Ramiz Mehdiyevdən müstəqillik gününə qadağa!

Ramiz Mehdiyev

Prezident Administrasiyasının rəhbəri Bakıda keçiriləcək tədbirin adını niyə dəyişib?!

 Bu günlərdə işə başlayan Bakı Beynəlxalq Humanitar Forumu yekunlaşıb. Dünən bu tədbirlə bağlı aldığımız məlumatlar kifayət qədər ilginc oldu. Redaksiyamıza məlumat verən və tədbirə rəsmən qonaq kimi dəvət edilən türkiyəli həmsöhbətimiz ilk öncə tədbirin adının dəyişdirilməsindən danışdı. Bildirdi ki, tədbirin adının dəyişdirilməsi haqda qərar ən son günlərdə verilib. Məlum oldu ki, əslində, tədbirlə bağlı dəvətnamələr sentyabrın sonlarından etibarən hazırlanıb. Məhz o zaman hazırlanan dəvətnamələrdə tədbirin adı «Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 20-ci ildönümündə – inkişaf və perspektivlər» mövzusunda olub. Dəvətnamələrdə tədbirin adı məhz dövlət müstəqilliyi bayramı ilə bağlı çəkildiyindən, qonaqlar da bu mövzuda çıxışlar etməyə hazırlaşıblarmış. Türkiyəli qonaq deyir ki, onlar Bakıya çatanda öyrəniblər ki, toplantının adı dəyişdirilərək «Bakı Beynəlxalq Humanitar Forumu» adlandırılıb. «Biz Qazaxıstana və Özbəkistana da müstəqilliyin 20 illiyi ilə bağlı dəvətlər almışdıq. Lakin düşündük ki, Azərbaycan bizə daha doğmadır. Gəldik və eşidəndə ki, tədbirin adı dəyişdirilib, çox məyus olduq» deyə həmsöhbətimiz bildirdi. Qeyd edək ki, məhz bu məqam ciddi şəkildə etirazla qarşılanıb. Xüsusilə, Türkiyədən gələn qonaqlar adın dəyişdirilməsinə etiraz ediblər.

Hətta Rusiyanın prezidenti Dmitri Medvedyevin də Bakıya gəlməkdən imtina etməsinə səbəb kimi adın dəyişdirilməsi göstərilir.

Maraqlıdır ki, tədbirin adının dəyişdirilməsi ilə bağlı göstəriş məhz Prezident Administrasiyasından verilib. Öyrənə bildik ki, hazırlıq işlərini həyata keçirən Prezidentin İşlər İdarəsi qonaqların qarşılanması və yerləşdirilməsi işlərini həyata keçirən Xarici İşlər Nazirliyinə və digər əlaqədar qurumlara adın dəyişdirildiyi xəbərini tədbirin başlanmasına üç gün qalmış bildiriblər. Bundan sonra isə forum öz işinə başlayıb.

Daha mötəbər mənbə iddia edir ki, tədbirin adının dəyişdirilməsi göstərişinin müəllifi PA rəhbəri Ramiz Mehdiyevdir. Məhz Mehdiyevin göstərişi əsasında tədbirin adı dəyişdirilib. Maraqlıdır ki, son zamanlar sanki vahid mərkəzdən idarə olunan bir əl ölkədə müstəqillik bayramının qeyd edilməsinə qarşı çıxır. Müxalifət partiyaları dövlət müstəqilliyi bayramı ilə əlaqədar restoran və otellərlə anlaşma əldə edir və son anda onlar bu razılaşmanı müxtəlif bəhanələrlə pozurlar.

Hətta bir neçə il əvvəl 18 oktyabr tarixi Milli Məclisin qərarı ilə rəsmən bayram kimi və qeyri iş günü olaraq təqvimdən çıxarılıb. Hər halda ortada siyasi qısqanclıq və ənənəvi olaraq kommunist təfəkkürü ilə tarixi saxtalaşdırmaq cəhdləri var.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Zənnimcə tədbirin adını çox düzgün olaraq dəyişdiriblər və Prezident aparatının rəhbəri Ramiz Mehdiyevə bu iş üçün həqiqi təşəkkür düşür. Nə zaman Azərbycanın müstəqil olacağını o kişidən başqa heç kim bilmir. Nə vaxt desə, onda da bayram etmək olar. İndi nə bayram? Forumunuzu keçirin getsin işinə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button