Ramiz Mehdiyev “Xural”a qarşı iddiasını geri götürməyibmiş?!

Mətbuat Şurası yalan məlumat yayıb

Bir müddət əvvəl “Yeni Müsavat” qəzeti Mətbuat Şurasına istinadən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetindən tələb etdiyi 10 min manatdan imtina etməsi barədə məlumat yaymışdı.

MŞ-ının sədri Əflatun Amaşov “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında R. Mehdiyevin 6 ay əvvəl 10 min manatlıq cərimədən imtina etdiyini bildirmişdi. Dünən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələni dəqiqləşdirmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsində olub. Məhkəmədə Ə. Zeynallıya R.Mehdiyevin cərimədən imtina etmədiyini bildiriblər və bu xəbəri çox heyrətlə qarşılayıblar.

Müstəqil yönlü mətbuatı peşə etikasını pozmaqdan günahlandıran, R. Mehdiyev də daxil olmaqla hakimiyyətdə təmsil olunan yüksək rütbəli məmurları tənqid edən qəzetləri “qara siyahı”ya salan Ə.Amaşov özü peşə etikasını kobud şəkildə pozaraq ictimaiyyətə yalan məlumat verib. Bu faktın özü bir daha onu sübut edir ki, “Xural” qəzetinə edilən basqıların başında R.Mehdiyev şəxsən özü dayanır. Ə.Amaşov, Ədliyyə Nazirliyi və digər qurumlar R.Mehdiyevin göstərişi ilə “Xural” qəzetinin əmlakını müsadirə edir, əvəzində isə Ədliyyə Nazirliyinin cəmiyyətə verdiyi bəyanatda R.Mehdiyevin adı bilərəkdən çıxarılır. Bu da onu sübut edir ki, R.Mehdiyevin iddiası əsasında məhkəmə “qərar”ı ilə “Xural” qəzetinin əmlakının müsadirə olunmasında birbaşa aidiyyatı olan PA rəhbəri, artıq adının mətbuatda hallanmasını istəmir və bacardığı şəkildə ictimaiyyətə yanlış məlumatların ötürülməsinə çalışır. O sırada ANS kanalının bir neçə gün əvvəl “Xural”a qarşı hazırladığı və qəzet barədə həqiqətə uyğun olmayan məlumatlar yayması da görünür R.Mehdiyevin sifarişi ilə həyata keçirilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button