Ramiz Mehdiyev iflasın eşiyində!

Hakimiyyət daxilində başlanan gizli iqtisadi savaş açıq müstəviyə keçir…

Azərbaycan hakimiyyətinin daxilində gərginlik artmaqdadır. Hakimiyyət daxilində gözlənilən təlatümlər, daxili çəkişmələr, iqtisadi maraqlar uğrunda başlanan mübarizə artıq açıq müstəviyə keçir. Son bir həftənin ictimai-siyasi dəyişiklikləri, dövlət məmurları səviyyəsində verilən açıqlamalar hakimiyyət daxilində gərginliyin yaşandığından xəbər verir.

Misir Mərdanov «dövlət çevrilişinə cəhd etdi» və…

Yola saldığımız son həftələrin ən mühüm açıqlamalarından biri məhz təhsil naziri Misir Mərdanovun müəlliflik etdiyi bəyanat oldu. Nazir müəllimlərin aldıqları əmək haqqının onlara təhqir olduğundan, təhsilin sıfırdan düzəldilməsinə qədər kifayət qədər sərt bəyanatla çıxış etdi. Bundan dərhal sonra isə birbaşa dövlət başçısının göstərişi ilə təhsil nazirinin üç müavini istefaya göndərildi. Kifayət qədər əhəmiyyətli bir məqam başlandı. Bir qədər əvvəl baş verən proseslərə nəzər salsaq, o zaman biz Təhsil Nazirliyində, Misir Mərdanovun ətrafında baş verən siyasi gərginliyi müşahidə edə bilərik. Öncə nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun həbs edilməsi prosseslərin kifayət qədər sürətlə getdiyindən xəbər verirdi. Bundan sonra isə TN-nin tikinti-təmir idarəsnin rəisi, nazirin yaxın qohumu Allahverdi Dəmirovun həbs edilməsi barədə informasiyalar dolaşmağa başladı. Daha sonra isə mətbuatda kifayət qədər tutarlı sayılan informasiyalarda Misir Mərdanovun istefaya göndərilməsi barədə bildirildi. Əlbəttə ki, bütün bu baş verənlərdə bir ardıcıllıq və qanunauyğunluq yox deyildi. Məhz bu proseslərin məntiqi sonluğu olaraq Misir Mərdanov kifayət qədər sərt və müxalifyönümlü bir bəyanatla çıxış etdi. Bundan da çox az sonra onun üç müavini istefaya göndərildi. Nəhayət, dünən «Xural»a məlum oldu ki, nazirliyini daha 5 idarə müdiri işdən qovulub.

«Əslində, Təhsil Nazirliyi ətrafında nə baş verir sualına» cavab tapmaq o qədər də çətin deyil. Əgər biz bir qədər əvvələr yerli mətbuatda hakim ailənin üzvlərindən olan və hazırda Moskva Dövlət Universitetinin Azərbaycan filialına rəhbərlik edən Nərgiz Paşayevanın təhsil naziri postuna gətirilməsi haqqında xəbərlərə diqqət yetirmək yerinə düşərdi. Məhz bu informasiyanın xatırlanması bizə hakimiyyət daxilində təhsil naziri postu uğrunda kifayət qədər amansız bir savaşın getdiyinin göstərir.

Deməli, söhbət Misir Mərdanovun vurulmasında maraqlı olan hakimiyyətiiçi qruplaşmayla Mərdanovun yerində qalması uğrunda mübarizə aparan qrupun çox sərt bir davasının şahidi oluruq.

Elmin İnkişafına «şantaj və hədəli dəstək»…

Lakin hakimiyyət daxilində gərginliklər bununla da bitmir. Ötən həfiə Prezident yanında Elmin İnkişafına Dəstək Fondunun icraçı direktoru  Elçin Babayev açıqlama verərək bildirdi ki, ona qarşı təhdidlər, şantajlar var. Bu açıqlamanın həm də birbaşa Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin birmənalı olaraq nəzarətində olan fondun icraçı direktoru tərəfindən verilməsi heç də təsadüf kimi qiymətləndirilə bilməz. R.Mehdiyevin ən yaxın ikinci adamı da mətbuat önünə çıxaraq kifayət qədər sərt bəyanat verdi. Qeyd edək ki, heç Misir Mərdanovun da Ramiz Mehdiyevin adamı olması heç kəsə sirr deyil. Deməli, söhbət Mehdiyevə qarşı başladılan sərt savaşdan gedir.

Eldar İbrahimov iqtidarda kimlərə ismarıc yolladı?

Həftə ərzində diqqəti çəkən hakim partiyanının qurucularından olan, deputat Eldar İbrahimovun açıqlaması da var idi. Millət vəkili yeri və zamanı gəlməsə də, «İlham Əliyev 2013-cü ildə də Azərbaycanın prezidenti olacaq» dedi. Əslində, hər kəsə məlumdur ki, faktiki olaraq müxalifət düşərgəsində 2013-cü illə bağlı olaraq hansısa hərəkətlənmə yoxdur. Məhz Eldar İbrahimovun bu açıqlaması da hakimiyyət daxilində növbəti prezident seçkilərinə hazırlaşan qruplaşmaya mesaj olaraq yollanır. Amma indidən ortada olan narahatçılıqlardan da belə qənaətə gəlmək olur ki, əslində bu məsələ ilə bağlı olaraq daha böyük prosseslər başlayacaq. Nəhayət, «Xural»a daxil olan informasiyalardan da aydın olur ki, əslində hakimiyyət daxilində Ramiz Mehdiyevin nəzarətində olan naxçıvanlılar və qərbi azərbaycanlılar klanının sıxışdırılması prosesi başlayıb. Bu prosses isə heç də sakit sonuclanmayacaq.

Kamal Məhəmmədoğlu

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button