Rafiq Tağıya elegiya

Nərmin Hüseynzadə

 Evimizdəki bütün bıçaqları
Danladım səhərə qədər…
Olmaz dedim, adamın ürəyinə batmaq olmaz dedim…
***
Telefonumun yaddaşında niyəsə adınız Tağı Rafiq kimi qalmışdı. Heç dəyişmirdim də. Hər dəfə sizdən zəng gələndə telefonu götürüb “Bəli, Tağı müəllim” deyirdim. Gülüb, “ Bağışlayın, mən hansı Tağıyam” soruşardınız. Bütün telefon danışıqlarımız belə başlayardı… Sonra dərhal keçərdik hansısa yazı haqqında danışmağa. Mənə elə çox şey öyrətdiniz ki!.. Sizə nə vaxtsa elegiya yazacağımı ağlıma da gətiməmişdim.
Birinci dəfə 2010-cu ilin fevralında görüşdük. “Ali və Nino” kitab evinin kafesində. “Alotoran” ın təqdimatında. Onda mən əyalətdən təzə gəlmişdim. Heç haranı tanımadığım kimi, heç kimi də tanımırdım. Kafeni tanımadığımı utana-utana dedim sizə. Gülümsəyib, “Gənc Tamaşıçılar Teatrı ilə üzbəüz” dediniz. Mən heç Gənc Tamaşıçılar Teatrının da harada olduğunu bilmirdim. Soruşa-soruşa gəlib çatdım. Sizi ilk dəfə gördüm – mülayim, gülərüz, eynəkli bir adam. Rahatladım. İçəridə ancaq imzalarından, şəkillərdən tanıdığım xeyli adam vardı. Qəribə hiss edirdim özümü. Məni hamıyla tanış etdiniz. Sonra onlar şeirlərini oxumağa başladılar. Şeirlərdəki söyüşləri, ifadələri eşitdikcə qulaqlarıma qədər qızarmışdım. Durub, “Ay uşaqlar, bəsdirin, Nərmin xanımdan utandım lap” demişdiniz.

Siz mənim ilk müsahibim oldunuz…
Sonra sizi həmişə yanımda gördüm, mənə dəstək olan, kömək edən gördüm..
***
“O gün” eşitdim ki, Sizi – mənim yazıçımı vurublar. 6 bıçaq batırıblar dünyanın ən yumşaq adamına. Sonra bütün həyatımız sizinlə doldu. Hər yerdə sizdən danışdılar. Hamını bir-birinə daha yaxın etdiniz. Birlikdə baş sındırdıq, ağladıq, “belə olmaz” dedik… Qəzəbləndik.
Biz qəzəbdən divarları yumruqlayanda, siz yenə də sakit idiniz. Yenə gülümsəyirdiniz. Kürəyinizdə altı yarayla, siz – Rafiq Tağı – bizi ovundururdunuz. “Darıxmayın, düzələcək, sağalacam, hər şey yaxşı olacaq” – deyirdiz.
Sonuncu görüşümüz xəstəxanada oldu. Yatmışdız. Həkim oyatmadan baxıb çıxmamı istədi. Sizi elə görməkdən kədərli heç nə ola bilməzdi. Yavaşca əlinizdən öpdüm. Əlimi sıxdınız, üzümə baxıb gülümsədiniz. Əlləriniz od kimi istiydi, hocam. Adam buraxmaq istəmirdi…
Siz adamın öz atası kimi olmağı bacaran tanıdığım yeganə insan idiniz…
Dünyadan bir həkim, bir ata, bir yazıçı, bir dost, bir yaxşı insan daha getdi…
Sizi qucaqlayıb hönkür-hönkür ağlamaq istəyirəm…

ASİ-Xural

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button