RAMİZ MEHDİYEVİN NEÇƏ VƏZİFƏSİ VAR?

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Birini mən istəyirəm!..

 Prezident Administrasiyasının rəhbəri, Bakı Dövlər Universitetinin kafedra müdiri, Əfv Komissiyasının sədri, Azərbaycan Elmlər Akademiyası… Görəsən, səksən yaşlı qoca bu qədər məsuliyyətli dövlət görəvlərinin öhdəsindən necə gəlir? Əslində, gələ bilirmi? Ümumiyyətlə, davamlı və gərgin əmək tələb edən bu vəzifələrin iş saatı və ya qrafiki varmı? Ramiz Mehdiyev saat neçədə, harada olduğunu necə müəyyənləşdirir? Və ya bir qocaya nə üçün bu qədər görəv – həm də birdən verilir? Bu qədər intellekti, yüksək savadı, idarəçilik bacarığı olan gənclərin işsiz-gücsüz vəziyyətdə olduğu bir zamanda İlham Əliyev nə üçün Ramiz Mehdiyevə bu qədər vəzifəni səxavətlə paylayıb?

Çünki bu hakimiyyət hər sahədə, hətta kadrla bağlı məsələdə də tükənib. İllər uzunudur ki, işləri dalana dirənən kimi Siyavuşu çıxarırlar efirə. Adam haraylayır. Debata siyasətçi çağırır. Bir dəfə demişəm, bir də təkrar edim, hələ sizin Siyavuşu 1994-95-ci illərdə tədbirlərdən qaçmağa biz məcbur edirdik. Bu, o vaxt idi ki, qılıncınızın qəbzəsindən də qan damırdı. ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin o vaxtkı rəhbəri Cuanna xanım tədbirlərdə Siyavuşu qaçırmamaq üçün az qala əli ilə ağzımızı tuturdu. Amma kimə deyirsən, Siyavuş iştirakla bağlı qeydiyyata düşən kimi tüpürərdi dabanına. Özü və Allahı bilər, partiyasında tədbirlə bağlı hansı məlumatı verirdi, amma mən o adamda siyasi müzakirələr zamanı heç bir mübarizlik görmədim.

Mübariz dedim, Mübariz Qurbanlı düşdü yadıma. İllər öncə mənim də rəhbərliyində təmsil olunduğum ictimai təşkilatlardan birinin təşəbbüsü ilə formalaşan, respublikada fəaliyyət göstərən əksər ictimai-siyasi təsisatların təmsil olunduğu “Dəyirmi Masa” adlı qurumun qərarına əsasən, bir vaxtlar fəaliyyət göstərən “Əmək” partiyasının mərhum sədrindən, Mübariz Qurbanlıdan və məndən ibarət hansısa sənədi hazırlamaq üçün işçi qurup yaradıldı. Qrupun iclaslarının birində Mübariz Qurbanlının “sənədlərin paraflanması…” sözünü davaml söyləməsindən bezən və əsəbiləşən rəhmətlik Sabutay müəllimin “sən arada başqa termin də əzbərlə” – deyə iradı bugünkü YAP-ın ən “işıqlı” nümayəndəsinin iclasın sonuna qədər təlaşla susmasına səbəb oldu. İndi bunlar nə yaman işgüzar, fərasətli, dilli-dilavər olublar? Əli Həsənova yaradılan şəraitin milyonda biri hansısa bir müstəqil qəzet müxbirinə yaradılsa, adam istənilən rəqibə master klas keçər. Bizə Ramiz Mehdiyevi, Əli Həsənovu, Kəmaləddin Heydərovu və başqalarını sitat gətirməyin, cənablar. Ən aşağı bildiklərimizi ən başa çıxarıb, lider edib istifadənizə az verməmişik. Bu gün heç də saydıqlarımdan pis yaşamırlar. Və sizinkilərdən az vəzifələri də yoxdur. Amma yəqin ki, məni və həmin dönəmlərdə mənimlə birlikdə olanların heç birini yaxşı da xatırlamır? Axı qarşımda ağlayan, acı keçmişi ilə stimulyasiya edən məni niyə yaxşı xatırlasın ki? Adam artıq köşəyi dönüb. Adama mənmi lazımam. Bəli, bu, mənim və həmin vaxt mənimlə birlikdə olanların yanlışlığı hesab oluna bilər. Onda həmin yanlışlığı tək biz etməmişik, müxalifət lideri adına iddia edənlərdən də edən olub. Əgər qarşılıqlı ittihama başlayacağıqsa, adamın bir vaxtlar yana-yana söylədiyi “mən hər ay torba ilə pul gətirirdim… amma mənə xəyanət etdi” sözünü də dartışalım. Pul kimdən gəlirdi, kimə gəlirdi, niyə gəlirdi? Amma lüzum yox. Hesab edirəm ki, dartışacağımız yeganə qüvvə varsa, o da bu iqtidardır.

Mən iddiamı ortaya qoydum: Ramiz Mehdiyevin vəzifələrindən birini istəyirəm. Elmi titulum yox, deməli, kafedra müdiri ola bilmərəm. Kövrək adamam, hissə qapıla bilərəm, deməli, məndən əfv komissiyasının sədri də olmaz. Administrasiya rəhbəri. Hesab edirəm ki, Əli Həsənova, Novruz Məmmədova, Elnur Aslanova, Fatma Abdullazadəyə və başqalarına çox gözəl rəhbər olaram.

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button