Ramiz Mehdiyev “Xural”ın əmlakını talan etdi

Dünən “Xural” qəzetinin texniki avadanlığı Nərimanov rayon məhkəmə qərarları icraçıları tərəfindən müsadirə edilib. Qeyd edək ki, müsadirəyə səbəb Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı qaldırdığı iddia əsasında qəzetin 10 min manat cərimə edilməsi olub. Məhkəmə icraçıları cərimənin ödənilməsi üçün əmlakın müsadirə edilməsi barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva cavabdeh tərəfin iştirakı olmadan əmlakın müsadirə edilməsi barədə qərar qəbul edib.

“Xural” qəzeti mühasirədə

İcraçılar səhər saat 9:00 radələrində “Xural” qəzetinin redaksiyası qarşısına gəlib. Saat 10:00-da redaksiyaya gələn “Liberal.az” saytının təsisçisi Əfqan Muxtarlı icraçıları qapı ağzında görüb. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı redaksiyanın qapılarını açan kimi, 8 nəfərdən artıq məhkəmə icraçısı icəri daxil oldular. Nərimanov rayon məhkəmə qərarları icraçılarının Yavər Allahverdiyev bir neçə ay əvvəl “Xural” qəzetinin siyahıya alınmış əmlakının yoxlanılmasını həyata keçiriləcəyini bildirdi: “Bu, sadəcə yoxlamadır. Biz siyahı üzrə əmlakın yerində olmasını yoxlayıb, akt tərtib edəcəyik”. Bundan sonra siyahı üzrə redaksiyanın əmlakının yoxlanılması başladı. Siyahıya alınmış əmlak yoxlandıqdan sonra Y.Allahverdiyev yenidən siyahıya alınmanın həyata keçiriləcəyini bəyan etdi. Ə.Zeynallı bu qərara etirazını bildirdi. Y.Allahverdiyev isə gülünc arqumetlərini irəli sürdü:
– Əmlakın siyahıya alınması bir neçə ay əvvəl həyata keçirilib. Bu müddətdə siz işləmisiniz. Qəzetiniz gündəlik çıxmağa başlayıb. Deməli, qazanmısınız və yeni əmlak almısınız. Ona görə yenidən siyahıya alma aparılacaq.
Ə.Zeynallı:
– Onda belə çıxır ki, əynimizdəki gödəkcələri də müsadirə edə bilərsiniz.
Y.Allahverdiyev:
– Gödəkcələr lazım deyil. Amma cibinizdə pul varsa, verin.
Bu dialoqdan sonra “Xural” qəzetinin əmlakının yenidən siyahıya alınması başladı. Onu da qeyd edək ki, məhkəmə icraçıları ilə birlikdə redaksiyamıza çoxsaylı mülki geyimli şəxslər də daxil olmuşdu. Ə.Zeynallı həmin şəxslərin kimliyi barədə izahatından sonra mülki geyimlilər redaksiyanı tərk etdi. Bu müddət ərzində isə Y.Allahverdiyev mobil telefonla bizə məlum olmayan yerlə daimi əlaqə saxlayaraq təlimatlar alırdı. Bir müddət sonra isə məhkəmə icraçıları redaksiyamızın yaxınlığında dayanan ağ rəngli “Cip” markalı maşında əyləşən şəxsdən təlimatlar almağa başladılar.

Əliyevlərin portretləri siyahıya alınmadı

Məhkəmə icraçıları müvafiq ünvandan təlimat aldıqdan sonra redaksiyanın əmlakının yenidən siyahıya alınmasına başladılar. Redaksiyada olan ən əhəmiyyətsiz avadanlıqlar, qızdırıcılar, diktofonlar, telefon aparatları, kitablar və rəsmlər yenidən siyahıya alındı. Lakin məhkəmə icraçıları məhrum dövlət başçısı Heydər Əliyevin, indiki dövlət başçısı İlham Əliyevin və hər iki Əliyevlərin birgə portretlərini siyahıya almaqdan imtina etdilər. Həmin portretlərin də maddi və mənəvi dəyərini olduğunu icraçıların nəzərinə çatdırdıq. Lakin icraçılar təkidlə həmin portretləri siyahya almadılar. Bunu isə ancaq maddi dəyəri olan əşyaların siyahıya salınması ilə əsaslandırdılar. Qeyd edək ki, icraçılar Şah İsmail Xətainin və Boz Qurdların portretlərini siyahıya aldılar.

“Liberal.az”ın əmlakı yağmalandı

“Xural” qəzetinin əmlakı yenidən siyahıya alınarkən növbəti qanunsuzluq hadisəsi baş verdi. İcraçılar “Xural” qəzeti ilə eyni binada yerləşən “Liberal.az” saytına məxsus 2 ədəd kompüteri də, müsadirə ediləcək əmlakın siyahısına daxil etdilər. Saytın təsisçisi Ə.Muxtarlı iş icraçılarından qanunsuz hərəkətlərə son qoyulmasını tələb etdi:
– Bu əmlakın və otağın “Xural” qəzetinə aidiyyatı yoxdur. Sayt barədə heç bir məhkəmə qərarı yoxdur. Sizin hərəkətləriniz qanunsuzluqdur.
Y.Allahverdiyev:
– Biz burada olan bütün avadanlıqları siyahıya alaçağıq. Bizdən məhkəməyə şikayət edin.
Ə.Muxtarlı:
– Sizdə “Xural” qəzetinə məxsus ərazi barədə sahibkarla qəzet arasında imzalanmış müqavilə var. Həmin müqavilədə bu otaq göstərilməyib.
Y.Allahverdiyev:
– Gedin bizdən şikayət edin.
Ə.Muxtarlı:
Onda akta qeyd edin ki, əmlakın “Xural” qəzetinə aid edilmədiyi bildirilir.
Y.Allahverdiyev akta 2 kompüterin “Liberal.az” saytına məxsus olduğunu qeyd edəcəkləri barədə vəd versə də, sonradan vədinə əməl etməkdən imtina etdi.

“Ramiz Mehdiyev iddiasından imtina etməlidir”

“Xural” qəzetinə qanunsuz müdaxilədən dərhal sonra ölkənin aparıcı KİV-lərin rəhbərləri həmrəyliklərini nümayiş etdirdi. “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov redaksiyamıza gələrək hadisələri izlədilər.

RATİ-inin rəhbəri Emin Hüseynov yoxlamanın qanuni əsasının olmadığını bildirdi: “Hesab edirəm ki, bu yoxlamanın heç bir hüquqi əsası yoxdur. Redaksiyanın əmlakını bir dəfə siyahıya alıblar. “Xural” qəzeti icraatın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə gedə-gedə icraçıların redaksiyaya gəlməsi məntiqə də ziddir. Bu gəliş “Xural” qəzetinin gündəlik nəşri ilə bağlıdır. Mütəmadi olaraq ölkə rəhbərliyinə qarşı tənqidi yazılarla çıxış etdiyi üçün “proflaktik” xəbərdir. Xof yaratmaq, hədə-qorxu yaratmaq istəyirlər. Yuxarıdan göstəriş olacaqsa, Azərbaycan kimi qanunun aliliyi olmayan bir ölkədə növbəti gəliş avadanlıqların müsadirəsi ilə nəticələnə bilər. Nəticədə qəzetin fəaliyyəti iflic olacaq. Bu gəliş bir daha göstərir ki, Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirib, hələ də ifadə azadlığına basqıdan əl çəkməyib. Baxmayaraq ki, iki gün öncə “Əl-Cəzirə” telekanalına müsahibəsində cənab İlham Əliyev deyib ki, Azərbaycanda ifadə azadlığı problemi yoxdur. Misal kimi də internetin azad olmasını önə çəkdi. Amma İlham Əliyevin bu cür çıxışından sonra Prezident Administrasiyasının rəhbərinin iddiasına əsasən əmlakı təkrar siyahıya alınır. İfadə azadlığına hörmət onun administrasiya rəhbəri tərəfindən icra olunmur. Prezident bir söz deyir, administrasiya rəhbəri başqa söz deyir. Ramiz Mehdiyev iddiasından imtina etməli, cərimədən əl çəkməli idi”.

Mehdiyev sifariş verdi, məhkəmə qərar qəbul etdi

Əmlak yenidən siyahıya alınıb akt tərtib edildikdən sonra icraçıların bir qismi redaksiyanı tərk etdi. Lakin 3 nəfər icraçı redaksiyanın qarşısında keşik çəkməkdə davam edirdi. Bu müddət ərzində 2 dəfə redaksiyamızın işığı kəsildi. Saat 19.00 radələrində İcra Şöbəsinin rəisi əlində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə yenidən redaksiyaya daxil oldu. Rəis əmlakın müsadirə edilməsi barədə qərarın olduğunu bildirərək əmlakın müsadirə ediləcəyini bildirdi. Rəis eyni zamanda məhkəmə qərarını Ə.Zeynallıya təqdim etdi. 19 oktyabr 2011-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın sədrliyi ilə keçən məhkəmədə “Xural” qəzetinin əmlakının həbs edilməsi və tələbin həmin əmlaka yönəldilməsi barədə qərar qəbul edilib. Qərardan 10 gün müddətinə şikayət verilə bilər. Qeyd edək ki, məhkəmə “Xural” qəzetinin nümayəndəsinin iştirakı olmadan keçirilib. Bundan əlavə, icraçılar icra vərəqi olmadan əmlakın müsadirəsini həyata keçiriblər. Bu faktlar onu göstərir ki, məhkəmə siyasi sifarişi icra edib. Eyni zamanda İcra Şöbəsi məhkəmə hökmünün qüvvəyə minməsini gözləmədən və icra vərəqəsi təqdim etmədən əmlakı müsadirə etməsi sıradan bir hadisə hesab etmək olmaz. Qəzetimizin vəkili Elçin Sadıqov əmlakın müsadirəsinin qanunsuz olduğunu söylədi: “Bu hüquqi yox, siyasi prosesdir. Məhkəmə qərardadının qanunsuz olaraq verilməsi bir yana, bu qərardadın dərhal icraya yönəldilməsinin özü də qanunsuzdur. Məhkəmə qərarı o zaman icra olunur ki, məhkəmə icra vərəqəsi verir. İcra vərəqi olmadan əşyaların müsadirə olunması qəzetin qapadılması üçün siyasi sifarişin icrasıdır”.

Demokratik düşərgə “Xural”ın müdafiəsinə qalxdı

Redaksiya əmlakının müsadirəyə başlaması demokratik düşərgənin ciddi etirazına səbəb olub. Əmlakın müsadirə edilməsinə başladıqdan az müddət sonra, Pənah Hüseyn, millət vəkili İqbal Ağazadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev, tanınmış köşə yazarlarından Elnur Astanbəyli, Natiq Cavadlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, KXCP-nin sədr müavini Xəzər Teyyublu, Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan, “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, “El” hərəkatının fəalları və ictimaiyyət nümayəndələri “Xural” qəzetinə dəstək nümayiş etdirmək üçün redaksiyamıza gəldilər.

“Baş verənlər cinayətdir”

“Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Azərbaycan mətbuatının növbəti dəfə basqıya məruz qaldığını bildirdi: “Baş verənlər cinayətdir. Bu, tək bir qəzetin redaksiyasına qarşı yox, söz azadlığına, konstitusiya hüquqlarına, insan haqlarına təməl olaraq törədilən cinayətdir. Avropa məkanına bağlı ölkədə bu hadisənin olması adama utanc verir. Bu hər bir Oxucuya bütövlükdə meydan oxumaqdır. Biz hər kəsə istədiyimizi edə bilərik deməkdir”.

“Mətbuat azadlığına dözümlü münasibət olmalı idi”

“Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iş icraçılarının qanunsuzluq etdiklərini bildirdi: “Məhkəmə qərarları iş vaxtında icra olunur. İkincisi qərardaddan şikayət müddəti var. Qərar dərhal icraya yönəlməyib. Söz və mətbuat azadlığına dözümlü münasibət olmalı idi”.

“Hadisənin siyasi sifariş olduğunu düşünürəm”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli icraçıların siyasi sifariş əsasında hərəkətə keçdiklərini bildirdi: “Bu hadisənin siyasi sifariş olduğunu düşünürəm. Çünki “Xural” qəzeti gündəlik nəşrə keçdikdən sonra Azərbaycanda tənqidi jurnalistikanın əsas tribunalarından birinə çevrildi. Hazırda baş verən hadisə göstərir ki, prosesin özündə qanun pozuntuları var. Məhkəmə qərarının dərhal icrası ilə bağlı qətnamə yoxdur. Əmlakın müsadirəsinə gəlincə, öncə qərarların icrası idarəsindən xəbərdarlıq göndərilməli idi. Qəzetin bank hesabları, mülkiyyətində olan əmlakla bağlı xüsusi sənəd gəlir. Burada qanunvericilik normaları da pozulur. Qəzet fasiləsiz olaraq çıxmalıdır. Bu onu göstərir ki, hökumət tərəfindən Azərbaycanda söz və ifadə azadlığına barışmaz münasibət var. Bunun arxasında siyasi niyyət durur. Bu münasibət dəyişməlidir”.

“Bu böyük bir rəzalət və biabırçılıqdır”

Sabiq millət vəkili hadisəni rəzalət adlandırdı: “Bu, böyük bir rəzalət və biabırçılıqdır. İndiki Azərbaycan iqtidarının gerçəkliyi ilə yanaşsaq, bunlar üçün bir norma xarakterli məsələdir. Bu Azərbaycandakı vəziyyətin indiki iqtidar baxımından çox gözəl bir illüstrasiyasıdır. Hakimiyyətin demokratiya, azad söz, mətbuat azadlığı haqqında dediklərinin iç üzünü açan hadisədir. İndiki məqamda belə bir rəzalətə getmək indiki rejimin sonunun göstəricisidir. Eyibdir. Bu cür yollarla o gedişatın qarşısını ala bilməyəcəklər”.

“Bu, dəhşətli bir hadisədir”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da hadisənin siyasi qərarla bağlı olduğunu bildirdi: “Bu, dəhşətli bir hadisədir. Son illərdə media ilə bağlı verilən ən radikal qərardır. Bu məhkəmə qərarından daha çox siyasi qərardır. Məqsəd qəzetin çıxmağına imkan verməməkdir. Bu hadisəni pisləyirik. Bu ölkədə söz və mətbuat azadlığına ən radikal müdaxilə deməkdir. Qəzetimiz və şəxsimiz adından bu hadisəni pisləyərək, “Xural” qəzetinə dəstək verdiyimizi bəyan edirik”.

“İlham Əliyevi kompüter oğurlayanda gördüm”

Tanınmış köşə yazarı Elnur Astanbəyli hadisənin əxlaqsızlıq olduğunu bildirdi: “Bu, əxlaqsızlıqdır. Çünki hüququn işləməsi üçün bir ölkədə öncə hüququn əxlaqı təmin olunmalıdır. Məsələ onda deyil ki, bir qəzet haqqında məhkəmə qərarı çıxarılır və yerinə yetirilir. Qərarın özü əxlaqlı olmalıdır. Bu gün burada ilk dəfə İlham Əliyevi çox yaxından gördüm. İlham Əliyev “Qazelə” kompüter yükləyirdi. Bu mesajdır – “Biz ölkədə İlham Əliyevi tənqid edən bir qəzetə dözə bilərik. Dözə bilsəydik, “Gündəlik Azərbaycan”a dözərdik”. Ölkədə İlham Əliyevi tənqid edəcək bir qəzetin limiti var. İkinci qəzetə dözüm yoxdur. Bu, böyük bir hüquqsuzluq və əxlaqsızlıqdır. Başqa adı yoxdur. Bu gün də hamımız dövlət başçısını və aparat rəhbərini kompüter oğurlayanda gördük”.

Azərbaycan himni

Saat 20:00-dan etibarən “Xuarl” qəzetinin əmlakı müsadirə edilməyə başladı. İcraçılar etirazlara baxmayaraq, “Liberal.az” saytının da əmlakını müsadirə etdilər. “Xural” qəzetinin əmlakı “Qazel” markalı avtomobilə yüklənməsi başa çatdıqdan sonra qəzetin əməkdaşları Azərbaycan himnini ifa etdilər.

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. ŞEREFSİZLER,BUNUN HESABINI,LİBYA LİDERİ GİBİ REZİL OLARAK VERECEKLERDİR.DAHADA BETER OLACAKLAR,YERLERDE SÜRÜNECEKLERDİR.SARAY ENTRİKACISI RASPUTİN MEHTİYEV KAÇACAK DELİK ARIYACAKTIR.prof.dr.yahya taşdelen.ankara

  2. İKTİDAR ÖLÜM DÖŞEYİNDEDİR.HARDA OLURSA OLSUN,BU SOVYETÇİ İKTİDARI DEVİRMEK İÇİN GÜCÜMÜZLE ÇALİŞACAK VE YAZMAYA DEVAM EDECEYİZ.PALYAÇO ARAP DİKTATORLARIDA HALKA Karşı DİRENDİLER FAKAT BAŞARAMADILAR.HIRSIZLAR VE ALÇAKLAR ÇETESİNİ DEVİRECEYİZ..TAM ZAMANIDIR ,MUHALEFET NİÇİN KÜÇEYE TÖKÜLMÜR VE VATAN GÖREVİNİ YAPMIR.DR.YAHYA TAŞDELEN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button