Radio lisenziyası kimə, necə verilib?

MTRŞ məhkəməyə çəkildi…

Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə radio üçün lisenziyanın verilməsindən imtina etmiş Milli Televiziya və Radio Şurasına qarşı iş üzrə proses keçirilib. Prosesdə iddiaçılar Cəfərov Rəsul və Yaşar Ağazadə, o cümlədən Milli Televiziya və Radio Şurasının nümayəndələri iştirak ediblər.

Proses zamanı iddiaçılar hakimin “Televiziya və radio yayımı haqqında” Qanunun 16-cı maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün vəsatət verdilər. Vəsatət onunla əsaslandırıldı ki, adı çəkilən qanunda lisenziyanın verilməsi üçün müsabiqənin elan olunma müddəti göstərilməyib və bu hal nəticədə Milli Televiziya və Radio Şurasının inhisarçı quruma çevrilməsinə gətirib çıxarıb. Hakim yerində etdiyi müşavirədən sonra vəsatəti təmin etmədi.

Daha sonra hər iki tərəf məsələ üzrə mövqeləri ilə bağlı izahat verdilər. Hakim izahatları dinlədikdən sonra növbəti prosesi martın 3-ü saat 11.00-a təyin etdi.

Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi”nin sədri Cəfərov Rəsul və müstəqil jurnalist Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə Milli Televiziya və Radio Şurasına müraciət ediblər. Milli Televiziya və Radio Şurası kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina ebib. İddiaçılar Milli Televiziya və Radio Şurasının hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər. Səbail rayon Məhkəməsi bu iddianı təmin etmədiyindən iddiaçılar apellyasiya şikayəti veriblər.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button