Ramiz Mehdiyevin komanda şəbəkəsi «Xural»ı susdurmaq istəyir

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı mətbuat konfransı keçirdi

08.02.11

«Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı son 10 gündə baş verən məhkəmə işlərilə bağlı mətbuat konfransı keçirib. O, mətbuat konfransında bildirib ki, son günlər «Xural»a qarşı başlayan səlib yürüşü ötən ilin iyun ayında Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qəzeti məhkəməyə verməsindən sonra başlayıb: «Son bir həftə ərzində ortaya çıxan xronoloji ardıcıllıq bundan ibarətdir. R.Mehdiyevin «Xural»ı məhkəməyə verməsində məqsəd «Xural»ı sırf maliyyə sanksiyalarına tutmaqdır, maliyyə sanksiyaları ilə çökdürməkdir. Bu müddət ərzində həm çıxan məqalələrə görə müəyyən xəbərdarlıqlar aldıq, həm də ard-arda qurulan məhkəmələr – 2007-ci ildə məhkəmənin qərarı ilə müğənnicik Nüşabə Ələsgərliyə baş redaktor və qəzet redaksiyasının birgə qaldıqları 200 manatlıq cərimə borcu 2011-ci ildə Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva tərəfindən 6 dəqiqə ərzində 3 min manata qaldırıldı. Bunun ardınca Prezident yanında KİV DF-nun icraçı direktoru Vüqar Səfərliyə Nərimanov rayon məhkəməsinin kəsdiyi 500 manatlıq cəriməni Apelyasiya məhkəməsinin Məmməd Məmmədov, Mədinə Bağırovavə Rafiq Qurbanovdan ibarət heyəti tərəfindən 5 min manata çatdırdı. Növbədə Prezidentinin İşlər İdarəsi «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovun, Milli Məclisə yeni təyin olunmuş deputat Etibar Hüseynlinin və mənim kassasiya şikayətim üzrə Ali Məhkəmə tərəfindən fevral ayının 18-nə təyin olunmuş Ramiz Mehdiyevin iddia tələbinin qüvvəyə mindirilməsi planlaşdırılıb. Bu adamların hamısı da birbaşa və ya dolayısı ilə Ramiz Mehdiyevin komanda-şəbəkəsinin üzvüdürlər».

«Azadlıq» qəzetinin yazarı Şahvələd Çobanoğlu artıq bir müddətdir ki, «Xural» qəzetini kənardan izləyərkən, ona qarşı xüsusi sifarişin başlandığının fərqində olduğunu söylədi. Onun sözlərinə görə, «Xural» qəzetini susdurmağın yeganə yolu onu maliyyə baxımından çökdürməkdir və bu siyasi basqını da hakimiyyət həyata keçirir: «Ən absurd məhkəmə prosesiniz Prezident yanında KİV DF-nun icraçı direktoru Vüqar Səfərlinin iddiası əsasında qaldırılan məhkəmə prosesidir və bu məhkəmə dövlətin mətbuata münasibətini tamamilə açır və həmin Fondun hansı immitasiya xarakteri daşıdığını, hansı hiyləyə söykəndiyini üzə çıxarır».

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin qənaətinə görə, müstəqil mətbuatın rəhbərləri ölkə mətbuatını kirpiyə çevirə bilmədiyi üçün ona hər kəs əl uzada bilir: «Sanballı bir koalisiya düzəltmək lazımdır. Ayrı–ayrılıqda biz heç nə edə bilməyəcəyik. Ölkədə mənasız, axmaq bir avtoritarizm var – nə sistemi bəllidir, nə qaydası bəllidir. Nə prezidenti, nə də ondan aşağıda olan məmurları bəllidir. Yaramaz bir sistemdir. Bir kəndlinin üzərinə şər atıb 500 min manat cəriməni yükləyə biləcək qədər yaramaz bir sistemdir. Ona görə də biz canlı bir orqanizm yarada bilməsək, özünün mənafeləri olan, ayrı-ayrı mətbuat vahidlərinin mənafelərini öz mənafeyi hesab edən, getdikcə inkişaf edən, ümumi maraqları ifadə edən bir təşkilat yarada bilməsək, bizim hər zaman başımızı belə avara, mənasız problemlərlə ağrıdacaqlar. Mən məsələlərin bu şəkildə çözülməsinin tərəfdarıyam. İrəliyə doğru, bu adamların üzərinə doğru hərəkət etmək lazımdır. Həm də birlikdə getmək lazımdır. Azərbaycanda olan sağlam media qurumları biirləşərək, bir təşkilat yaratmalıdırlar. Biz diktaturanın, avtoritarizmin üzərinə getməliyik və çalışmalıyıq ki, onların əsassız iddiaları ilə özlərini boğaq».

«Turan» İnormasiya Agentliyinin direktoru Mehman Əliyev məhkəmə predmeti olan məqalələrin müstəqil ekpertlər tərəfindən araşdırılmasının zəruriliyini qeyd etdi:«Beynəlxalq qurumlar tərəfindən bu məqalələr ekspertiza olunsun və onlar haqda rəy hazırlansın. Çünki bu nəticələr sonradan sənəd şəklində beynəlxalq qurumlara təqdim olunmalıdır. Bizim medianın vəziyyəti 8 il əvvəlki medianın vəziyyəti deyil. Mən təklif edirəm ki, biz bu məsələdə daha çox beynəlxalq qurum və təşkilatlarla əlaqə yaradaq, onlarla əməkdaşlıq edək. O tərəfdən də maraq var. Biz bunu edəriksə, daha effektiv nəticələr əldə edə bilərik. Bir də ictimai dəstək almaq üçün ona da açıqlama verilməlidir. Bunu etmək, gündəmə gətirmək lazımdır».

RATİ-nin təsisçisi Emin Hüseynov hesab edir ki, bu məsələni hakimiyyətin öz xeyrinə həll etməsinə imkan vermək olmaz: «Özünü «mətbuatın dostu» adlandıran prezident, müstəqil mətbuat üzərinə bu qədər maliyyə təzyiqlərinin göstərilməsinə imkan verməməlidir. Avropada, ABŞ-da dövlət məmurunun «Şərəf və ləyaqəti» yoxdur, yəni Avropa Birliyi və Avropa standartlarına görə dövlət məmurunun şərəf və ləyaqəti hansısa məhkəmə prosesi üçün əsas götürülə bilməz. Çünki dövlət məmuru yalnız vəzifə səlahiyyətlərini həyata keçirən icraçıdır. Ona görə də onları təhqir də etmək olar, tənqid də. R.Mehdiyevdən soruşmaq lazımdır ki, ümumiyyətlə, onun şərəf və ləyaqəti varmı? Bir də, o öz şərəf və ləyaqətini hansı prizmanı əsas götürərək dəyərləndirib?».

Mətbuat konfransında digər mətbu qurumların da nümayəndələri çıxış edərək, təkliflər irəli sürdülər. Sonda Əvəz Zeynallı məhkəmələr tərəfindən kəsilən cərimələrin məmurlara ödənməsi məqsədilə “500 Böyük Oxucu” kampaniyasına başladığını və bu məqsədlə yaratdığı pul kassasına hər Böyük Oxucudan gələn 10 manatın toplanması üçün əməli işə keçdiyini bildirdi: “Müstəqil mətbuatı maliyyə basqını ilə çökdürməyə çalışanlar məqsədlərinə çatmayacaqlarını indidən bilsinlər!”

Qeyd: Mətbuat konfransından hazırlanmış geniş məqalə «Xural»ın növbəti – 13-20 fevral tarixli sayında dərc olunacaq.

XuralTAC


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button