Ramil Usubov ət biznesini inhisara alır?!

«Meyvəli» bazarının yaxınlığında «Ət Anbarı» inşa olunur

 Yaxın zamanlarda ölkədə «Ət Birliyi» adlı inzibati qurum da yaradılacaq

 Son bir ay ərzində Azərbaycanda mal və qoyun ətinin qiyməti durmadan bahalaşmaqdadır. Avqust ayından bu günə qədər ölkə daxilində ətin qiyməti 6-7 manatdan 12 manata qədər bahalaşıb. Bu 200 faizlik bahalaşmanın isə konkret olaraq səbəbləri barədə indiyə qədər heç bir rəsmi açıqlama verilməyib. Ara-sıra səslənən rəsmi məlumatlarda bildirilib ki, ölkədə ətin bahalaşmasını zəruri edən heç bir şərt ortada deyil. Hətta Kənd Təsərrüfatı Nazirliyinin sözçüləri bəyan edirlər ki, ətin qiymətini hansısa işbazlar süni şəkildə artırırlar. Maraqlıdır ki, mətbuat bu mövzu ilə bağlı olaraq dəfələrlə geniş araşdırma mövzuları dərc etsələr də, konkret olaraq bir dəqiq səbəb tapa bilməyib.

Bu günə qədər ətin hər an bahalaşması ilə bağlı olaraq ortaya çıxan səbəblərdən biri kimi mal yemlərinin qiymətlərinin artımı göstərilir. Əslində, bu, payız-qış mövsümi üçün xarakterik olsa da, qiymətlərin 2 dəfə bahalaşması üçün o qədər də ciddi arqument kimi göstərilə bilməz. Bununla belə informasiyalara əsasən, son zamanlar Azərbaycana Dağıstandan, Gürcüstandan və Hindistandan ət idxalına qadağalar qoyulub. Dünən bununla bağlı redaksiyamıza məlumat verə niş adamlarından biri bildirdi ki, son bir ay ərzində ölkəyə ət idxal edən «SAB» şirkətinə də qadağalar tətbiq edilməyə başlayıb. «Bu şirkət ölkəyə ət idxal edən ən iri qurumdur. Lakin bir aydır ki, gömrükdə «SAB»ın gətirdiyi ətləri buraxmırlar. Gürcüstandan ət idxalına qadağa ona görə qoyulub ki, guya bu ölkədə qara yara xəstəliyi yayılıb. Hindistandan isə birmənalı olaraq idxal dayandırılıb. Dağıstandan gətirilən ətlə bağlı da eyni formada qeyri-rəsmi qadağa mövcuddur» deyə həmsöhbətimiz bildirdi.

Əlavə etdi ki, ətin qiymətinin bahalaşmasının əsas və birinci səbəbi qeyri-rəsmi inzibati qadağalardır.

Məlumat üçün əlavə edək ki, «SAB» şirkəti Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə məxsusdur. Şeyxin ən yaxın qohumlarının adına rəsmiləşdirilmiş bu şirkət ölkəyə hazır ət məhsulları idxal etməklə məşğul olur. Son zamanlar isə Şeyxin firmasına sadəcə kolbasa istehsalı üçün ət idxalına icazə verilib. Pərakəndə şəkildə dükanlarda satılan ət məhsulları ilə bağlı olaraqsa, qadağalar tətbiq edilməyə başlayıb. Elə apardığımız kiçik araşdırma da göstərdi ki, əslində son zamanlar dükanlarda «SAB»-ın ətlərinə rast gəlmək mümkün deyil. Nərimanov rayonu ərazisində müraciət etdiyimiz iri market sahibləri dedilər ki, bir aya yaxındır ki, «SAB»-ın ətini satışa buraxmırlar.

Bununla belə apardığımız araşdırmalar nəticəsində ölkədə ət qıtlığının yaranmasına səbəb olan qeyri-rəsmi idxal qadağaları da diqqətimizi çəkdi. Məlum oldu ki, əslində bu qadağalar da səbəbsiz deyilmiş. Belə ki, Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» adlanan Kənd Təsərrüfatı Məhsulları Bazarında iri həcmdə ət anbarı inşa edilir. Yaxın zamanlarda bu anbar istifadəyə veriləcək. Məlumatda bildirilirdi ki, bu anbar istifadəyə veriləndən sonra ya rəsmi, ya da qeyri-rəsmi ölkədə «Ət Birliyi» yaradılacaq. Bu birlik yaradılandan sonra isə Bakı şəhərində fərdi və pərakəndə qaydada ət kəsilməsi qadağan olunacaq. Qəssab dükanlarında hazır kəsilmiş ət satılmağa başlayacaq. Bu barədə aldığımız bilgilərə əsasən, Lökbatandakı ət anbarında kəsilən heyvanların əti ilə bağlı rəsmi sənədləşmələr də aparılacaq.

Araşdırmalar nəticəsində məlum oldu ki, bu birlik «Meyvəli» bazarının sahibi olan və daxili işlər naziri Ramil Usubova yaxınlığı ilə tanınan şəxslər tərəfindən idarə olunacaq. Hətta R.Usubovun yaxın qohumları ilə bağlı olaraq məlumat verən mənbə iddia edir ki, «Ət Birliyi» yaradılandan sonra vahid qiymət siyasətinin tətbiqinə də başlanacaq. Bundan sonra isə heç bir fərdi sahibkar kənddən öz məhsulu olaraq ətlik heyvanların kəsilməsinə və satışına nail ola bilməyəcək.

Qeyd edək ki, qonşu Türkiyədə də belə bir birlik fəaliyyət göstərir. Lakin bu birlik sırf ictimai əsaslıdır və sahibkarlar tərəfindən formalaşdırılıb. Qiymətlər dövlətlə razılaşdırılsa da, bu sahəyə konkret olaraq qayğı göstərilir. Eyni zamanda heç bir kəndli-fermerə şəxsi ətlik heyvanını harada kəsmək, kimə satmaqla bağlı hansısa inzibati qadağa qoyulmur. Azərbaycanda isə artıq bu işi polis sistemi ilə inhisara alırlar.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button