“Ramiz Rövşənə, Rafiq Əliyevə, Seyran Səxavətə, Arif Babayeva, Mənsum İbrahimova müraciət edirəm”

Akif Nağı: “Mənim komitədən çıxarılmağım haqda qərar versələr…”

 

Qarabağ Komitəsi (QK) ətrafında fikir ayrılığı aradan qalxmır. Qurumun təsisçilərindən olan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının komitənin son iki iclasını boykot etməsi vəziyyəti daha da gərginləşdirib.

Tezliklə QAT sədrinin komitədən uzaqlaşdırıla biləcəyi ehtimal edilir. Bununla yanaşı, Azərbaycan Xalq Hərəkatı (AXH) daxilində yaradılan Qarabağ Komitəsinin digər bu adda fəaliyyət göstərən komitə ilə birləşdirilməsi üçün hazırlıqların getdiyi barədə xəbərlər yayılıb. AXH-nin yaradılmasının təşəbbüskarı olan AMDP sədri İsgəndər Həmidovun QK-nı tərk etməsindən sonra komitə daxilində yaranan gərginliyin təsadüfi olmadığı vurğulanır.

QAT sədri Akif Nağı QK-da qalmaq istədiyini bildirdi: “Ötən həftə Qarabağ Komitəsinin dönəm sədri Mirmahmud Mirəlioğlu heyətlə gəlmişdi, mövqeyimi dedim. Qarabağ Komitəsində fəaliyyətimi davam etdirmək istəyirəm. Amma iclasların partiya qərargalarında keçirilməsini məqbul saymıram. Mənim komitədən çıxarılmağımla bağlı qərar qəbul etsələr, ümumi işimizin ziyanına olacaq. Ona görə də yaxşı düşünməlidirlər. Amma elə bir qərar olarsa, normal qarşılayacağam. Heç bir problem yoxdur. Əgər AXH ilə birləşəcəklərsə, yaxşı olar. Qarabağ məsələsində səylərin birləşdirilməsinin tərəfdarıyam. Heç kəs məni bəhanə gətirməsin, iş görmək istəyirlərsə, uğurlar arzulayıram. Biz QAT olaraq öz yolumuzla getmişik, çalışmışıq ki, addımlarımız Qarabağın maraqlarına xidmət etsin. Zaman da həmişə bizim düz yolda olduğumuzu təsdiq edib. İsgəndər Həmidov da Qarabağ üçün can yandıran insandır.

Akif Nağı ile ilgili görsel sonucu

Amma çox vaxt tələsik qərarlar verir, yanlış addımlar atır. İnanmıram ki, komitədə olanlar onun təsiri altına düşələr. Elə olarsa, təəssüf edərəm, deməli, bəzi adamlara Qarabağ yox, siyasi maraqlar önəmlidir. Mən bir sualın cavabını hələ də tapa bilmirəm ki, bu adamlar nə üçün QAT-ın 25 illik təcrübəsindən, bazasından istifadə etmək istəmədilər. Özləri də bilirlər ki, komitənin 29 sentyabr mitinqinə qədərki uğuru daha çox QAT-ın bazasına söykəndiyimizə görə idi. Bu bazadan imtina etmək, hər halda, məntiqə sığan deyil. Burada qısqanclıq, siyasi ambisiya, yoxsa sifariş rol oynadı, deyə bilmərəm. Özləri də bilirlər ki, bizə qarşı səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Hər halda, belə bir vəziyyətin yaranmasına təəssüf edirəm. Məsələ bəlkə də yorğan davası imiş, yəni mənim komitədən uzaqlaşdırılmağım. Amma bununla nəyə nail olacaqlar, bilmirəm. Elə əvvəldən desəydilər ki, komitədən çıx, çıxardım. Tez-tez bəzi dostlarımız belə bir tezis işlədirdilər ki, komitənin üzərində QAT və ya Akif Nağının kölgəsinin olmasını istəmirik. Bilmirəm, budu səbəb, yoxsa yox. Mirmahmud bəylə söhbət etdim. Soruşdum ki, QAT-da iclasların keçirilməsini niyə məqbul saymırsınız. Ənənəvi cavab verdi ki, darısqallığa görə. Başqa bir arqument olmadı. Mən də o arqumenti ciddi qəbul etmədim”.

Əvəz Zeynallı ile ilgili görsel sonucu

QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı bildirdi ki, Qarabağ Komitəsində heç bir fövqəladə hadisə baş vermir:“Hər şey normal, qanunauyğun şəkildə gedir. Akif Nağının o iddiası hər zaman olub. Biz iclasları başqa qərargahlarda keçirmək istəyəndə Akif bəy son vaxtlar daha çox buna qarşı çıxış edirdi ki, bu siyasiləşmək deməkdir. Amma bizim bir şüarımız var idi: ”Hər yer Qarabağ, hər kəs Qarabağ”. Akif bəyin sərt qərarı var ki, digər qərargahlarda iclaslar olsa, iştirak etməyəcəyik. Düşünürəm ki, bu doğru deyil. Heç kim Qarabağdan üstün deyil. Kiminsə iclaslara gəlib-gəlməməsindən asılı olmayaraq hesab edirəm ki, komitə fəaliyyətini davam etdirəcək. Müəyyən insanların gedişi ilə komitə heç nə itirmədi. Əksinə, qazanc əldə edildi. Belə ki, insanların 2/3-si komitə ətrafında birləşdi. İsgəndər Həmidovun istefasından sonra bu proseslərin baş verməsinin onunla bir əlaqəsi yoxdur. Eyni zamanda onun gedişi ilə komitədə heç nə dəyişməyib. Komitədə dönəm sədrliyi var. İlk günlərdən biz qərara aldıq ki, bu şəkildə fəaliyyət göstərək. Demokratiya baxımından bu, daha düzgün idi. Mən də onun tərəfdarı idim ki, aylıq idarə heyətinin toplantılarının yerini dəyişək. Bunun da bir sıra səbəbləri var. Komitəni Akif Nağının adına çıxanlar daha çoxluq təşkil edirdilər. 29 sentyabr mitinqi keçirilən zaman bəzi mətbuat nümayəndələri bilərəkdən və ya bilməyərəkdən bunu QAT-ın mitinqi kimi qələmə verirdilər. Buna görə düşünürdük ki, Ümid, ADP, KXCP və digər qərargahlarda toplantılarımız ola bilər. Bu təkliflər hər zaman olub. Yəni bunun İsgəndər Həmidovla heç bir əlaqəsi yoxdur.

Digər tərəfdən, bilənlər bilir, komitənin iclaslarının canlı yayımlarına baxanlar bunu görüb, QAT-ın ofisində 20-25 stol var. Bizim də toplantılarda hər dəfə 50-60 civarında adam iştirak edir. Təsəvvür edin ki, 30-a yaxın adam ayaq üstdə qalır. Üç saatlıq toplantı zamanı bu sayda insanın ayaqda qalması etik də deyil. Ona görə də bu qərara gəldik ki, komitənin dönəm sədri Mirmahmud Mirəlioğlu olduğu üçün iclasları onun qərargahında keçirək. Komitənin siyasiləşdirilməsindən söhbət gedə bilməz. Xalq Hərəkatındakı Qarabağ Komitəsi ilə bu komitənin birləşdiriləcəyi barədə deyilənlərə gəlincə, deyə bilərəm ki, biz tərəfdən heç bir fəaliyyətdən söhbət gedə bilməz. Qarabağ hər kəsin fövqündə dayanmalıdır. Bura nə mandata, nə də başqa şeylərə görə gəlmək olmaz. Bu baxımdan komitələrin birləşdirilməsindən söhbət gedə bilməz. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə ziyalılarımıza – Ramiz Rövşənə, Rafiq Əliyevə, Seyran Səxavətə, Arif Babayeva, Mənsum İbrahimova müraciət edirəm ki, Qarabağ Komitəsinə məhz indi gəlmək lazımdır. Millətin səsini komitəyə yığmaq zamanıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button