Rafiq Tağının “Hophopnamə”si

Rafiq Tağının Mirzə Ələkbər Sabir haqqında yazdığı sərt, tənqidi fikirlərinin yazıçı eqosundan, yaşlılıq kompleksindən irəli gəldiyini düşünmək axmaqlıq olardı. Onun bütləri yıxıb yerində öz heykəlini ucaltmaq istədiyi düşüncəsi də sadəlövhlükdən başqa bir şey deyil. Bu cür düşünənlər yanılmış olarlar. Yəqin ki, bu tənqidi fikirlər təbii yazıçı ehtiyacından irəli gəlir və bu ehtiyacın bir zaman sonra yaxşı bir bədii əsərin əsasını təşkil edəcəkdir. Ancaq bununla yanaşı, yazıçının Sabirə yanaşma prizmasını doğru hesab etmək olmaz. Əslində, biz şairə iki əsrdi ki, Rafiq Tağı bucağı altında baxırıq. Mirzə heç vaxt beynəlxalq şərə qarşı çıxmayıb, onun qabartdığı problemlər qlobal deyil. O, gözünün gördüyü, qulağının eşitdiyi məsələlər barəsində yazıb. Sabirin şeirlərinə bu nöqteyi-nəzərdən yanaşarsaq o, həqiqətən də xalqını təhqir edirdi. Ancaq o, məhəlli şair idi. Mirzənin əsas funksiyası təndiq etmək yolu ilə maarifləndirməkdi. Şair “Fəhlə, özünü sən də bir insanmı sanırsan?!” deyərkən heç də dünyadakı bütün fəhlələrin heyvan, ya da əcaib məxluq olduğunu iddia etmirdi. O, fəhlə obrazı üzərindən işçi sinfinin ağır vəziyyətini göstərir, onları istismar edən adamları ifşa edirdi. İfadə tərzinin belə ağır olmasının səbəbi bəlkə də insanları qıcıqlandırmaq və ölmüş hissləri oyatmaq istəyi idi. Necə düşünə bilərik ki, şeytandan, xortdandan qorxmayan şair müsəlmandan qorxmasının arxasında islam ideyasına nifrəti dayanır. Sabirin islamı öz içində yaşayan adamla işi olmazdı. O, şarlatanlara, din adından görülən zərərli işlərə qarşı çıxırdı. Mirzə Ələkbər Sabirin “Hophomnamə”sini pul çatışmadığı üçün çap edilə bilmirdi. Xalqın ziyalıları isə sadəcə olaraq pul vermək istəmirdilər. O zaman erməni qadınları “harada müsəlman görürəm, qorxuram” ifadəsinə görə, aralarında pul yığaraq şairin kitabını çap etdirdilər. Dilemmaya fikir verin. Bir tərəfdə özünü tanımayan, təhqir olunduğunu düşünən, Sabirə dünya prizmasından yanaşan, bu səbəbdən də şairinə sahib çıxmayan bir xalq, digər tərəfdə isə eyni cür yanlış yanaşma tərzi ilə ancaq bunu öz maraqları üçün istifadə edə bilən bir xalq. Xalq olaraq özümüzü tanımalı, boş xəyallara qapılmamalıyıq. Babəkin, Şah İsmayılın nəvələri olduğumuzu iddia edib, onlardan qalan dividentləri yeyerək harınlanmamalıyıq. Özünütənqidi həmişə əlimizdə saxlamalı, Sabirə doğru qiymət verməli və şairin bizi təhqir deyil də, tənqid etdiyini anlamalı və bu tənqiddən nəticə çıxarmalıyıq. Heç olmasa iki əsrdən sonra səhvimizi başa düşüb, onu düzəldək.

Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button