Ramiz Mehdiyev, Elmar Vəliyev Və Robert Əyyubov

Əvəz Zeynallı

Sevgililər Gününə Ramiz Mehdiyev əngəli

Sevgi ayının başlaması bizim qarışqa kimi çalışmağımıza səbəb olurdu. Zarafat deyil, böyük bir millətə və qoca bir ölkəyə müqəddəs bir bayram qazandırmışıq. Bunun verdiyi həyəcan bizi gecəli-gündüzlü çalışmağa sövq edirdi. Əvvəlki illərin hamısında – bütöv 8 ildə belə oldu. Bu il də böyük planlarımız vardı. Amma təsəvvür edə bilməzdik ki, bu müqəddəs ideyaya da Ramiz Mehdiyev əngəli bulaşsın… Bulaşdı…

Bu iş dövlətin işidir. Əminəm ki, zaman gələcək və Azərbaycan dövləti 4 əllə 30 İyun Sevgililər Gününə sarılacaq və bu gün İslam dünyasının, eləcə də bütün tərəqqipərvər dünyanın ən önəmli günlərindən birinə çevriləcək. Bu əminliyim günün mahiyyətinin böyüklüyü və qəhrəmanlarımın – İlhamla Fərizənin fədakarlığının nəhəngliyi ilə düz mütənasibdir. Sadəcə, təklif bizdən – «Xural»dan gəlib deyə bu ölkədə dəhşətli bir səssizlik, sükut hakimdir və Azərbaycan dövləti əlini-əlinin üzərinə qoyub gözləyir.

Mənə çox deyiblər. İnanmırdım, amma indi dəqiq inanıram ki, 30 İyun – Sevgililər Günü ya «Xural» tam sıradan çıxandan, ya da bir ölüm hadisəsindən sonra ölkənin gündəminə çıxacaq. Mən heç birinə hazır deyiləm. Nə «Xural»dan, nə də həyatdan vaz keçmək imkanım yoxdur hələlik. Təbii ki, hər şeyi Allah bilir, amma mən bütün gücümlə mübarizəmin başındayam.

29 məhkəmə prosesi…

Ramiz Mehdiyev bütün iş tempimizə mənfi təmir göstərib. Boz Kardinalın üzərimizə yürüşündən sonra bir araşdırma apardıq. Sən demə, «Xural» qəzetinin yarandığı gündən bu günə qədər düz 29 dəfə məhkəməyə verilmişik. Heç bir zaman statistika aparmamışdım, amma bu dəfə apardım. Möhtərəm Xanım Xəlilova ilə başlayan məhkəmə tariximizin son halqası hələ ki, guya mətbuata dəstək verməli olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərlidir. Ancaq bütün bu məhkəmələrin – 29 məhkəmə işinin heç biri Ramiz Mehdiyevin məhkəməsi qədər iş-gücümüzü tormozlamayıb. Təsəvvür edin ki, ölkənin de-fakto birinci adamı inkvizisiya dövründəki kimi bütün qurumları salıb üstümüzə. Redaksiyamızda olan əmlakı siyahıya alıblar. Şah İsmayıl Xətainin, Milli Qəhrəman Mübariz İbrahimovun, General Ramil Səfərovun şəkillərini, hətta ümummilli liderləri və əziz prezidentləri Heydər və İlham Əliyevlərin portretlərini də siyahıya alıblar. İndi hər an Ramiz Ənvəroğlunun müsadirə qərarı ilə qarşı-qarşıya qala bilərik. Dünyanın işinə baxın ki, hazırda Ramiz Mehdiyevin əmlakının keşiyini çəkən gözətçi statusundayıq. Biz onun mallarının qoruyucularıyıq. Siyahıya alınmış malımız artıq Azərbaycanı özəllləşdirən və pərdə arxasından idarə edən Ramiz Mehdiyevindir və bu belə də davam etsə, bu ölkədə iyrənc bir ənənənin başlanması da bizim əziz Kardinalın adı ilə bağlı olacaq. İstənilən dövlət səlahiyyətlisi istədiyi azad söz adamını verəcək məhkəməyə və ədalətsiz Azərbaycan məhkəmələri tərəfindən əleyhə qərar çıxartdıracaq və gəlib azad söz adamının bütün əmlakını siyahıya alacaq. Sonra da istədiyi vaxt, kefinin buludlarda oynadığı zamanda qoçularını göndərəcək və müsadirə qərarını yerinə yetirəcək. Bu da olacaq o söz adamının sonu…

Mehdiyev 30 İyuna qarşı…

Bütün sistemimiz kilidlənib. 29 məhkəmə prosesində bu cür pressinqlə qarşılaşmamışam. Əslində, bu, mənim itilənməyim və daha da formada olmağım üçün hava-su kimi lazımdır mənə, ancaq qarşıdan 30 İyun gəlir axı. Biz üzərimizə gələn Mehdiyev selinin fəsadlarını nəzərə alıb Sevgililər Günü üçün planlaşdırdığımız kütləvi tədbirlərin bəzilərini ləğv etdik. Bu il Şölən olmayacaq. Hansı ki hər il bu şöləni müxtəlif məkanlarda edirdik. İstəmirik, bizə görə kimlərsə əziyyət çəksin, ya da telefonlarımızı götürməmək və ya istəməyə-istəməyə bizə cavab vermək əzabına qatlaşsın. Biz sadəcə özümüzdən asılı olan tədbirləri keçirməyə qərarlıyıq. Məsələn, Sevgililər Gəzintisini edəcəyik, 30 İyun üçün sevgi şeirlərinin yer aldığı diski çıxarmağa çalışacağıq, bəlkə kitabı da dərc edə bilərik – vəssalam! Bundan artığını etmək olmaz! Çünki Ramiz Mehdiyev əngəli var…

Şəhidlərin ruhu Mehdiyevdən hesab soracaq!

Bizə bu imkanları tanımayanlar, qəzetimizin 6 ilik bilgisayarlarına göz dikib bizi 10 min manatlıq cərimələrlə sındıracaqlarını düşünənlər bu ölkəni özlərinin arpalığına çeviriblər. Son bir həftədə Ramiz Mehdiyevdən gələn xəbərlərə baxın:

* Novxanıda ayrıca bir villada Ramiz Ənvər oğlu üçün 500 dovşan saxlanılır. Çünki əziz Kardinalımız şəkər xəstəsi olduğu üçün yalnız dovşan əti ilə bəslənir. Həmin dovşanların saxlanıldığı villanın vertolyot meydançası var. «Cənab 500» həmin villaya vertolyotla gedir;

* Bakının girişində sahil boyu binaların hamısı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevindir;

* Paulo Pərvizdən boşalan «Bakı Poladəritmə zavodu» Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin nəzarətindədir və obyekti Kardinalın kürəkəni İlham Əliyev idarə edir…

Sən hər şeyi edəcəksən, ölkəni oğlunla kürəkənin arasında pay-püş edəcəksən, bizə iki cüt bir tək bilgisayarı da qıymayacaqsan, eləmi? Biz bu zülmü bağışlamayacağıq. İnanırıq ki, müqəddəs Şəhidlərimizin ruhu da Ramiz Mehdiyevi və onun zülmünü bağışlamayacaq!

Bütün mənəvi məsuliyyət Ramiz Mehdiyevin boynundadır, Əziz Oxucu! Biz hələ varıq və inşallah, Sevgililər Gününün 10 illiyini – gələn il möhtəşəm formada keçirəcəyik. İnanırıq ki, gələn il Ramiz Mehdiyev heç olmasa bu vəzifəsində olmayacaq!

Robert Əyyubov adamları niyə döyür?..

Bu yazını yazdığım sıralarda dostlar telefon etdilər, facebookda paylaşılan bir videoya baxdım. Orada bir gənc adam yolun ortasında avtomobilini saxlayır və düşüb başlayır qonşu avtomobildə olan vətəndaşı döyməyə. Sonra həmin gənc adamın ürəyi soyumur, keçir digər adamlara. Köməyə gələn miskin polislər vətandaşı adamdöyən qoçağın əlindən ala bilmirlər. Gənc adamdöyən bu dəfə keçir polislərə. Ona bir şillə, buna bir şapalaq, polislər papaqlarını da götürüb qaçırlar. Bir ara ortalığa toplaşan adamlara meydan oxuyur gənc adamdöyən. Sonra da ona-buna təpik ataraq, avtomobili döyəcləyir ayaqları ilə və səhnəni tərk edir.

Video «Robert Əyyubovun qudurğanlığı» başlığı altında paylaşılıb və müddəti 4.12 dəqiqədir. Paylaşanlar bunun Robert Əyyubov olduğunu yazırlar, amma təbii ki, bunu dəqiq demək olmaz. Facebookda da yazdım: «Deyirlər, adamları döyən bu qoçaq Bəylər Əyyubovun qardaşı olğlu Robert Əyyubovdur. Elədirsə, Robert dərhal həbs olunmalı, Bəylər Əyyubov isə istefaya göndərilməlidir…»

Bir zamanlar qul bazarından götürüb apardıqları vətəndaşı bir neçə saat it kimi hürdürdükdən sonra ona 1.000 manat pul verib evinə gətirdiklərini yazmışdım. Bəziləri buna inanmamışdı. Göstərilən bu video o it kimi hürdürməkdən betərdir. Hər şey o qədər aydın çəkilib ki, bunu gecəmizi-gündüzümüzü burnumuzdan gətirən Azərbaycan polisləri cəmi 1 günə çözələyə bilərlər. İndi vəzifə DİN orqanlarının boynunun borcudur. Tapıb ortaya çıxarmalı və cəzalandırmalıdırlar bu qoçağı. Kim olursa olsun – lap Robert Əyyubov olsun!

Ya Elmar Vəliyev, ya Eldar Əzizov!

Respublika Günü Gəncədə idim. Respublikanın doğum günündə fürsətdən istifadə edib Anamı ziyarət etdim. Bütün Gəncəni dərbədər və darmadağın gördüm. Eldar Əzizovun tikdirdiyini indi Elmar Vəliyev sökdürür. Gəncə də başımızı götürüb guya istirahətə qaçdığımız Bakının günündədir. Şəhərin altı üstünə gətirilib. Nizami Gəncəvinin abidəsi yenicə təmir olunmuşdu, indi o yolu bağlayıblar. Yenidən, təzədən təmir gedir. İnsanlar narazı, sakinlər hirsindən dəmir gəmirir…

Eldar Əzizovun da Sumqayıtı dağıtdığını oxuyur, bilirik. Onun Gəncədə etdiklərini Elmar Vəliyev torbada daşıtdırır. Nə bilmək olar, bəlkə 2-3 ildən sonra prezidentimiz kefinin oğlan çağında Elmar Vəliyevi Sumqayıta mer gətirəcək? O zaman indi Eldar Əzizovun tikdirdikləri dağıdılacaq?!

Allahım, mənə səbr vermə! Gör nə günlərə düşmüşük. Əgər Elmar Eldarın tikdiklərini sökdürür və darmadağın edirsə, o zaman Eldarın burada etdikləri nədir, cənab prezident?!

Mən İlham Əliyevin yerinə olsaydım, dərhal Eldar Əzizovu həbs edərdim! Ondan bir gün sonra da Elmar Vəliyevi!..

MİLLƏTİN BAŞINA İP SALIB OYNADIRLAR!

MİLLƏTİN DƏ İP SALDIĞI GÜNLƏR OLACAQ!

 

İ.S. İP-i İctimai Palata kimi oxumayın, siz Allah!

İ.İ.S. Həm Elmar Vəliyevin, həm də Eldar Əzizovun ilk icraatlarından biri qəzet köşklərinə hücum oldu – mətbuat düşmənidir bunlar…

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

6 şərh

  1. men bir Genceli olarag Gencede bash verenlerden tam xeberdaram, belelikle Gencede Eldar ezizovdan sonra gelen icra bashcisi Elmar veliyev sahibkarlarin dukan ve restoranlarini sokdurur .eldar ezizovun vaxtinda fasadlari alkopon ile restavrasiya olunan dukan,ve restoranlarin coxu buldozer altinda galdi .Ancag halbuki, Eldar ezizovun alkopon vuran ve bu ishle mesgul olan yaxin gohumlari sahibkarlari aldadarag onlardan magazaya vurulan alkoponun pulunu 5 gat artig alarag sahibkarlari aldadirdilar . caresiz galan dukan sahibleri ise dukanlarinin baglanmamasi xatirine mecbur galib razilasmali olurdular . Eldar ezizovun alkopon vuranlari sahibkarlari aldadarg bele deyirdiler<eger siz bu gun bu pulu verib alkopon vurulmasina razilig verirsinizsede sizin magazalar seherin gen planina dusecek ve gelecekde sizin obyektleri hec bir tahluke gozlemir ! Ancag bu deyilenlerin hec biri ozunu dogrultmadi ve Elmar veliyev Genceye basci teyin olunandan sonra bir cox magazalar sokulmeye basladi . hansiki fasadi alkoponlanmis magazalar .Beli artig Gencede abadlg islerinin 2-ci merhelesi baslayib Eldar ezizovun gorduyu kosmetika islerini Elmar veliyev kokunden sokub dagitdirir GENCENIN bu gunki realligi bundan ibaretdir !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button