Ramiz Mehdiyev kadrını müdafiə etməyə başladı

Anar Mahmudoğlu

“Seçki korrupsiyası” ilə bağlı Baş Prokurorluqda cinayət işinin qaldırılması barədə açıqlama veriləndə önəmli bir mənbədən maraqlı informasiya aldıq. Bildirilirdi ki, Gülər Əhmədovanın videofaktda prezidentin adını hallandırması (“prezidentin stolunun üstünə gedən siyahını pozdurmuşam” sitatı) əlahəzrətə çatdırılıb və əsəbiləşən Ilham Əliyev hüquq-mühafizə orqanlarına dərhal hərəkətə keçmək üçün tapşırıq verib.
Əhəmiyyətli informasiya saymadıq: bu ölkədə ictimai fəalların, azad söz adamlarının, siyasi müxaliflərin həbs razılığı Ilham Əliyevdən gəlirsə, YAP-çı deputatın türməyə soxulmasına mən qərar verən deyiləm ki?
Məlumatda yalnız bir cümlə diqqəti çəkirdi: Ilham Əliyev bu addımı Ramiz Mehdiyevlə müzakirə etmədən və PA rəhbərindən xəbərsiz olaraq atıb; Zakir Qaralova cinayət işi başlamaq, Əli Əhmədova isə ictimaiyyətə açıqlama vermək həvalə olunub.
Əli Əhmədov anında işə girişdi: Gülər Əhmədovaya “YAP-ı təmsil etmək haqqını itirən dələduz” deyildi, “xanım dələduz” deputatlıqdan imtina etdirildi və YAP-dan çıxarıldığı barədə məlumat yayıldı.
Amma cəmi iki gündən sonra YAP rəhbərliyində təmsil olunan Mübariz Qurbanlı və Siyavuş Novruzov “sıravi üzv” kimi qələmə verdikləri Gülər Əhmədovanın (halbuki G.Əhmədova – Mehriban Əliyevanın da daxil olduğu – YAP Qadınlar Şurasının üzvüdür) partiyadan qovulma xəbərini təkziblədilər.
Nələr baş verir, həzarat? “Simasız quldurlar partiyasında” (sitat YAP-ın qurucularından olan Sirus Təbrizlinindir) indi də “dələduzların” (Əli Əhmədov) mövcudluğu rəsmən təsdiq edilir?
Görünür, Elşad Abdullayevdən alınan külli miqdarda rüşvətin yalnız cüzi hissəsinin Gülər Əhmədovaya çatması və xanım deputatın “bildiklərimi deyəcəyəm” hədə-qorxusu haqqında dolaşan şayiələrin əsası var. Cəhənnəmə gedənin özü ilə yoldaş götürəcəyini hiss edən “xəbərsiz şəxsin” təhlükəni sovuşdurmaq üçün hərəkətə keçməsi göz önündədir.
Zakir Qaralovun “Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezidentin nəzarəti altındadır” deməsi qətiyyən təsadüf deyil. Bu, ictimaiyyətə yox, birbaşa hakimiyyətdaxili qruplaşmalardan ən irisinə nəzarət edən şəxsə ünvanlanan mesajdır: yəni “mənlik deyil, Ilham Əliyev tapşırıb!”
Ancaq “Ilham Əliyevin tapşırığını” icra etməkdə “çətinliklər” yarana bilər, – bu ehtimalın mümkünlüyünə də Baş prokuror şəxsən eyham vurdu: “Ilk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi ilə bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır”.
Bir tərəfdən E.Abdullayev-G.Əhmədova üzləşdirməsindən danışan Z.Qaralov, digər tərəfdən (eyni açıqlamada!) “orqan transplantasiyası” cinayətində saxlanılanların Elşad Abdullayevə qarşı ifadə verdiklərini, Beynəlxalq Universitetdəki qanunsuzluqların aktuallaşdığını bildirdi və sabiq rektora xəbərdarlıq etdi: “Bu kimi əməlləri olan insan bu gün özünü elə göstərir ki, guya korrupsiyaya qarşı mübarizə aparır”.
Vəssalam: Azərbaycana gələcəyi təqdirdə həbs olunacağını Baş prokuror rəsmən bəyan edirsə, E.Abdullayev geri qayıdarmı? Qayıtmayacaqsa (bu, birmənalıdır!), Zakir Qaralov “E.Abdullayev-G.Əhmədova üzləşməsini” harada keçirəcək və ümumiyyətlə, bu “üzləşmə” açıqlamasını verməkdə adamın məqsədi nədir?
Gülər Əhmədova da bir neçə dəfə insult “keçirəndən” sonra, nəhayət, dünən mətbuata açıqlama verməyə özündə güc tapdı: “Qoy, E.Abdullayev bu məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin və bütün suallara hüquqi müstəvidə aydınlıq gətirilsin”.
Baş prokurorla Gülər Əhmədovanın E.Abdullayevi istintaqa çağıran açıqlamalarının eyni günə və eyni vaxta düşməsi, üstəlik, Milli Məclisin “dələduz deputatı” müzakirəyə çıxarmaması təsadüfdürmü? Bu faktlar siyasi karyerasına son qoyulan G.Əhmədovaya azadlıq təminatı verən hakimiyyətdaxili gücdən xəbər vermirmi?
Plan aydındır, ilkin “bazarlıq” razılaşdırılıb: E.Abdullayev “üzləşməyə” gəlmədiyinə görə cinayət işinin istintaqı qeyri-müəyyən vaxta qədər dondurulur, G.Əhmədova isə həbs təhlükəsi altında azadlıqda yaşamaqla, bildiklərini və əlində olan faktları ictimaiyyətlə bölüşüb, kimlərisə biabır eləmir!
Görünən belədir, əslində isə bu – oyunun növbəti gedişi, güdaza gedən “kompramatlar dağarcığını” sakitləşdirmək jesti, qurbanlıq şəxsin başına bağlanan qırmızı lentdir!
Çünki təkcə ölkə ictimaiyyətindən söhbət getmir: “hadisədən narahat olan” Avropa parlamentariləri, faktı müzakirəyə hazırlaşan dünya… var, axı!
Hələ Zakir Qaralova ünvanlanacaq sualları demirəm… Məsələn, məgər Gülər Əhmədova Əvəz Zeynallı ilə üzləşdirilmişdi ki, “Xural” qəzetinin baş redaktoru küçənin ortasındaca oğurlanıb həbs edildi?

http://www.azadliq.info/index.php?option=com_content&view=article&id=21846:ramiz-mehdiyev-kadrn-muedafi-etmy-balad&catid=322:anar-mahmudolu&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button