Radioları uduzduran amillər

Elxan Xanəlizadə

 e.khanalizade@gmail.com

 Radioların dili haqqında dəqiq nəzəriyyə olmayan ölkəmizdə dinləyici efirdən müxtəlif əndrəbadi danışıq formaları eşidir. Çoxu uzun-uzun (əslində rusca) düşünərək, anormal cümlələr qurur, çoxu qışqıra-qışqıra, bəzisi gücənə-gücənə, eləsi də əlində tutduğu vərəqləri xışıldada-xışıldada üzündən oxuduğunu biruzə verərək danışır. Dinləyici isə qulaq asdığı radionun aparıcısının məhz ona müraciətlə danışdığını eşidəndə daha xoş, daha səmimi qəbul edir. Bu zaman aparıcının dili dinləyiciyə daha doğma təsir bağışlayır, onu öz dilində danışan insan kimi qəbul edir. Radioya qulaq asan hər kəsin (hətta ən mühafizəkar dinləyicinin də) efirdən tələb etdiyi nitq forması hamının özünə yaxın bildiyi gündəlik istifadə olunan ümumi danışıq dilidir. Əslində, radionun seçməyə borclu olduğu bu cür danışıq dili asan görünsə də, bunu hər radio aparıcısı bacarmır. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən radiolarda çox az sayda aparıcı var ki, onlar dinləyicilərə yaxın olan ümumi danışıq dilindən məharətlə istifadə edə bilirlər. Danışıq dili deyəndə, təbii ki, burada hansısa ləhcə və dialekt sözlər yığınından söhbət getmir. Yazı dilinin daha rahat forması və əhalinin bütün təbəqələrinin anlaya biləcəyi sadə ünsiyyət forması nəzərdə tutulur. Bu cür səmimi efir nitqi üçün aparıcı əvvəlcədən hazırlaşmalı, proqramda istifadə edəcəyi əsas fikirləri özünün istifadə edə biləcəyi formada qısaca qeyd etməlidir. Bu qeydlər aparıcıya ona görə lazımdır ki, hansısa fikri dinləyiciyə çatdırmaq üçün dağa-daşa düşməsin və açar sözlər vasitəsi ilə dolğun fikir ifadə edə bilsin. Yerli radio aparıcıları eşidən əksəriyyət dinləyici onun nə danışdığından (mövzudan) xəbərsiz olduğunu dərhal anlayır. Özünü ağıllı, çoxbilmiş göstərməyə çalışan aparıcı fikrini uzun-uzadı izah etməyə cəhd edəndə, ona elə gəlir ki, dinləyicilər bu aparıcının ağlına həsəd aparacaqlar. Bu məqamda isə dinləyici öz fikrini çatdırmağı bacarmayan aparıcıya əsəbiləşərək, sadəcə dalğanı dəyişir (Bu hal bütün radiolara xas olduğundan, dalğa dəyişmə tez-tez baş verir). Nəticədə radioya olan dinləyici tələbatı azalır. Auditoriyanı özündən uzaqlaşdıran amillərdən biri bu olsa da, digər vacib nüanslar da var. Tutaq ki, Azərbaycandakı radiolarda nədənsə, belə bir fikir formalaşıb; aparıcı hər səhər yalançı təbəssümlə qışqıra-qışqıra danışmalı (guya işə gedənlər müsbət enerji alsınlar), günortalar efirdə ağlamalı mahnılar olmalı (nahar vaxtı həzin musiqi iştaha açır təfəkkürü ilə), axşamlar isə yollardakı tıxaclardan danışılmalıdır (sanki ölkənin tək problemi tıxaclardır). Bütün bunların nəticəsində radio itirən tərəf olur. Əvəzində hər bir insan öz zövqünə uyğun audio diskə qulaq asır. Avtomobili olan əksər sürücülər heç disk almağa pul da xərcləmir, çünki internetdən istənilən mahnını yükləmək və diskə, yaxud yaddaş kartına yazmaq üçün dahi olmağa ehtiyac yoxdur. Hər gün mahnı yükləmələrinin sayı artdıqca, radioların efiri təxminən bir o qədər auditoriya itirir. Deməli, internet radionun düşmənidir fikri getdikcə daha da ciddiləşir. Bu işdə isə “aparıcıların dili” internetin gözə görünməyən dostuna, yaxın köməkçisinə çevrilib. Dinləyici sevimli müğənnisini, hansısa bəyəndiyi mahnını radioda eşitmək üçün gözləməkdənsə, internetdə onu daha az vaxt ərzində əldə bilir. Bəs onda, dinləyici nəyə görə fikrini çatdırmaqda əziyyət çəkən aparıcıya dözməlidir! Burada başqa bir amil də nəzərdən yayınmamalıdır. Axı, radio təkcə musiqidən ibarət deyil. Dinləyici həm də radiodan informasiya alır. (?!) FM-dəki radioların hansı biri dinləyiciyə alternativ informasiya verir? Bax, bu məqamı da radio internetə uduzur. Hər saatın tamamında (bəzi efirlərdə saatın yarısında və ya sonuna yaxın) radio(lar)dan eyni məzmunlu xəbərləri eşidən dinləyici gün ərzində bir neçə dəfə internet saytlarda fərqli yanaşmalı informasiyaları əldə edirsə, radio artıq ona lazım olmur. Haradasa, bütün radio efirlər bir-birini təkrarlamaqla, öz ömürlərini (auditoriyalarını) itirirlər. Auditoriyası olmayan radio özü olmasa da olar, fikri getdikcə daha da güclənir.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button