Rəsul Quliyevin olay yaradan kitabından parça…

“RUS MUJİKİNİN AĞLI ZOPA GÖRMƏYƏNDƏ İŞLƏMİR” “Azərbaycanlılar rusların onları qoruyacaqlarına ürəkdən inanırdılar” Yeni Müsavat” eks-spiker, ACP lideri Rəsul Quliyevin yeni – “QARABAĞ: Müqavimətsizlikdən doğan faciə” adlı kitabını dərc edir. Növbəti hissəni dərc edirik. Çarı düşdüyü çətin vəziyyətdən 9 yanvar hadisəsindən sonra təsis etdiyi və 12 yanvarda da rəhbərini təyin etdiyi Sankt-Peterburqun qubernatoru general Trepov çıxardı: – Əlahəzrət, cənab Bulıqinin dediyi siyasi reformaların hətta cüzi bir hissəsi belə edilsə, imperiya dağılacaq. Fransız inqilabının necə baş verdiyindən, deyəsən, cənab nazirin xəbəri yoxdur. Kütlənin təzyiqi altında geri çəkilmək Lüdoviklər sülaləsinin axırına çıxdı. Lazım gələrsə, yüz minlərin qanını tökmək lazımdır, nəinki kütlənin tələblərindən nəyi isə yerinə yetirmək. Rus mujikinin ağlı zopa görməyəndə, işləmir… Nikolay söhbəti qurtarmaq üçün yaxşı fürsət ələ düşdüyünü görüb, naziri başından etmək istədi, ancaq nazir: – Əlahəzrət, generalın yadından çıxıb ki, XVIII əsrdə, həmin Fransa inqilabından 10 il öncə, onun ikrahla xatırladığı Yemelyan Puqaçovun başçılıq etdiyi rus mujiklərindən ibarət üsyançılar, az qala, Moskvaya qədər gəlib çıxmışdılar. General bir məsələni də yaddan çıxartmamalıdır ki, indi XX əsrdir, telefon, teleqraf əsridir, bu gün Rusiyada baş verənlərdən sabah bütün Avropa xəbər tutur. Avropada bizim inqilabçıların kifayət qədər dostları tapılacaq, hətta onlara silah-sursat da gətirəcəklər. 9 yanvar hadisələrindən cəmi 3 gün sonra Riqa və Varşavada nümayişi güllələyənlərə qarşı izdihamlı etiraz aksiyalarının keçirilməsi bir siqnal deyilmi? – deyə, söhbəti davam etdirmək istədi. Ancaq çar həmişəki kimi, müzakirələrdən boyun qaçırmaq üçün, – “Senator Şidlovskinin başçılığı altında komissiya yaratmışam, onların fikirlərini dinləməmiş, qərar qəbul etmək olmaz,”- dedi və stuldan qalxmaqla söhbətin qurtardığını bildirdi. Nazir əl çəkmədi: – Əlahəzrət, qərar olmalıdır, kütlə sarayınıza hucum etsə, biz nə etməliyik – atəş açmalıyıq, ya yox? Quberniyaların hamısından həyəcanlı siqnallar gəlir, general-qubernatorların hamısı konkret qərar qəbul olunmasını gözləyirlər. Həmin gün, iki saat sonra… Nikolayın əmisi və nazirlərin də qatıldığı müzakirələr 5 saatdan artıq davam edəndən sonra, nəhayət, müəyyən bir qərarın qəbul ediləcəyinə ümid yaranmışdı. İclas başlamamışdan bir qədər əvvəl, çar 150 qram “vodka” içib (demək olar ki, o, hər gün içirdi), vaxtın necə keçdiyini hiss etmirdi. Müzakirələrdə özü təkliflə çıxış etməsə də, başqalarının qızğın diskussiyası onu yormurdu. Nəhayət, qərar qəbul edildi: 1. Çar fərmanı ilə hadisələri dərindən analiz edib, reformalar həyata keçirmək üçün komissiya yaradılır; fərmanda konkret hansı reformaların və nə vaxt həyata keçrilməsindən isə söhbət getməməli idi; 2. Daxili İşlər Nazirliyi ölkə daxilində dini, mili zəmində lokal konfliktlər yaradıb, inqilabın istiqamətini dəyişdirməyə cəhd etməlidir; aranın qarışmasından istifadə edib, inqilabçıların liderləri terror yolu ilə aradan götürülməlidir; 3. Yaponiya ilə müharibə aparan ölkədə, sözsüz, nümayişlər, yürüşlər keçirmək qadağan olunmalıdır; ölkədə hərbi vəziyyət elan edilməlidir; xaos yaradanlar hərbi vəziyyət qanunları ilə güllələnməlidir. Epizodun davamı… – Təcili Tiflisə teleqraf et, general Nikişin gizlicə “Daşnaksütyun”un liderlərindən olan radikal Kanayan Drastmatla görüşsün. 15 ildir Rusiya imperiyası onların partiyasının inkişafına pul xərcləyir, Türkiyədə terror aktlarını təşkil etməyə köməklik göstərir, Qafqaz tatarlarının birləşməməsi üçün bütün təkliflərini qəbul edir. İndi onların imperiyaya sədaqətlərini sübut etmələrinin vaxtı çatıb. “Daşnaksütyun”un qəzeti var, – o, qəzetin adını xatırlaya bilməyib masanın üstündəki arayışa baxdı. – Hə, “Droşak”… Hələ 1891-ci ildə, – o, arayışdan oxumağa başladı, – bu qəzet baş məqaləsində “Bizə Avropa diplomatiyası lazım deyil, müstəqil və ya avtonom Ermənistan qurmaq üçün gərək torpağımızın hər qarışı qanımızla suvarılsın” yazırdı… Nazir gözünü oxuduğu vərəqdən ayırıb, ah çəkdi. Bilirdi ki, indi o, minlərlə heç bir günahı olmayan insanların ölümünə bais olacaq göstəriş verəcək. Ürəyində emosiyaya qapıldığına görə, özünü söydü və fikrini tamamladı: – Qoy, bu daşnaklar məqsədləri naminə, öz torpaqları olmasa da, qan tökməyi bacardıqlarını sübuta yetirsinlər. Avantürist Kanayan Peterburqdan sonra aranı qarışdıran inqilabçıların çox güclü olduğu Bakıda müsəlmanların qırğınını təşkil etsin. General Nikişinin vəzifəsi bizim Bakıdakı xəfiyyə idarəsinin gizli agentləri ilə birgə qarışıqlıqdan istifadə edib, inqilabçıların liderlərinə terror təşkil etməkdir. Orada indi əsasən, imperiyanın Qafqaz və Moskvadan göndərilmiş “eser-menşevik”lər, son vaxtlar isə “bolşeviklər” adlanan tiplər aktivdirlər. Bolşeviklərin başçısı “Koba” ləqəbli birisidir, fəhlələr arasında avtoritetdir. İndiyədək adam öldürməkdən tutmuş bank yarmağa qədər, bir çox ağır cinayətlər törədib. Ancaq bandit adlandırmaq da mümkün deyil. Onların elə həmin Bakıda gizli buraxdıqları “İskra” qəzetinin əsas marksist məqalələrini məhz o yazır. Cavan olsa da, kifayət qədər savadlı və idealist adamdır. Ancaq bizim liberal məhkəmələrdə onun hansısa bir cinayət törətdiyini sübut etmək mümkün olmayacaq… Öldürülsə yaxşıdır. Bəlkə də daşnaklar həmin “İskra” qəzetinin harada çap olunmasında bizə kömək edə, “Nina” mətbəəsinin yerini öyrənə bildilər. Qorxmasınlar, Bakıda qarışıqlığın törədilməsində biz şəhərin qubernatoru Nakaşidzenin təqsirləndirilməsini təşkil edib, sonra da iş yerini Peterburqa dəyişəcəyik. Ermənilərin bu qırğında zərərçəkən olduqlarını qabartmaqda özləri ustadırlar. Onların hər vəziyyətdə “xalqa qarşı genosid olub” əfsanəsi yaratmaqda tay-bərabərləri yoxdur. Üstəlik, belə bir əfsanənin yaranmasında biz də onlara kömək edəcəyik. Düzdür, bu yazıq Qafqaz tatarları o zonada bizə ən sadiq millətdir, ancaq indiki vəziyyət onların bir hissəsini qurban verməyi tələb edir. Hər iş düzələndən sonra bir-iki tanınmış adamlarına ordendən-zaddan verərik, çar isti və səmimi bir məktub yazar, bununla da onlar bütün pislikləri unudarlar. Pisliyi çox tez yaddan çıxardan millətdir. Bəlkə də əllərindən bir şey gəlmədiyi üçün hər şeyi tez unutmaq istəyirlər. Bu erməni millətçiləri tatarların öndə gedənlərinin birləşib daşnakların qarşısına çıxa biləcək güclü bir təşkilat yaradacaqlarından nahaq qorxurlar. Onların liderləri bir-birilərinin ayağından elə çəkirlər ki, heç vaxt birləşə bilməyəcəklər. Ancaq daşnaklar bu işi tez görməlidirlər. Yubansalar və bu xaos bizim üçün əhəmiyyətini itirsə, onların başına oyun açarıq. Odur ki, generalı bir daha xəbərdar et, diqqətli olsun, bu daşnaklar kifayət qədər sürüşkəndirlər, qəfildən inqilabçıların da tərəfinə keçə bilərlər… Tarixi arayış “Daşnaksütyun” erməni millətçilərinin 1890-cı ildə Tiflis şəhərində yaratdığı partiyanın qısaldılmış adıdır. Bu partiya Avropanı cəlb edən insan haqları, demokratik seçkilər, bütün millətlərin bərabərliyi, söz azadlığı və s. bu sayaq fundamental demokratik prinsipləri öz proqram və nizamnamələrinə əsas müddəalar kimi daxil etmişdi. Eyni zamanda partiyanın əsas məqsədi Türkiyənin şərq hissəsində avtonom (muxtar), mümkün olarsa, müstəqil Ermənistan yaratmaq idi. Bu məqsədi həyata keçirmək üçün silahlı dəstələrin yaradılması, partizan hərəkatlarının təşkil olunması, terror aktlarının həyata keçirilməsi müddəaları proqramda daha konkret öz əksini tapmışdı. Əsasən, preambulada göstərilən demokratiya ilə bağlı fikirlərdən başı dumanlanmış Avropa liderləri, əslində, dünyada ilk dəfə rəsmi beynəlxalq terror təşkilatının yarandığını görə bilmədilər. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarında (indiki “Ermənistan Respublikası” adlandırılan ölkənin torpaqları da daxil olmaqla) 3 faizdən də az olan ermənilərin sayı XX əsrin əvvəllərində artıq 12-15 faizə çatdırılmışdı. Bakı şəhərinə ermənilərin köçürülməsi isə 1870-ci ildən sonra başlayır. Erməni millətçiləri “Daşnak” terror təşkilatının başçılığı ilə, Peterburqdakı 9 yanvar hadisələrindən cəmi bir ay sonra Bakıda tarixə “erməni-tatar qırğını” adı altında daxil olan, azərbaycanlıların kütləvi qətliamını təşkil etdilər. Demək olar ki, bir il yarım çəkən bu qırğın on minlərlə adamın öldürülməsi və 160-dan çox Azərbaycan, 120-yə yaxın ermənilər yaşayan kəndin darmadağın edilməsiylə qurtardı. Ermənilər hələ 1890-cı ildən azərbaycanlıların gözlərinin qarşısında, açıq şəkildə “Daşnak” partiyasının silahlı qüvvələrini yaradırdılar. Bakı, Tiflis və İrəvan hökumət idarələrində işləyən azərbaycanlılar, hətta general-qubernatorlar Peterburqa – Daxili İşlər nazirinə “Daşnaksütyun” partiyasının silahlı dəstələr, terrorçu qruplar yaratdıqları barədə mütəmadi məlumatlar verdikləri barədə Azərbaycanın tanınmış ziyalılarını, varlı adamlarını daim məlumatlandırırdılar. General-qubernatorlar israrla tələb edirdilər ki, bu partiya milli və dini zəmində qırğın təşkil etməmiş onların silahlı qüvvələrini tərk-silah edib, başçılarını həbs etmək lazımdır. Ancaq Peterburqun cavabı bir idi – “Toxunmaq olmaz!”. Həmişəki kimi və bundan sonra da azərbaycanlılar talelərinə özləri sahib çıxmaq niyyətində deyildilər. Hələ də rusların onları qoruyacaqlarına ürəkdən inanırdılar. Xususilə də bir sıra azərbaycanlılar çara imzaladığı məktublara verilən cavabları əllərində bayraq edirdilər. Çarın adından imzalanmış, ona “Allah tərəfindən bütün təbəələrinin haqlarını müdafiə etmək tapşırığı” verildiyi kimi mücərrəd ifadələrlə dolu bir neçə məktub bir qədər şair təbiətli azərbaycanlıları riqqətə gətirirdi. Heç ona diqqət də yetirmirdilər ki, bu sözlər, sadəcə olaraq, çara tacqoyma mərasimində deyilən mətndən götürülüb… XX əsrin əvvəllərində Osmanlı imperiyasında pantürkizm bir siyasi ideologiya kimi inkişaf etməyə başlamışdı. Pantürkizm – panturanizm ideyasının bazasında (“panturanizm” – Çin və Altaydan tutmuş Avropanın qərbinə qədər, yaşayan bütün türklərin birgəliyi, birləşdirilməsi fikrinə əsaslanırdı) yaradılsa da, konkret istiqaməti ilə fərqlənirdi. 1883-cü ildə mənşəcə Krım tatarı olan İsmayıl Qaspiralının “Tərcüman” qəzetində çıxan məqaləsində pantürkizm ideyası səslənir. Əslindəsə, pantürkizm ideologiyasının fundamenti mənşəcə Kazan tatarı olan Yusif Akçurinin “ Üç yeni siyasət” əsərində qoyulmuşdu. Azərbaycanda Əhməd bəy Ağaoğlunun və Əlimərdan bəy Topçubaşovun 1904-cü ildə yaratdıqları panislamist və pantürkist komitələri daşnaklara müqavimət göstərəcək ilk təşkilat hesab etmək olar. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu təşkilatın aydın proqram və nizamnaməsi olmamaqla yanaşı, daşnakların silahlı güclərinə qarşı qoyacaq heç bir qüvvəsi də yox idi. Bu ideyaları Azərbaycan ziyalıları arasında dəstəkləyənlərin sayı çox deyildi. Azərbaycan ziyalıları daha çox Rusiyada olan müxtəlif partiyaların filiallarını yaratmaqla məşğul idilər. Elə həmin 1904-cü ildə Məmməd Əmin Rəsulzadə, Mirhəsən Mövsumov və Məmmədhəsən Hacınski “Hümmət” adı altında Rusiya Sosial-Demokrat Partiyasının avtonom qolu olan Müsəlman Sosial-Demokrat Təşkilatını yaratdılar. 1905-ci ildə bu təşkilat bolşevik partiyası ilə ən isti münasibətlərdə idi. 2-ci epizod Bakı, Novxanı, 1905-ci ilin apreli… Kənd evlərindən birində iştirak edirlər: İosif Cuqaşvili (“Koba”, Stalin), Nəriman Nərimanov, Məşədi Əzizbəyov (bolşevik partiyasının üzvləri), Məmməd Əmin Rəsulzadə (SDP-nın üzvü). İştirakçıların hamısı Qafqazdan olduğu üçün iclası, adətə görə, yaşca hamıdan böyük Nəriman Nərimanov aparırdı: – Çar Rusiyası ölüm təhlükəsi altında çabalayır. Ermənilərin əliylə azərbaycanlıların qırğınını təşkil etməklə, insanların diqqətini rejimin yaratdığı dözülməz problemlərdən yayındırmaq istəyir. İnqilabın əsas aparıcı qüvvəsi olan fəhlə sinfinin arasında çaxnaşma sala biliblər. Onların diqqətini müvəqqəti rejimi devirməyə dəstək verməkdən erməni-müsəlman qırğınına yönəldə biliblər. Bizim vəzifəmiz isə bu qırğının qarşısını almaq və kütlənin nifrətini rejimi yıxmağa yönəltmək olmalıdır… Nərimanov çıxışına fasilə verəndə, Stalin güclə eşidiləcək səslə dedi: – Yoldaş Nərimanovun dedikləri acı həqiqətdir. Ancaq indi biz bu acı həqiqətə yas saxlamamalıyıq. Bunun qarşısını almaq üçün konkret tədbirlər görməliyik. Fikirləşirəm ki, biz aktiv fəhlələri silahlandırmalıyıq və onları ermənilərlə azərbaycanlıların təmas nöqtələrində aralarına yerləşdirməliyik. Konkret bu işlə bir sıra dostlarla birgə, mən məşğul olacam, ilk partiya silah sabah yüzə yaxın rus və başqa millətlərdən olan fəhlələrə paylanacaq. Yoldaş Əzizbəyov o xalqın düşməni Kanayan Drastamatı şəxsən tanıyır. Onunla danışıq aparıb həm qorxutmalı, həm də xoşluqla bu cinayətləri törətməkdən əl çəkməyə məcbur etməlidir. Yoldaş Rəsulzadə qəzetlərdə çar rejiminin bu qırğını təşkil etdiyini çılpaqlığı ilə camaata çatdırsa, yaxşı olar. Bu işdə mən bilən, yoldaş Nərimanov da ona kömək edə bilər. Ümumi koordinasiyanı da yoldaş Nərimanov üstünə götürər. O, Bakıda yaxşı tanınan və hörməti şəxslərdən biridir, nüfuzu hamımızınkından yuxarıdır. Nərimanov “Koba”nın təvazökarlıq edib özünün etibarlı bir yerdə gizlədilməsi barədə məsələni qaldırmamasını qiymətləndirsə də, – Məmməd Əmin, hökumət öz agentlərinə birinci növbədə “Koba”nı aradan götürmək tapşırığı verib. Sənin vəzifələrindən biri də onun təhlükəsizliyini təşkil etməkdir, – dedi. Məmməd Əmin bunun ən asan iş olduğunu qeyd etdi: – O elə bizim kənddə qalar. Mən qohum-əqrəbanın cavanlarından bir neçəsini ayıracağam ki, onunla Bayıl, Balaxanı, Suraxanı fəhlələri arasında əlaqəni təmin etsinlər… Rəsul QULİYEV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button