“Rafiqin qatili tapılmayana qədər əl çəkmərəm…”

SONY DSC24.06.2013

Mərhum yazar Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva “Media forum” saytına danışıb. O, iyunun 22-də prezident İlham Əliyevə ünvanlandığı müraciətdən söz açıb: “Bu, prezidentə üçüncü müraciətimizdir. Bir istəyimiz var ki, prezident bizi qəbul etsin, sözümüzü deyək. Niyə qətlin istintaqı bu qədər yubanır? Niyə cinayətin üstü açılmır? Belə olmaz axı, az qalıb ölümündən iki ilə yaxın vaxt keçsin, hələ bir xəbər yoxdur”.

Mailə Tağıyeva Baş Prokurorluqdan şikayətlənib: “İşi aparan müstəntiq başımızı aldadır. Hər dəfə deyirlər ki, iş gedir. Ancaq bir nəticə yoxdur. Ailəyə heç bir hesabat verilmir. Elə bil yoldaşımı öldürməyiblər. Rafiqin qatili tapılmayana qədər əl çəkmərəm. Mən dövlətdən yardım istəmirəm. İstəyirəm ki, uşaqlarımın atasının qanı yerdə qalmasın. Övladlarım da qatilin tapılmasını istəyir”.

İyunun 22-də mərhum yazıçı-publisist Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, Rafiq Tağının öldürülməsindən 2 ilə yaxın keçməsinə baxmayaraq qətli araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmayıb, nəticədə xüsusilə ağır cinayətin üstü açılmayıb: “Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayət və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul etməkdən imtina edib”.

Müraciət müəllifləri yazıçının ölümünün araşdırılmasına göstəriş verilməsini və istintaqın diqqətdə saxlanılmasını xahiş edirlər.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button