Radiojurnalistika: tarix və dil

Elxan Xanəlizadə

XX əsrin üçüncü onilliyi ABŞ insanlarının gündəlik həyatına daxil olan və kütləvi populyarlıq qazanan radionun əsas uğur amili musiqi idisə, dördüncü onilliyin ilk illərində Böyük Britaniya vətəndaşlarının maraq dairəsini “BBC” fərqli bir yolla əhatə edərək özünə çəkdi. “BBC”-nin tarixində ən parlaq dövr məhz həmin – 1932-1938-ci illər olub. Radionun auditoriyası 1932-ci ildə 5 milyon idisə, 1938-ci ildə bu rəqəm daha fantastik həddə çataraq, ölkə əhalisinin 98 faizini təşkil edib. Radioların tarixini araşdıran mütəxəssislər bildirir ki, “BBC”-nin “qızıl dövr” yaşadığı 30-cu illərdə dinləyiciyə musiqi ilə bərabər operativ və qısa informasiyanın çatdırılması bu radionun auditoriyasının sürətlə çoxalmasına səbəb olub. Bu isə özlüyündə yeni bir peşənin – radiojurnalistikanın yaranmasına və inkişafına zəmin yaradıb.

Maraqlıdır ki, qərb ideologiyasına qarşı çıxan, sovet rejimini vəsf etməkdən başqa heç bir mütərəqqi iş görməyən kommunist efirləri “BBC”-dən təxminən 40 il sonra parlaq dövr yaşayıb. Sovet vətəndaşları “onsuz da radionun nə deyəcəyini bilirik” münasibətini göstərməklə, radionu televiziyaya qurban veriblər. Yalnız 80-ci illərin ikinci yarısında, Qorbaçovun yenidənqurma siyasətindən cuşa gələn yeni sovet efirləri eşidildi. Artıq sovet dinləyiciləri efirdə “Zaman, hadisələr, insanlar”, “Yer və insanlar”, “Gənc ailə”, “Burada və indi”, “Gəlin, danışaq”  və s. kimi dinləyiciyə açıq olan senzurasız proqramlar dinləməyə başladı. Nəticəsi də o oldu ki, radio yarandığı gündən ilk dəfə SSRİ əhalisinin 90 faizi radio dinləyicisinə çevrildi. “Yunost” və “Mayak” radiolarının auditoriyası mərkəzi televiziyanın auditoriyasından çox oldu. Bunun əsas səbəbi isə efirin dinləyicilərin üzünə açılması idi. Sovet jurnalistika məktəbi yalnız 80-ci illərdə anladı ki, indiyədək hazırlanan radiojurnalistlər canlı efirdə açıq müzakirələrə və qismən senzurasız efirə yaramırlar.

Həmin dövrdə yayımlanan “Burada və indi” verilişi isə sovet radiosunun tarixinə yazıldı. Verilişdə SSRİ-nin və dünyanın müxtəlif yerlərində olan hadisələr canlı efirdə müzakirə olunurdu, həmçinin, studiyada olan qonaqlarla hadisə ocağında olan radiojurnalist arasında telefon bağlantısı yaradılırdı (“Burada və indi” adında veriliş Azərbaycanda 2000-ci illərin əvvəllərində “Antenn” FM-də əyləncə xarakterli olub, hazırda isə ATV efirində şou-biznesə həsr edilib. Hətta Rusiyanın Birinci kanalı bu adla verilişi məhz problemlər və müzakirələr üzərində qurmuşdu). 1986-cı ilin oktyabrında SSRİ-də ilk dəfə sıravi dinləyici ilə telefon bağlantısı quruldu və bundan sonra efirə yayımlanan verilişlərin əksəriyyətində telefonla canlı ünsiyyət yaradıldı.

Elə həmin il SSRİ-ABŞ radiokörpüsü təkcə sovet dinləyiciləri üçün deyil, Amerika insanları üçün də yaddaqalan tarixi hadisəyə çevrildi. Canlı yayımla iki saat ərzində Moskva universitetinin tələbələri ABŞ-ın Cənubi İllions ştatının universitet tələbələri ilə ölkələr arasındakı vəziyyəti müzakirə etdilər (SSRİ-ABŞ arasında telekörpü radiokörpüdən bir qədər əvvəl baş tutmuşdu və indiyədək Vladimir Pozner SSRİ teleməkanında ABŞ-la ilk telekörpü yaradan TV aparıcısı kimi yadda qalıb). İlk radiokörpünün aparıcısı olan radiojurnalist Aleksandr Slonimerov sonrakı illərdə “Moskva-Vaşinqton” radiokörpüsünün də aparıcısı oldu. Xüsusi olaraq efirə hazırlaşdırılan Slonimerovun yerli və amerikan dinləyicilərlə maraqlı, hazırcavab ünsiyyəti təkcə sovet auditoriyasının deyil, eləcə də Amerika dinləyicilərinin diqqətini çəkirdi.

Radio efirində olan bu yeniliklər onun nüfuzunu və təbii ki, auditoriyasını genişləndirirdi. Lakin uzun illər ərzində formalaşan qərb efirləri ilə eyni səviyyədə efir formalaşdırmaq elə də asan başa gəlmirdi. Bir-birinə zidd ideologiyaların fərqli məktəbləri radiojurnalistikaya da öz mənfi təsirini açıq göstərirdi (Bura daxil olan səbəblərdən bəziləri də, efirdə sözü vaxtında və cəsarətlə demək, senzuradan qorxmamaq kimi psixoloji gərginlik baryerini aşmaq qəhrəmanlığıdır). Amerika və Avropa ölkələrində radiojurnalistikanın özünəməxsus tələbləri var. Sovet məktəbinin yaradıcısı olan Rusiya 90-cı illərdə qərbdən bəhrələnərək, öz yeni modelini qura bilsə də, Azərbaycan bu sahədə çox geri qalıb. Hələ də Rusiyada bəziləri hesab edirlər ki, müasir rus radiojurnalistikası sovet məktəbindən xilas ola bilməyib. Bu fikri irəli sürən qərb düşüncəli rus radiojurnalistlərinin görünür, Azərbaycandakı efirlərdən xəbərləri yoxdur.

Yerli radiojurnalistika bu gün FM dalğalarında öz təsirini hiss etdirmək gücündən çox uzaqdır. Nəzərə alsaq ki, FM-də yayımlanan radiolarda radiojurnalist fəaliyyətini göstərəcək heç bir proqram şəbəkəsi qurulmayıb, onda radiojurnalistikanın ölkədəki səviyyəsinin dəyişəcəyindən danışmaq tezdir. Bunun ilk günahkarı təbii ki, jurnalist hazırlığı ilə məşğul olan fakültələrdir. Özəl ali məktəblərin tələbələri təcrübə keçmək şansına malik olmasalar da, Bakı Dövlət Universitetinin tələbələri minimum dövlət və ictimai radioda təcrübə keçirlər. (oxu: keçmirlər!) Təcrübə deyəndə, tələbələrin hansısa kanalın ofisində vaxt keçirmələri xatırlanır. Formal təcrübə günləri və qiymətləndirmələr gələcək üçün kadr hazırlamır.

Radiojurnalistikanın dili efir tarixi qədim olan bütün ölkələrdə inkişaf etsə də, Azərbaycanda radio dilinin nəzəriyyəsi hələ də yaradılmayıb. Ölkəmizdə efir danışığı haqqında birmənalı təsəvvür yoxdur və hazırda efirdə istifadə olunan dil pozuntuları müxtəlif tərəflərə yozulur. Belə demək mümkündürsə, efir danışığı iki qütbə ayrılıb: ədəbi dil normalarından istifadə edən dövlət radiosunun dili və onun alternativi olan bütün digər radioların (ləhcəli) qarmaqarışıq dili. Bu halda tərəflərin hamısı öz dilini düzgün olan yol kimi təlqin edir. Bu cür şəraitdə radiojurnalistikanın nəinki dili, ümumiyyətlə özü də inkişaf etmir. Yerli efirlərdə gündəlik aparıcılara qulaq asan dinləyici efir dilinin və estetikasının pozulmasını adi hal kimi qəbul etməyə məcbur olur.

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button