Ramiz Mehdiyev əlini Gülər Əhmədovanın üzərindən çəkdi

04.10.2012

“Mənim adımın hallandırılması təxribatdır”

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Elşad Abdullayevin yaydığı məlum videogörüntülərlə bağlı məsələyə münasibət bildirib. “AərTAc”a açıqlamasında Ramiz Mehdiyev deyib ki, məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib: “Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcəkdir.

İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.

O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara – bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button