə də rusların onları müdafiə edəcəklərinə inanıb xalqı silahlanmış erməni millətçiləri ilə üzbəüz qoyduqları zaman anladılar. Ancaq artıq gec idi…

Tarixi arayış

1917-ci ilin noyabrın 7-də Rusiya imperiyasının paytaxtı Petroqradda bolşeviklərin yüzə qədər silahlı, “vodka”dan başı dumanlanmış matros və fəhlələrdən ibarət dəstəsi, heç kimin gözləmədiyi halda, müvəqqəti hökümətin iclas keçirdiyi Ermitaj binasındakı toplantı salonunu ələ keçirdilər və nazirlər başda olmaqla, hamını eşiyə tökdülər. Ölkədə heç kimin tanımadığı, ancaq azsaylı bolşeviklər arasında lider kimi qəbul edilən, özünü “Lenin” adlandıran birisi dövlət çevrilişi baş verdiyini və bolşeviklərin hökumət yaratdıqlarını elan etdi. Nə xaricdə, nə də Rusiyanın daxilində heç kim böyük bir ölkənin paytaxtında azsaylı, camaatın tanımadığı bir qüvvənin bir neçə binanı ələ keçirməklə dövlət çevrilişi etdiyinə inanmırdı. Əksəriyyət düşünürdü ki, bir neçə günə onları zəbt etdikləri binalardan qovub, həbs edəcəklər. Həqiqətən, bolşeviklər hakimiyyətə necə zorla gəlmişdilərsə, eləcə də zorla qovulub çıxarıldılar – ancaq bir neçə gündən yox, düz 74 ildən sonra, özü də Petroqradda deyil, Moskvada!
Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişafı ancaq bu zonada neftin olması və neft sənayesinin inkişafı ilə bağlı olduğundan, burada əhalinin artımı da 1850-ci illərdən sonraya təsadüf edir. Rusiya imperiyasının ermənilərin Azərbaycana köçürülməsi planı iki strateji istiqamətdə davam etdirilirdi: birinci istiqamət, sənayenin inkişaf etdiyi paytaxt Bakı idi. Məqsəd isə əsasən, Rusiyanın şəhərlərindən gələn və inqilabi reformalara dəstək verən fəhlə-mühəndis sinfini neytrallaşdırmaq idi. Ancaq ermənilərin sayı həmin fəhlə sinfi arasında çox cüzi idi. Onların əsas işləri isə daha çox kiçik xidmətlər göstərmək, fərdi mağazalar açmaq idi. Xırda peşə adamları olan ermənilərin, faktiki olaraq, bütün təbəqələrin insanlarıyla təmas imkanları yaranmışdı. Yaşadıqları yerdə camaatın əhval-ruhiyyəsindən, dedi-qodulardan operativ xəbər tutan ermənilər xəfiyyə qurumları üçün əvəzsiz informasiya mənbələri sayılırdılar və hökümət bundan gen-bol faydalanırdı. İstənilən vaxt onların əli ilə çaxnaşma da yaratmaq mümkün idi.
Ermənilərin köçürülməsində ikinci strateji istiqamət isə Naxçıvan, İrəvan və Qarabağ regionları idi. Bu zonalarda Rusiya Türkiyəyə düşmən qüvvələrin olmasında çox maraqlıydı. 1840-cı illərdə Bakıda, demək olar ki, sıfır faiz olan ermənilərin sayı, artıq 1918-ci ildə 15 faizi ötmüşdü. Bakıda erməni kapitalı isə azərbaycanlıların kapitalına bərabər həddə çatmışdı. 1905-ci il faciəsindən 13 il keçməsinə baxmayaraq, Bakıda azərbaycanlı liderlər ermənilərin təşkilatlanmış “Daşnaksütun” partiyasının qarşısına çıxa biləcək heç bir siyasi qüvvə yarada bilməmişdilər. Xoşbəxtlikdən 1918-ci ilə qədər, Azərbaycanın Naxçıvan, həmçinin indiki Ermənistandan tutmuş Mahaçqalayadək olan ərazisindəki heç bir regionunda ermənilərin sayı 30 faizdən yuxarıya çatdırılmamışdı. Məsələn, Qarabağda əhalisinin 70-80 faizi ermənilərdən ibarət bir neçə kənd olsa da, bütün Qarabağ zonasında ermənilərin sayı ümumilikdə heç 5 faiz də deyildi. Ən intensiv erməniləşdirmə siyasəti aparılan Yerevan şəhərində belə, ermənilərin sayı 25 faizə zorla çatırdı.
1918-1920-ci illərdə erməniləri Azərbaycana qarşı müharibəyə başlamağa cəsarətləndirən yeganə şərt, onların Bakıda güclü olmalarıydı. O dövrdə erməniləri sözdə Avropada dəstəkləyən ölkələr var idi, ancaq reallıqda heç bir köməyə ümid bəsləyə bilməzdilər. Əsas partnyorları olan Rusiya imperiyası dağılırdı və öz hayındaydı. Osmanlılar onları satmış erməniləri düşmən kimi qəbul edirdi. 15 ildə kütləvi axınlarına baxmayaraq, Bakıda onların sayı 16 faizə, azərbaycanlılar (İrandan işləməyə gəlmiş azərbaycanlılarla birgə) 45 faiz, ruslar isə 35 faizə yaxın idilər. Bakıda azərbaycanlıların hegemon mövqeyə sahib olmaları üçün ciddi baza vardı. Birincisi, öz torpaqlarında idilər, ikincisi, sayca ermənilərdən qat-qat çoxuydular. Yeganə təəssüf doğuran və tarixin ibrət dərsinə çevrilməli olan fakt, azərbaycanlıların yaratdıqları siyasi partiya və cəmiyyətlərin zəif olmalarıyla yanaşı, Vətənin məhv olmaq təhlükəsi qarşısında belə, birləşib vahid qüvvəyə çevrilə bilməmələriydi.
“Daşnaksütun”un xaricdə və daxildəki liderləri I Dünya Müharibəsinin finala yaxınlaşdığı məqamdan istifadə etmək strategiyası qurmuşdular və planlı şəkildə də onu həyata keçirmək niyyətindəydilər…

Kiçik tarixi arayış

XIX əsrin ortalarında Osmanlı imperiyasında, əsasən, Avropa türklərinin təşəbbüsü ilə millətçilik ideyası üzərində yaradılmış “Gənc türklər” və ya “Yeni Osmanlılar” adlı reformist təşkilat tanınmış hərbçilər Ənvər Paşa, Niyazi Paşa və digərlərinin başçılığı altında 1908-ci ildə yeni bir hərəkata başladılar və sultanı 1876-cı ildə qəbul olunmuş Konstitusiyaya əməl etmək məcburiyyətində qoydular. Türkiyədə söz azadlığı, insan haqları, parlament, müstəqil məhkəmə sistemi, bir sözlə, demokratiyanın əsas atributları sultanın imzaladığı fərmanda öz əksini tapdı. Ancaq bir ildən sonra sultan yenidən özünün məhdudiyyətsiz hakimiyyətini bərpa etmək istəyəndə, onu kənarlaşdırıb parlamentdə zəif bir adam kimi tanınan Mehmeti sultan təyin etdilər. Beləliklə, hökumət bütövlüklə “Gənc türklər”in əlinə keçdi.
Həmin dövrdə Rusiyada 1905-07-ci illərdə hökümətlə gizli danışıqların şərtlərini pozaraq inqilabçıların tərəfinə keçmək istəyən, icazə olmadan azərbaycanlıların izafi qırğınını təşkil edən, hökümət məmurlarına qarşı terror aktları törədən “Daşnaksütun” qadağan edilmişdi və liderləri təqib olunurdu. “Gənc türklər”in hakimiyyətə gəlməsi erməni millətçilərinin Türkiyə daxilində muxtar vilayət yaradacaqlarına ümidlərini xeyli artırmışdı və hətta onlar “Gənc türklər”i dəstəkləməyi qərara almışdılar. Ancaq ermənilərin bu ümidləri doğrulmadı, heç bir muxtariyyət əldə edə bilmədilər.
1914-cü ildə “Gənc türklər”in nümayəndələriylə “Daşnaksütun”un qərb bürosunun liderləri sayılan Ruben Vramyan və Aknuninin Ərzurumda görüşləri oldu. Türklər onlara Zaqafqaziyada Rusiyaya qarşı üsyan təşkil edəcəkləri halda, qələbədən sonra muxtar Ermənistan yaratmağa söz versələr də, onlar razılaşmadılar. Əksinə,0 rus ordusunun tərkibində “erməni drujinası” adı altında həmin Darmatyanın başçılığı ilə hərbi korpus yaratmaqla, çar tərəfindən reabilitasiya imkanı qazandılar. Ruslarla birlikdə alman koalisiyasına qarşı (Osmanlılar da bu koalisiyanın tərkibində idilər, ermənilər bu cəbhədə vuruşurdular) artıq 3 il müharibədə iştirak edib, təcrübə toplamış həmin erməni hərbi hissələri 1918-20-ci illərdə azərbaycanlılara qarşı soyqrımı həyata keçirdilər. 1918-ci ilin mayında Türk ordusu Azərbaycana gəlməsəydi, bu soyqrımın nəticələri qat-qat ağır olacaqdı.

Tarixi arayışın davamı…

Erməni millətçilərinin strategiyası

Məqsəd bolşeviklərin köməyi ilə Bakıda hakimiyyəti ələ keçirib, böyük bir regiondan, yəni Abşeron yarımadasının 100-150 km-lik əhatəsindən azərbaycanlıları vurub çıxarmaq, sonra bu regionu müstəqil dövlət elan etmək idi. Bundan sonra qısa bir müddətdə bolşeviklərin erməni millətindən olan liderləri Şaumyan, Mikoyan, Avetisov və başqalarını da öz tərəflərinə çəkib (“Daşnaksütun”un liderlərindən sayılan Amiryan bu məsələni artıq Şaumyan və Mikoyanla müzakirə etmişdi) “Antanta”nı (İngiltərə, Fransa və ABŞ koalisiyası) Bakıya dəvət etməliydilər. “Antanta” ilə müstəqil bir dövlət kimi müqavilə bağlayıb, bloka daxil olmaq, I Dünya Müharibəsindən sonra onların köməyi ilə “Böyük Ermənistan”ı yaratmaq isə son məqsəd sayılırdı. Artıq erməni millətçilərinin xəritələrində Türkiyənin şərqi Ərzurumdan Suriya sərhədlərinədək və sözsüz ki, indiki Azərbaycan bütövlükdə, “Böyük Ermənistan”ın tərkibinə daxil edilirdi. Çoxdankı arzularını həyata keçirməkdə erməni millətçiləri üçün ideal şərait yaranmışdı.
Bakının “Antanta” dövlətlərinin nəzarətinə keçməsi, onları dünya neft ehtiyatlarının 90 faizinin (o vaxtı dünyada çıxan neftin 15 faizinə yaxını Abşeron yarımadasından idi) sahibinə çevirirdi. Ancaq “Antanta”nın əsas məqsədi Bakıda çıxan nefti daşıyıb aparmaqdan çox, onun almanlara göndərilməsinin qarşısını almaq idi. İran körfəzində yerləşən ölkələrin neft potensialından istifadə etməkdən məhrum olmuş Almaniyanın müharibəni davam etdirmək üçün yeganə şansı bolşevik Rusiyasının Bakıdakı imkanlarından bəhrələnməkdə idi.
Daşnakların strateji planı “Antanta”nı qane edirdi və onu dəstəkləyəcəklərinə heç bir şübhə yox idi. Daşnakların strateji planının konturları 4 avqust 1918-ci ildə – ilk ingilis hərbi hissəsi gəmiylə Bakı limanına daxil olanda, real göründü: ermənilərin qələbəni toy-bayramla qeyd etmələrinin qarşısını yalnız Nuri Paşanın yaratdığı Türk-Azərbaycan hərbi birləşməsinin Bakıya yaxınlaşması aldı…

Qısa tarixi arayış

Petroqraddakı noyabr dövlət çevrilişindən bir həftə sonra Bakıda hakimiyyəti “Baksovet” adı altında bolşeviklər və daşnaklar ələ keçirdilər. Əhalisinin əksəriyyətinin azərbaycanlılar, onları dəstəkləyən və ya neytral mövqedə duran Rusiyadan neft sənayesində işləməyə gələnlərin olmasına baxmayaraq, Azərbaycanın siyasi liderlərinin təşkilatçılıq qabiliyyətlərinin zəifliyi və ziyalılarının cəsarətsizliyi daşnakların mart ayında Bakıda faciəli qırğınlar təşkil etməsini daha da asanlaşdırdı. Minlərlə azərbaycanlının qanı nahaqdan axıdıldı. 1918-ci ilin aprelində daşnak-bolşevik Stepan Şaumyanın başçılığı altında Bakıda tarixə “26 Bakı komissarları” adıyla düşən Xalq Komissarları Soveti yaradıldı.
1917-ci ilin noyabr dövlət çevrilişindən sonra Bakıda fəaliyyət göstərən “Müsavat” və “Hümmət” partiyalarının proqramları Rusiya bolşevik, eser, menşevik partiyalarının reforma proqramlarından heç nə ilə fərqlənmirdi, yeganə istəkləri isə Rusiyanın tərkibində Azərbaycana muxtariyyətin verilməsi idi. Yalnız 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan liderləri keçmiş Rusiya imperiyası məkanında baş verən hadisələrə, başqa sözlə, ölkələrin müstəqillik elan etməsi prosesinə qoşulub, proqramlarında dəyişiklik etdilər və artıq tam müstəqillik şüarını gündəmə gətirdilər. İlk addım olaraq, gürcü menşeviklərinin təklifi ilə 1918-ci ilin aprelində Zaqafqaziya Seymi yaradıldı. Bərabər hüquqla bu Seymə daxil olan 3 gələcək respublikanın nə sərhədləri müəyyənləşmişdi, nə də maraqları üst-üstə düşürdü. Sadəcə, bu Seym bolşeviklərin yaratdığı diktaturanın əleyhinə idi və hələ ki, məqsədləri gələcəkdə yarana biləcək demokratik Rusiyanın daxilində federativ qurum kimi qalmaq idi.

musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button