Ramiz Mehdiyev danışdı

“Bəzi institut direktorları islahatlara mane olur"

APA-nın məlumatına görə, yığıncaqda AMEA-nın Prezidenti, həqiqi üzvləri, dövlət rəsmiləri, müxbir üzvlər iştirak edirlər.

AMEA Prezidenti Ramiz Mehdiyev gündəlikdəki məsələləri diqqətə çatdıraraq bildirib ki, yığıncaqda Nizamnaməyə əlavə və dəyişikliklər ediləcək, Nizamnamə Komissiyasının yeni tərkibi seçiləcək, AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçiriləcək, Rəyasət Heyətinin yeni tərkibi təsdiq ediləcək.

O qeyd edib ki, son bir ildə akademiyanın 10 üzvü dünyasını dəyişib.

Daha sonra dünyasını dəyişən alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

R. Mehdiyev Azərbaycanın müharibədə qazandığı qələbədən söz açıb: “Qurur hissi ilə qeyd etmək istəyirəm AMEA da qələbənin qazanılmasına öz töhfəsini verib. Bu dövrdə müdafiə fonduna ordunun ehtiyacları üçün vəsait ayrılıb. Eyni zamanda akademiyanın bir çox əməkdaşı könüllü olaraq orduya yazılıb. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlərdə akademiya dövlətin yanındadır. Qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq”.

R. Mehdiyev pandemiyadan da söz açıb, bildirib ki, ölkədə vaxtında görülən tədbirlər müsbət dinamikaya yol açıb: “Pandemiya dövründə elmi fəaliyyətin tam təşkili mümkün olmayıb. Bununla belə işlərimiz davam etdirilib. Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, akademiyada islahat olmalı, cənab Prezidentin göstərişləri yerinə yetirilməlidir”.

Akademik vurğulayıb ki, akademiyada olan qüsurlar barədə hər kəsin məlumatı olmalı və bunlar aradan qaldırılmalıdır: “Ötən illər nöqsanların yaranmasına gətirib çıxarmış amillər arasında qüsurlu idarəçilik sistemi birinci yeri tutur. İdarəçiliyin zəif və pərakəndə olması, məsuliyyətsizlik, tələbkarlığın zəifliyi akademiyada ciddi problemlərə, özbaşınalığa səbəb olub. Aparatın şöbələrində rəhbər vəzifədə kimlərinsə ayrı-ayrı şəxslərin təsirində olması üzərlərinə düşən vəzifələri yerinə yetirmələrinə səbəb olub. Vitse-prezidentlər bölmələri ciddi idarə etməli və nəzarət etməlidirlər. Yersiz çəkişmələr, məsuliyyəti bir-birinin üstünə atmaq, dedi-qodu kimi hallar məni dərindən narahat edir. Rəhbərlikdə təmsil olunanların bəzilərində də belə hallar müşahidə olunur. Bu xəstəliyə düçar olanlar bundan əl çəksinlər”.

R. Mehdiyevin sözlərinə görə, aparılan tədbir və yoxlamalar elmi müəssisə və təşkilatlarda da idarəçiliyin arzuolunan səviyyədə olmadığını göstərib.

O qeyd edib ki, institut direktorları müəssisənin fəaliyyətinin bütün istiqamətlərinə görə məsuliyyət daşıyır: “Qüsurlu iş fəaliyyətinə birdəfəlik son qoyulmalıdır. Heç kəsə qayda qanunları pozmaq hüququ verilmir. Direktorlar kollektiv qarşında daşıdığı məsuliyyəti unutmamalıdır. Təəssüf ki, bunu qavramayan bəzi direktorlar akademiyada qalmaqdadır. İşə köhnə təfəkkürlə yanaşmaq, dünya təcrübəsini görməzdən gəlmək həmin müəssisələrin rəhbərlərini gündəmə gətirir”.

AMEA Prezidenti yüksək texnologiyalar parkında (YTP) aparılan araşdırmalar nəticəsində ötən illər ərzində acınacaqlı vəziyyətin hökm sürdüyünün ortaya çıxdığını deyib.

O bildirib ki, ortaya çıxan mənzərə hüquq mühazirə orqanlarına müraciət etməyə imkan yaradıb: “Baş verənlərə hüquqi qiymət verilməsi vacibdir. Yaranmış vəziyyətə görə məsuliyyət sabiq müdiri Fətəli Abdullayevin üzərinə düşür”.

R. Mehdiyev hazırda YTP-də vəziyyətin yaxşılaşmasının müşahidə olunduğunu deyib: “Orada araşdırmalar zamanı bəzi avadanlıqların ərazidən çıxarıldığı müəyyən olunub. Park rəhbərliyi qarşısında qısa müddətdə parkda dönüş yaratmaq tapşırığı qoyulub. Məni ən çox narahat edən məsələ inventarlaşma və akademiyanın balansında olan torpaqlarla bağlıdır. Mənə məlumat verilib ki ötən illərdə akademiyanın balansındakı bəzi torpaqlar qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şirkətlərə satılıb. Bu məsələ təsdiqini tapsa, ölkə rəhbərliyinə məlumat veriləcək. Düşünürəm ki, bunun üçün yeni komissiya yaradılmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button