Ramiz Tağıyevin həbs edilməsində Heydərov izi…

Lalə Ramizqızı: “Culfa seçiciləri atam barədə Qüdrət Həsənquliyevə müraciət ediblər – nədən deputat belə biganəlik edir?”

Atamın həbs ediməsinin birinci səbəbi MTN-ni tənqid etməyimizdir…

Culfalı hərəkatçı, CANP sədri, “Millətim”in baş məsləhəçisi Ramiz Tağıyevin parlament seçkiləri öncəsi tələm-tələsik həbs edilməsinin səbəbsiz olmadığı məlum olur. Belə ki, R.Tağıyev Culfa-Ordubad seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməyi planlaşdırıbmış. Həmin ərəfədə “Xural”a açıqlama verən R.Tağıyev “88”-lər adlı seçki blokunu təsis etmək istədiklərini də vurğulamışdı. “Ramiz bəyin həmin dairədən namizədliyi qeydə alınsaydı, onun alternativlərinin cüzi səs toplamaları mümkünsüz idi. Rayon sakinləri səbirsizliklə onun Culfaya gələcəyi günü gözləyirdilər ki, gözlənilməz həbs xəbərindən hamı şok yaşadı. Sonradan məlum oldu ki, Ramiz bəyin həbs edilməsi həmin dairədən deputat seçilmiş Qüdrət Həsənquliyevin yolunu açmaq üçün edilib. Onun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs olduğunu hamı bilir”- deyə açıqlama verən keçmiş hərəkatçının söylədiklərinə aydınlıq gətirmək üçün R.Tağıyevin qızı, “Millətim”in baş redaktoru Lalə Ramizqızına müraciət etdik.

Lalə xanım bu barədə culfalılardan məlumat alsa da, söylənilənlərə inanmadığını bildirdi: “İnanmıram ki, Kəmaləddin Heydərov atamın həbs edilməsində maraqlı olsun. Bizim ona nə pisliyimiz keçib ki? Əksinə, çalışdığımız qəzetlərdə atam onun barəsində tənqidi materialların yer almasına heç bir zaman imkan verməyib. Səbəb kimi, onun gənclik illərinin dostu olduğunu söyləyirdi. Dəqiq bilirəm ki, 1993-cü ildən sonra atam Kəmaləddin müəllimlə görüşməyib. Ancaq atamın bir xasiyyəti var, dost sandığı insanlarla uzun illər görüşməsə belə, onlarla münasibəti pozmaq istəməyib. Hətta Culfadakı yaxınlarımız bizə məsləhət bilirlər ki, Kəmaləddin müəllimə və yaxud atasına müraciət edib, haqsızlığa məruz qaldığımız çatdıraq. Atamın Culfaya rəhbərlik etdiyi zaman Fəttah müəllimlə də yaxın münasibətləri olduğunu bilirik. K.Heydərovun qardaşı bizə Culfaya qonaq da gəlib. Xatırlayıram ki, atam onu dostumun qardaşıdır deyə çox mehriban qarşılamışdı. Həbs olunmamışdan bir neçə ay öncə isə FH naziri ilə bir zamanlar ailəvi dost münasibətlərində olmuş bir qadın K.Heydərovu şantaj edici şəkillər və yazı gətirmişdi ki, “Millətim”də verək. Atam hamısını yandırıb, “utanmır, K.Heydərov bunlara zamanında o qədər yaxşılıq edib, bu isə əvəzində gör nəyə əl atır”- dedi. İnana bilmirəm ki, Heydərov atama belə psilik etsin. Ancaq onu da bilirəm ki, atamın seçki öncəsi həbs edilməsinin bəzi qaranlıq məqamları var. Əlbəttə, birinci səbəb “Millətim”də MTN-nin tənqid edilməsidir. Təbii ki, atamın həbs edilməsinə ölkə rəhbərliyindən razılıq alınıb. Ancaq təqdimat necə olub, bu məlum deyil. Kim edib təqdimatı, bu da məlum deyil. Hər halda ölkə rəhbərinin xüsusi inam bəslədiyi şəxsin olduğunu güman edirik. Yoxsa kimsə bu cür qurama ittihamlarla nəinki atamı, heç digər kimsəni həbs edə bilməzdi”.

Millət vəkili Qüdrət Həsənquliyevlə atasının münasibətləri barədə Lalə xanım bunları qeyd etdi: “Onunla da yaxşı münasibətləri olub. Culfada işləyərkən atamın Q.Həsənquliyevin qardaşları ilə əla münasibəti olub. Qüdrət müəllim də hər dəfə rayona gələndə mütləq bizə baş çəkib. Ancaq onun AXCP sədri Əli Kərimli ilə münasibətləri pozulanda atamın Kərimlini müdafiə etməsindən sonra aralarında soyuqluq yaranmışdı. Atam həbs ediləndən sonra dəfələrlə Q.Həsənquliyevə bir deputat kimi müraciətlər ünvanlasam da, cavab ala bilmədim. Yəqin başı daha mühüm işlərə qarışıb. Sözün düzü, ondan belə etinasızlıq görməyimiz, bəzi şübhələr yaradır. Bilirəm ki, Culfa seçiciləri atam barədə Qüdrət müəllimə müraciət ediblər. Bizə zəng edib deyirlər ki, nədən deputat belə biganəlik edir? Hətta atamın onların ən çətin günlərində yanlarında olduğunu xatırladanlar var. Deyirəm ki, indi elə zamana gəlib çıxmışıq ki, hər şey unudulub. Nə olur-olsun, atamın günahsız həbs edilməsinin arxasında kim durur-dursun, fərq etməz, onlarla davamız hələ qabaqdadır. Elə faktlar əldə etmişik ki, açıqlandıqca kimlərsə etdiklərinə görə ömrü boyu peşman qalacaqlar. Bu qədər olmazdı ki, etdilər. Özünü kişi adlandıranlar da, heç kişini iyrənc, qurama, nakişi üsullarla tutdurardımı?”

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button