Ramiz Mehdiyev Ayaz Mütəllibovu məhkəməyə verməlidir!

Əvəz Zeynallı

 Ayaz Mütəllibovun «Qarabağ-qaralan bağ» kitabının bu sayımızda dərc olunan 6-cı hissəsində maraqlı bir məqam var. Azərbaycanın 1-ci prezidenti Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin haqqında ilginc bir məlumat yazır: «Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Heydər Əliyev Bəxtiyar Vahabzadəni məzəmmətləmiş və ona xəbərdarlıq etmişdi ki, öz əsərlərində türkiyəpərəst təbliğatı dayandırmasa pantürkizmdə təqsirləndiriləcək…» Bu cümlə həm də bizim üçün arxada qalan o illərdən gələn maraqlı bir xəbərdir. İndi informasiya məkanını elə daraldıblar ki, əlini hara atırsan dəşhət saçır. İşin dəhşətli tərəfi odur ki, əlimizdə olan sübutları belə yazacağımız halda məhkəmə iddiası ilə hədələnirik. Dövlət qurumlarının da yardımı ilə azad mətbuatın sərhədləri kilidlənib.

Ayaz Mütəllibovun bu maraqlı açıqlaması məni il yarımdır davam edən və bu günlərdə yenidən başlanacağını güman etdiyim hörmətli Ramiz Mehdiyevlə məhkəmə işinə apardı. Biz o zaman nə yazmışdıq? Yazmışdıq ki, Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəni sındırmaq istəyib və o da sırf türkçülük və türk millətçisi olmaq məsələsindən qaynaqlanıb. Əslində, Bəxtiyar Vahabzadənin hələ sovet zamanından türkçülüyünə görə müəyyən təqiblərə məruz qaldığını hamımız bilirdik. Bizdən böyüklər də bilirdilər, bizə də demişdilər. Türkçülüyə görə təqiblərə məruz qalmaq isə zamanın hakimi-mütləqi Heydər Əliyevin işi ola bilərdi. Zaman göstərdi ki, nə Bəxtiyar Vahabzadə türkçülüyündən dönmədi, nə də Heydər Əliyev öz düşüncələrindən. Və… Ramiz Mehdiyev Heydər Əliyevin bütün ideoloji məsələlərdə əsas vurucu gücü oldu. Onun adından bütün əməliyyatlara rəhbərlik etdi. Alınanda Heydər Əliyevin adına yazıldı hər şey. Alınmayanda isə təbii ki, cəzalar da, töhmətlər də işi icra edənin üzərində qaldı. Ki, bütün qatı və sərt rejimlərdə belədir.

Bəs səbəb nə idi ki, bizim heç gözləmədiyimiz bir halda Prezident Administrasiyasının rəhbəri bizi «Bəxtiyar Vahabzadəni sındırmaq istəyir» sözlərinə görə məhkəməyə çəkdi? Deməli, hədəfə vurmuşuq və məlumatı doğru yaymışıq. Mən çəkişdiyim məhkəmə proseslərindən sonra bu qənaətə gəlmişəm ki, kimlər məhkəməyə müraciət edirsə, deməli, doğru və haqlı məqamlar olur ki, məhkəməyə müraciət edir. İndi Ayaz Mütəllibovun bu cümləsindən sonra deyəcək söz qalmır. Yazdığımız yazı bütünlüklə təsdiqlənir. Hələ 1970-ci illərdən davam edən bir kinin və nifrətin tarixçəsi bu günlərə qədər gəlibmiş. Fikir verin, illər əvvəl Heydər Əliyevin xəbərdarlığı ilə Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadənin Şəkidən seçilməməsi planı arasında müdhiş bir bağlantı var. Deməli, bizə gələn məlumat doğrudur. Çünki bu plan Ziya Bünyadov və Sirus Təbrizli kimi siyasi çəki daşıyan bütün insanlara tətbiq olunacaqdı. Onlar ən güclü olduqları yerlərdən seçkiyə qatılacaq, keçməyəcəkdilər. Sonra Heydər Əliyev məsələyə müdaxilə edəcəkdi və Bəxtiyar Vahabzadə, Ziya Bünyadov və Sirus Təbrizlini təkrar seçkilərdən parlamentə təyin etdirəcək və beləcə, sındırma əməliyyatı başa çatacaqdı. Yəni «siz mən olmadan heç kimsiniz» mənasında… İşin qəribəsi orasındadır ki, Bəxtiyar Vahabzadə də, Ziya Bünyadov da, Sirus Təbrizli də bu tələyə düşmədilər.

Mənə çox maraqlıdır. Ramiz Mehdiyev Ayaz Mütəllibovun bu iddiası qarşısında nə deyəcək? Mən məhkəməyə verilmişəmsə, o zaman Ayaz Mütəllibov da məhkəməyə verilməli və cərimə olunmalıdır. Çünki bizim yazdığımız və cərimələndiyimiz bir cümlə ilə Heydər Əliyev haqqında yazılan bu cümlə eynidir: «Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Heydər Əliyev Bəxtiyar Vahabzadəni məzəmmətləmiş və ona xəbərdarlıq etmişdi ki, öz əsərlərində türkiyəpərəst təbliğatı dayandırmasa pantürkizmdə təqsirləndiriləcək…»

Ramiz Mehdiyev isə Heydər Əliyevin ən etibarlı adamlarından biridir və hər zaman da elə olub deyirlər. İndi buyurun, ümummilli liderinizi qoyurun, hörmətli Mehdiyev!

Hörmətlər, əfəndim…

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button