Ramiz babanın Yeni il sürprizi

Yasəmən Arif

Sənin 10.000 manatın cəhənnəm, mənim 3 manatlıq klaviaturam hara geee…tdi?!

Ötən həftə 9 illik «Xural» dönəmimdə bəlkə də ən ağır həftələrdən biri oldu. Əvəz müəllimin bir neçə gün əvvəl ziyarətindən qayıtdığı Kərbəlayi İsmayıl demişkən, «heç Hitlerin müsibəti də belə olmamışdı». Yəni Hitler dedikdə, əziz Oxucular, elə başa düşməyin ki, onun ölümünə, ya da dünya müharibəsinə-filan səbəb olmuşuq, əsla. Sadəcə, Hitlerin «Mənim Savaşım» kitabının tərcüməsi ilə bağlı yəhudilərin bizi məhkəməyə verdiyi 6 ildən çox çəkən bir qalmaqalı nəzərdə tuturam. Fikrinizi yayındırmayım…

Onu deyirdim ki, ötən həftə ən ağır həftə oldqu «Xural» tarixində. Redaksiyaya daxil olan «İcra haqqında» məktub bəlkə də ən çox məni şoka saldı desəm, yalan olmaz. İlahi, insan beynindən bir anın içindən nələr keçmir ki? Keçənlərin sonunda hiss elədim ki, artıq beynim donub…

Birtəhər özümü sakitləşdirib məktubu bir neçə yerə faksla göndərdikdən sonra yenidən oxudum. Bu, olacaq iş deyildi. Necə ola bilər axı? Suallar çox, cavab isə yox… Şəxsiyyətini hər zaman xüsusi qeyd etdiyimiz birinin bu hərəkəti, necə deyərlər, «pambıqla baş kəsmək»dən başqa bir şey deyildi…

Söhbətin kimdən getdiyini yəqin ki, dostlar başa düşdülər. Başa düşməyənlər üçün izah etmək istəyirəm – bu şəxs Azərbaycan reallığında, cəmiyyətində, ictimaiyyətində, xüsusilə də dövlət idarəetməsində hər zaman adı ehtiyatlılıqla çəkilən (deyəsən, ehtiyatsızlığı elə özümüz etdik…) və bəlkə hakimiyyətin yüksək eşalonunda ilk şəxslərdən biri olan Ramiz Mehdiyevdir.

Ramiz Mehdiyev 6 ay əvvəldən, «Xural» qəzetini məhkəməyə verib. Məhkəmə iddiası ilk gələndə dostlardan bəzilərinin «Əvəz bəy, Ramiz Mehdiyev sizi tutdurmaq istəmir, görürsünüz necə «jest» eləyib qəzeti mülki qaydada məhkəməyə verib» təsəllisini eşidəndə də, Ramiz Mehdiyevin vəkilinin dilini şirin edərək özünü «centlemen» kimi aparmaq istəməsində də inanmamışdım. Bu məsələdən gözüm heç su içməmişdi. Bu xəmirin «hələ çox su aparacağ»ını yaxşı bilirdim. Mənim düşüncələrimdə formalaşan Ramiz Mehdiyev obrazı mütləq bunu bizə «yedirtmədən», necə deyərlər, anadan əmdiyimizi burnumuzdan piltə-piltə gətirmədən bizdən əl çəkməyəcəkdi. Bir neçə dəfə ümumi söhbətlərimizdə bunu söyləmişdim də. Amma «keçənə güzəşt deyərlər», artıq olan olmuşdu. İlk dəfə idi ki, bir məktub qarşısında çıxılmaz vəziyyətə düşmüşdüm. «Necə etməli?» deyə yollar axtarmaqdan başqa çarə qalmırdı. Nə etmək olardı ki, nə şiş yansın, nə də kabab? Kabablıq belə pulumuz onsuz da yoxdur… Bir-iki köhnə şişi isə yandırmağa nə lüzum var?!

Nə qədər fikirləşsən də, fakt faktlığında qalır. «İcra haqqında» sənəd sizə balaca bir şey kimi görünməsin. Vallah, bunun bir də Ramiz Mehdiyevin adından gəlməsinə baxdıqda üfüqdə işıq nədir, Allahın yanıb-sönən böcək işartısı (tərs kimi bu böcəklər də yalnız yayda görsənir, qışda havaların isti keçməsinə aldanıb böcək axtarmağa dəyməz) belə görünmür. Necə deyərlər, yandıq, nə yandıq…

Əziz Oxucular, elə zənn etməyin ki, qorxuruq, ağlayırıq… Yox, 9 ildən bəri işıq üzü görən «Xural»ın başı nələr çəkmədi ki? Nələr görmədik, kimlərlə məhkəmə salonlarında görüşmədik ki? Bizi yəhudilər də, ermənilər də məhkəmələrə çəkdilər… Dövlət məmurları səsimizi kəsmək istədi. Hamı ilə bacardıq… Sadəcə, heç vaxt birinci şəxsin əli ilə başımız kəsilmədi… Yəni görmədiyimiz bir Birincilər qalmışdı, onu da sağ olsunlar, göstərirlər. Ona görə «Birinci şəxs» deyirəm ki, vallah, Ramiz Mehdiyevin adı gələndə hakimlər də 10 günə verəcəkləri qərarları 10 dəqiqəyə verirlər! Heç Prezident cənab İlham Əliyevin adı gələndə bu qədər əl-ayağa düşmürlər…

Yeni il öncəsi bütün xəyallarım suya düşdü. Düzdür, bu aralar bizdə sular buz bağlamasa da, yenə qış suyudur. O xəyaldan xəyal olmaz artıq. Bu günlərdə ağlımda «İcra qərarı»ndan başqa bir şey yoxdur. Təsəvvür edin, qapı açılır, icranı yerinə yetirmək üçün daxil olurlar. Gözümün qarşısında əziz bilgisayarımın necə aparılmasına baxmağa ürəyim dözmür. Düzdür, bu bilgisayarım yaxşı işləmirdi. «D diski» təxminən dolmuşdu. «C diski» ölüm-zülümlə işləyir, klaviaturasının üzərindəki hərflərin yerini məndən başqa heç kim oxuya bilmirdi. «Mışka»nın isə şərqi göstərib qərbi açmasına baxmayaraq, ona yalnız mən dözə bilərdim. Nə də olmasa, 9 illik can yoldaşımdır. Hələ «D diski»ndə 10 QB yer tutan şəkillərimi demirəm…

Əgər bilgisayarımı aparsalar, Əvəz müəllimin bir şeydən dəqiq canı qurtaracaq – 3 aydan bəri mənə söz verib almadığı klaviaturadan…

Yeni il öncəsi Ramiz babanın bizə Yeni il hədiyyəsi çox ağır gəldi, dostlar…

Görəsən, Qar qızın nə sürprizi olacaq!? Olacaqmı?!

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button