Rahil Məmmədov adlı DYP qoçusu

Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Rahil Məmmədov vətəndaş-sürücüdən atasının ad-soyadını dəyişdirməsini tələb edir…

«Qulaq hər gün bir söz eşitməsə kar olar» deyib atalar. Azərbaycanda da belədir. Bu ölkədə o qədər maraqlı və heyrətamiz hadisələr baş verir ki, adamın qulaqları az qalır kar olsun. Belə hadisələrdən biri də Binəqədi rayon DYP tərəfindən baş verib. Bu məşhur idarənin rəisi Rahil Məmmədov təyin olunandan bu tərəfə haqqında dəfələrlə xəbərlər, məlumatlar gəlsə də bu qədərini təxmin etməmişdik. Sən demə, rəisdə bir padşahlıq eşqi varmış və bu eşq onu bir vətəndaşın həyatını zəhər etməyə qədər aparırmış.


Hadisə Nəsimi rayon, Dağıstan küçəsi 7, mənzil 1-də yaşayan, ancaq Binəqədi rayon 7-ci mikrorayondakı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində işləyən Zamir Rahil oğlu Məmmədovun başına gəlib. İşin inanılmaz tərəfi odur ki, Zamirin atasının adı və soyadı Binəqədi rayon DYP rəisi Rahil Məmmədovun ad-soyadı ilə eynidir. Bu da onun qəzəbə gəlməsinə əsas səbəb təşkil edib. 1997-ci ildən sürücülük vəsiqəsi olan, hələ bu günə qədər bir dəfə yol hərəkəti qaydalarını pozmayan Rahil oğlu Məmmədov təkcə oktyabr-noyabr ayları ərzində Rahil Məmmədovun birbaşa tapşırığı ilə 23 dəfə saxlanılıb və cəzalandırılıb. Əksəriyyəti də 151.1-ci maddə ilə. Zamir içki də içmir ki, deyəsən, içkili vaxtında yaxalanıb Rahil Məmmədovun sürücütutanları tərəfindən. Bir neçə dəfə rəisin yanında olsa da, sərt cavablar alıb və problemlərinin həllinə nail ola bilməyib. Zamir Daxili İşlər naziri cənab Ramil Usubova ünvanladığı məktubunda yazır: «Noyabrın 30-da, saat 15.00-da 398 saylı YPX yenə məni haqsız yerə cərimələdi. Etirazımı bildirmək üçün DYPŞ rəisinin qəbuluna getdim. Rəis Rahil Məmmədov «get, sabah gələrsən» dedi. Sabahı gün, DYP-yə çatar-çatmaz 397 saylı YPX tərəfindən saxlanıldım. Dediyinə görə, şəxsən rəisin tapşırığına görə cərimə meydançasına aparıldım. Saat yarım gözlədikdən sonra rəisin qəbuluna düşdüm. Rahil Məmmədov heç bir əsas olmadan məni təhqir etdi və «məsləhət» elədi ki, atamın adını və soyadımı dəyişim. Sən demə, mənim atamın adının Rahil olması, soyadımın isə Məmmədov olması Rahil Məmmədovu əsəbiləşdirirmiş…»
Belə… Məlum olur ki, Binəqədi DYPŞ-nin rəisi Rahil Məmmədov vətəndaşın atası onun adaşı olduğu üçün tabeçiliyindəki 392, 397, 398 nömrəli DYP avtomobillərinə tapşırıq verib ki, onu canından bezdirsinlər. Sürücüdən tələb olunur ki, atasının adını və soyadını dəyişdirsin!!!
Biz cənab Ramil Usubovdan, Daxili İşlər Nazirliyinin əlaqədar generallarından bu biabırçılığa münasibət bildirmələrini gözləyirik. Rahil Məmmədov adlı rəisin yerində oturdulmasını və cəzalandırılmasını da tələb edir və bəyan edirik ki, vətəndaş-sürücünün problemlərinin həll olunduğu günə qədər onun yanındayıq.

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button