Radioların formatı

Elxan Xanəlizadə

Dünya təcrüb əsində ilk dəfə 50-ci illərdə ABŞ-da yayımlanan və müstəqil efir siyasəti yürüdən radiolar özlərinə format seçməyə başlayıb. Daha sonra 60-cı, 70-ci və 80-ci illərdə müxtəlif efir formatları formalaşıb. Qeyd olunan tarixlərdə format seçiminə yalnız musiqi janrları təsir edirdi. İnkişaf edən janrların arealı genişləndikcə, auditoriya yaş qruplarına bölünərək format seçilirdi. Sonrakı mərhələlərdə musiqidən başqa, xəbərlər, tok-şoular, idman, şou-yarışma proqramları və yumor verilişləri yayımlayan radiolar təkcə Amerikada deyil, dünyanın digər ölkələrində də yaranmağa başladı. Hər bir yaş qrupunun və spesifik auditoriyanın seçib dinləyə biləcəyi efir həm də kommersiya maraqlarını genişləndirdi. Tutaq ki, öz məhsulunu və ya göstərdiyi xidməti reklam etmək istəyən şirkət reklam yerləşdirəcəyi efiri auditoriyasına uyğun seçir. Bu zaman hər iki tərəf qazanır.

Azərbaycanda müstəqil radioların yaranma tarixi yaxın keçmişdə baş verdiyindən, onların format seçmə prosesi hələ də başa çatmayıb. FM məkanında olan radiolar “hamı üçün bir az nəsə olsun!” prinsipi ilə fəaliyyət göstərdiyindən, konkret format əvəzinə, həftəbecər – qarışıq efir formalaşıb.

“ANS ÇM” radiosu ölkənin ilk müstəqil radiosu olsa da, bu efir yarandığı gündən (dəfələrlə dəyişməyə cəhd edib) format axtarışındadır. Sonrakı illərdə yaranan “Bürc FM” də eyni problemin həllini axtarmaqla məşğuldur (Əslində, heç axtarmır da!) “106 FM” radiosu efirə yayımlanan ilk gündən yeniyetmələrin sevimli dalğası olduğu üçün, bu radioya 25 yaşından yuxarı auditoriya bir o qədər də əhəmiyyət vermir. “Antenn FM”, “Space FM”, “Media FM” həftəbecər efir təsirindən çıxa bilmir. “Media FM” çox vaxt “ANS ÇM”-in təkrarı təsirini bağışlayır. Yeni yarandığı üçün “Araz FM” və onun olmayan formatı haqqında ümumiyyətlə danışmağa dəyməz!

Yerli radiostansiyalar arasında ilk dəfə format seçimi edən efir Lider – Caz FM olub. 2000-ci ilin noyabr ayından həftəbecər yayımla efirə çıxan radio bir neçə ildən sonra yalnız caz musiqisini yayımlamaqla konkret ilk format seçən radio kimi yadda qalıb.

Yalnız iki radio – “Azad Azərbaycan” radiosu və “Xəzər FM” yarandığı gündən öz formatına uyğun fəaliyyət göstərib. Milli musiqi yayımı ilə məşğul olan bu radiolar dinləyici auditoriyasının səviyyəsinə uyğun milli pop, muğam, xalq mahnıları və hətta el arasında məşhur olan “palatka ifaçılarını” yayımlamaqla məşğuldurlar. Hər iki efirin bir-birinə bənzər cəhətləri kimi yad xüsusiyyətləri də var. Bunlardan biri “Azad Azərbaycan”ın 2% türk mahnılarını verməsidirsə, “Xəzər”in də Azərbaycan mahnılarını ifa edən türk ifaçılarını bir o qədər səsləndirməsidir. Digər fərq isə xəbərlərin efir bölgüsündədir. Birinci tərəf xəbərləri studiyadan yayımlayırsa, ikinci tərəf televiziyanın xəbərlərini radio ilə yayır (Mövzuya birbaşa aidiyyatı olmasa da, bu yerdə qeyd olunmalıdır ki, “Xəzər” radiosunun bu cür xəbər yayımı ciddi radio anlayışına sığmır. Televiziyadakı gurultulu, hay-küylü, qaragüruh kadrların informasiya ötürülmədən göstərildiyi an radio dinləyicisi üçün vaxt itkisi və əsəb pozuntusudur. İstisna hallarda və televiziyada yayımlanan verilişin şərhçisi olduqda radio teleefirə bağlana bilər. Bura idman yarışları, “Eurovision” və s. daxildir.)

“İctimai” radio isə bütün baryerləri dağıdaraq “Ozan FM” olmağı uğurla bacarıb. Radionun formatı adında olsa da, Avropa Yayımları Birliyinin üzvü olan bütün digər ictimai radioların arasında analoqu olmayan bir efir formalaşdırıb (oxu: formalaşdırmayıb.) AYB üzvü olan digər ölkələrin radiolarında (elə ölkələr var ki, bir neçə dalğada ictimai efirə malikdir) əsasən xəbərlər, müxtəlif mövzulu canlı tok-şoular, sosial xarakterli verilişlər yayımlanır və hadisə yerlərindən birbaşa bağlantılar yaradılır. Yerli ictimai efirdə bunun əvəzinə digər radiolardan fərqlənməyən bayağı proqram şəbəkəsi qurulub və ictimai efirdə digər sahələrdəki yarıtmazlıq musiqi bölgüsündə də özünü qabarıq göstərir. Belə ki, bütün musiqi janrları arasında bərabər pay bölgüsü aparılmalı olduğu halda, aşıq musiqisi və ləhcəli aşıqların uzun-uzadı çıxışlarının efirə daha çox verilməsi heç bir normaya sığmır. Halbuki formatı olan və olmayan digər radioların efirində musiqilərin qüsurlu və qeyri-peşəkar seçimi olsa belə, bu problem ictimai radionun efirində olmamalıdır. Sanki mövzusundan, ideyasından asılı olmayaraq efirə verilən bütün digər proqramlar, səsləndirilən yerli, əcnəbi musiqilər görüntü xatirinədir və efiri işğal edən aşıq musiqisinin bolluğunu gizlətməyə xidmət edir (Yəni bizdə hamısından var təfəkkürü!). İctimai radio digər radioları sms bahalığında da qabaqlayır ki, bu da “xalqın radiosu” anlayışına və ictimai yayıma zidd anlayışdır. Bu isə başqa söhbətin mövzusudur.

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button