Radiolarda ləhcə problemi

Elxan Xanəlizadə

Efir dil normalarının pozulmasını qəbul etmir. Azərbaycanda fəaliyyət göstərən radioların böyük əksəriyyətində aparıcılar ləhcə və “erməni budaq cümlələri ilə” danışırlar. Bunun (haqlı olaraq) əsas günahkarı efirə rəhbərlik edənlər hesab edilsə də, digər bir məqam da yaddan çıxarılmamalıdır. Rəhbərlik edənlərin günahı dili qüsurlu – ləhcəli şəxslərin efirə buraxılmasındadırsa, günahın qalan hissəsi jurnalistika fakültəsi olan ali məktəblərin üzərindədir. Təbii ki, radioda aparıcı olmaq istəyən başqa peşə sahibləri çoxdur və onların bu istəyinə qarşı çıxmaq da düz olmazdı. Amma jurnalistika fakültələrində olan teleradio kafedraları birbaşa məşğul olmaları tələb olunan işdən başqa hər işlə vaxt keçirirlər. Nəticədə dili ləhcəli, hərfləri düzgün tələffüz etməyən kadrlar ordusu yetişir. Həmin kadrların arasında yaxşı yaza bilən qabiliyyətli jurnalistlər də az deyil (Jurnalist təkcə yazmaqla yox, həm də normal diksiya ilə danışmağı bacarmalıdır). Gələcəkdə televiziya və radioda işləmək arzusunda olan tələbələr teleradio kafedrasında mütəxəssis kimi hazırlanırlarsa, bütün digər üstün cəhətlərini dil normaları tamamlamalıdır. Bu belədirmi? YOX!!!

Təkcə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini götürsək, vəziyyətin bərbad olduğunu görmək üçün “velosipedi bir də kəşf etməyə” ehtiyac qalmır. BDU-nun jurnalistika fakültəsində ləhcəli danışıq dil normasıdır. Düzdür, bunu hamıya şamil etmək haqsızlıq olar. Amma bir fakültədə dil normalarını hər 10 tələbədən 7-si pozursa, deməli, orada Azərbaycan dili işləmir. Hazırda həmin fakültədə dekanın və teleradio kafedrasının müdirinin kim olduğunu dəqiq bilmirəm. Bir neçə il bundan əvvəl fakültəyə və kafedraya rəhbərlik edən hörmətli Yalçın müəllimin zamanında (bəlkə yenə Yalçın müəllimdir) tələbələr arasında radioda işləmək üçün seçim aparılarkən, vəziyyətin bərbad olduğunun şahidi olmuşam (İnandırıcı deyil ki, belə tezliklə düzəlsin)! Aparıcı olmaq istəyən yuxarı kurs tələbələri özlərini təqdim etdikcə “C”, “Ts” (siyahını uzatmaq olar) səsləri adamın qulağını deşirdi. Yalçın müəllim özü də bilmirdi ki, radioda aparıcı olmağa namizəd tələbə belə danışmamalıdır. Kafedra müdiri bu cür iyrənc tələffüzü eşitmirdi və ya eşitsə də danırdı.

Təkcə tələffüz olsa, dərd yarıdır. Müxtəlif kurslarda oxuyan tələbələrin ümumi, sadə suallara cavabları belə idi:

Sual:

– Əbülfəz Elçibəy neçənci illərdə prezident olub?

Cavab:

– 1975… Yox, 1977-də (kurs yoldaşı düzəliş etdi – 1985-1987) (ləhcə ilə).

Sual:

– Şuşanın işğal tarixini bilirsiniz?

Cavab:

– Bəli, bunu bilmək hər bir vətənini sevən insanın borcudur – Şuşa 1995-ci ilin 26 fevralında işğal edilib (yenə ləhcə ilə).

Sual:

– Araz çayı ilə Kür çayı hansı rayonda qovuşur?

Cavab:

– Bunun radioya nə dəxli var? Bura jurfakdı, coğrafya döyülü (təbii ki, yenə ləhcə ilə).

BDU-nun jurnalistika fakültəsində bir neçə saat ərzində (radioaparıcı olmaq istəyən) onlarla tələbə ilə söhbətdən cəmi üç sual-cavabı yazdım. Çox maraqlıdır ki, bu sual-cavablar BDU-da yox, bəlkə də başqa ali məktəbdə olsaydı, heç bu qədər yadımda qalmazdı. Tələbələrin belə əndrəbadi cavabları əslində fakültədəki vəziyyətin göstəricisiydi.

Bundan sonra teleradio rəhbərlərinə olunan etiraz nisbətən azalır. Axı, öyrətməyə borclu olan fakültə minimum bilikləri və dil normalarını öz tələbələrinə öyrətmirsə, onda teleradioya biznes marağı kimi baxan rəhbərlərdən nə ummaq olar? Amma rəhbərlər yenə də məsuliyyət daşıyırlar. Onsuz da peşəkar kadr qıtlığı bəhanə edilirsə, seçim zamanı müəyyən normalara əməl edilməlidir.

Bu gün İctimai radionun efirində (90 FM) ləhcəsiz danışan aparıcı tapıb dinləmək üçün həftənin 7 gününün 24 saatını efiri güdmək lazım gəlir. Dəhşətlisi də budur ki, gəncindən tutmuş yaşlısınadək bu radionun efirində ləhcə doğmalığı hökm sürür. Eləcə də digər radiostansiyalarda. Tutaq ki, başqa radioların efirlərində ləhcəli aparıcı sadəcə mahnı təqdim edirsə və ya hansısa qonaqla söhbət edirsə, həmin aparıcının qeyri-peşə sahibi olduğu iddia olunur (Guya peşəkar jurnalist olsaydı, belə olmazdı).

“Azadlıq” radiosunda da eşidilən aparıcılar peşəkar jurnalist olsalar da, əksəriyyəti ləhcə ilə danışırlar və ya səsləri düzgün tələffüz etmirlər.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button