Rafiq Tağının ailəsi qətl istintaqından narazıdır

Yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağıyev yazarın qətli ilə bağlı cinayət işinin araşdırılması prosesini baş prokurorunun birinci müavini Rüstəm Usubovla müzakirə edib.

Tağıyev APA-ya bildirib ki, nazir Ramil Usubov ona hələlik heç kimin istintaqa cəlb edilmədiyini deyib.

“Ayətullahların fətvaları, Rafiqin iş yerində hər hansı konfliktinin olub-olmaması barədə versiyalar üzərində də araşdırmalar davam etdirilir”.

Cümə axşamı Rafiq Tağının ailə üzvləri onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verdiklərini bildirib.

Onlar “qətlin ətraflı şəkildə araşdırılmaması və digər məsələlərdən” şikayətçidir.

İşi aparan vəkil Elçin Sadıqov BBC Azərbaycancaya şikayət ərizəsinin məzmunu ilə bağlı məlumat verib.

Məlumatda deyilir ki, haqqında şikayət edilən istintaq orqanı işin açılması istiqamətində “heç bir səmərəli addım atmamış, cinayətin üstünün açılmasına cəhd göstərməmiş, cinayətin üstünün örtülməsinə şərait yaradılması üçün bütün istintaq addımlarını ləng atmış, ekspertiza rəyini zərərçəkən olaraq bizə təqdim etməmiş, cinayət işinin istintaqından bizi uzaq tutmaq üçün hətta zərərçəkən şəxsin hüquqi varisi qismində bizi tanımaqdan imtina etmişdir”.

Bu məsələlərlə bağlı göndərilmiş vəsatətlərə “qanunla müəyyən edilmiş qaydada baxılmaması və cavab verilməməsini” sənəddə “saymamazlıq” kimi təsvir edilib.

İstintaq İdarəsinə ilk vəsatət dekabrın 14-də göndərilib. Cavab gəlmədiyini görən vəkil və Rafiq Tağı ailəsi vəsaiti yenidən göndərib və yenə də cavab almayıb.

Şikayət ərizəsində həm də yazarın həyat yoldaşı Mailə Tağıyevanın təcili şəkildə dindirilməsi, cinayət işinin başlanılması haqqında qərarların sürətlərinin təqdim edilməsi, ekspertiza təyin edilməsi, ekspertin arayışı və ekspertiza rəyinin surətləri istənilib.

Bundan başqa, yazarın təhlükəsizliyinin təmin edilməsinə cavabdeh şəxlərin dindirilməsi, əməliyyat məlumatları və bu barədə qərarların DİN və MTN-dən alınması də xahiş edilib.

Həmçinin Tağının “xəstəxanada öldürülməsi” versiyasının araşdırılması və xəstəlik tarixinin surətinin təqdimi tələb edilib.

Tağıyev bu görüşdən sonra məhkəmə ərizəsinin geri götürüləcəyini istisna etmir:

“Rüstəm Usubov mənimlə görüşündə bildirdi ki, məsələni araşdırırlar. Söz verdi ki, bizim məhkəmə iddiamızda göstərilən məsələlər həllini tapacaq. Mən də buna inanıram”.

Yazar noyabrın 19-da işdən evə gələrkən naməlum şəxs tərəfindən bıcaqlanıb. Özünü evə çatdıran Tağı dörd gün xəstəxanada müalicə edilsə də, həyatını qurtarmaq mümkün olmayıb.

Tağının öldürülməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1 -qəsdən adam öldürmə maddəsi ilə cinayət işi davam edir.

Ictimaiyyət və beynəlxalq təşkilatlar yazarın öldürülməsindən narahatlıq keçirdiklərini və hadisənin tezliklə açılmasını tələb edir.

13.01.2012

BBC Azərbaycan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button