Rafael Hüseynov: “Adam var ki, yaşı azdır, özü qocadır”

Rafael Hüseynov: “İnsanlara onların daşıdığı biliyə, daşıdığı işığa, daşıdığı gücə görə qiymət vermək lazımdır. Kağız üzərindəki rəqəmlər şərtidir və adam var ki, yaşı  azdır, cavandır, özü qocadır, adam var ki, yaşı çoxdur, özü cavandır”
İnsandan insana fərq var. Bu günün özündə də 80 yaşında, yaşı 80-ni aşmış çox insanlar tanıyıram ki, yetərincə fəaldırlar, yazırlar, fəaliyyət göstərirlər. Bu ilin dekabr ayında böyük azərbaycanlı, çox qiymətli adamın, düşüncə adamının- Şirməmməd Hüseynovun 95 yaşını bayram edəcəkdik. Təəssüflər olsun ki, o günü Şirməmməd müəllimin özünün iştirakı ilə qeyd etmək bizə nəsib olmadı. Amma Şirməmməd müəllim vəfatından bir neçə gün öncə ənənəvi olaraq “525-ci qəzet”in səhifələrində iki səhifəlik çox maraqlı tədqiqatlarını nəşr elətdirmişdi və növbəti həftədə növbəti tədqiqatlarını nəşr elətdirməyə hazırlamışdı. Yəni, bu insan 95 yaşı ola-ola, 95 yaşının tamamına az qalmış bir halda da əlində qələm, beyni fəal çalışırdı, işləyirdi, yazırdı, yaradırdı.
Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov mətbuatda və sosial şəbəkələrdə deputatların və dövlət-hökumət rəsmilərinin yaş məsələsinin müzakirə mövzusu olmasına münasibətini bildirərkən deyib.
“Milli Elmlər Akademiyasında mən sıra-sıra alimlər tanıyıram ki, çalışırlar, fəaliyyət göstərirlər. Xoşbəxt Yusifzadə-böyük bir güc daşıyıcısı, enerji daşıyıcısı, bilik daşıyıcısı, təcrübə daşıyıcısı olan insandır.
Ümumiyyətlə, yaşlı nəslin insanları bütün başqa məziyyətlərindən əlavə,  daxillərindəki məsuliyyət duyğusu, çalışqanlıq həvəsi, intizam hissi ilə seçilirlər, bundan əlavə, həm də körpüdülər.
Keçmiş nəsillə, keçmiş təcrübə ilə yeni nəsil arasında körpüdülər, vasitədilər, ötürücüdülər. Odur ki, köhnə nəslin insanlarına da, yaşlı insanlara da ehtiyac var”-deyən akademikin sözlərinə görə, amma insan var ki, elə 30 yaşında da qocadır, insan var ki, 40 yaşında da qocadır.
“Yəni, əgər insanın fiziki imkanları, əqli imkanları şərait yaradırsa, imkan verirsə ki, bu insan çalışsın, işləsin, faydasını verə bilsin, bundan niyə istifadə edilməsin? Mütləq edilməlidir.
Məsələn, mən parlamentdən əlavə Milli Elmlər Akademiyasında işləyirəm, elə mənim yeganə iş yerim olub həmişə, universiteti bitirdiyim gündən Milli Elmlər Akademiyasında çalışmışam.
Milli Elmlər Akademiyasında-işlədiyim müəssisədə yaşlı insanlar həmişə olub, yenə var. Hətta, bir ara Akademiyada bu məsələ sərt qoyulmuşdu ki, – təkcə Akademiyada yox, digər yerlərdə, o cümlədən, Akademiyada – təqaüd yaşına çatmış,  70-i ötmüş insanlar getsinlər təqaüdə.
Onların arasında elələri var idi ki, yaşı 80-i keçmişdi, amma  mən onları buraxmırdım, saxlayırdım işdə. Çünki onların bildiyi elə şeylər var ki, başqaları onu bilə bilməyəcək.
Məsələn, ötən əsrin  30-cu illərinin, 40-cı illərinin hansısa bir foto-şəkli qaldırılır, kim kimdir, hansı funksiyanı yetirib, Azərbaycan mədəniyyətində,  tarixində nə kimi rol oynayıb,  bunu müasir nəslin  nümayəndələri deyə, tanıya bilməz, amma onlar baxan kimi üzdən tanıyırlar. Çünki onlarla görüşüblər, ünsiyyətdə olublar, təmasda olublar və sair.
Yəni, insanlara onların daşıdığı biliyə görə, daşıdığı işığa görə, daşıdığı gücə görə qiymət vermək lazımdır. Kağız üzərindəki rəqəmlər şərtidir və adam var ki, yaşı cavandır, özü qocadır, adam var ki, yaşı çoxdur, özü cavandır.
Və biz ruhu cavan, özü cavan, işləməyi bacaran, işləməyə qadir və həvəsi olan insanlardan həmişə yararlanmalıyıq bütün sahələrdə, o cümlədən, parlamentdə”-deyə, R.Hüseynov sözlərinə əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button