Ramiz Zeynalovun 24 illik “yol əhvalatı”

Mübariz Şahbazov və bitməyən “yol terroru”

Azərbaycanda rüşvətin dərin kök saldığı sahələrdən biri də Dövlət Yol Polisidir. Bunu hər bir sürücü, sərnişin ən azından praktiki olaraq öz həyat təcrübəsindən bilir. “Dörd təkər üstündə” hərəkət edən hər kəsə potensial qazanc mənbəyi kimi baxan DYP əməkdaşlarının əməlləri dəfələrlə ən üst səviyyədə tənqid olunsa da demək olar ki, heç bir tədbir görülməyib. Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilmişdir.Buna baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bu istiqamətdə ciddi tədbirlər görmürlər. Ölkədə korrupsiyanın ən çox tüğyan etdiyi sahələrdən biri də Dövlət Yol Polisidir. Bu fakt danılmazdır və ölkə vətəndaşlarının hər biri bu faktı təsdiqləyə bilər. Belə ki,sürücülərin qanunsuz cərimələnməsi, yük maşınlarının Dövlət Yol Polisi postlarında yersiz incidilməsi, yazılan cərimələrin həddindən artıq alınması və sair. Bu faktlar artıq neçə illərdir ki, mövcuddur və yol polisində korrupsiya halları gün-gündən artmaqda davam edir.
Ümumiyyətlə, bu sistemdə korrupsiyanını kök atması artıq bütün ölkə ictimaiyyətinə bəllidir. Görünən odur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalov bu prosesə son qoymaq istəmir. Çünki, artıq neçə dəfələrlə bu sahədə korrupsiyanın yığışdırılması ilə bağlı təpkilər olsa da, general Ramiz Zeynalov hansısa bir tədbir görməyib. Elə yenə əvvəlki kimi korrupsiya faktları inkar olunur, rüşvətsə tüğyan edir. Yol polisləri yollarda sürücüləri cərimələməkdə, vətəndaşları incitməkdə, avtomobilləri qanunsuz təqib etməkdə davam edir. Çünki, arxayındılar ki, hansısa bir fakt və hadisə aşkar edilərsə, Baş Dövlət Yol Polisi İdarəsi onları istənilən şəkildə müdafiə edəcək və ictimaiyyətə, kasıb və imkansız əhaliyə yalan məlumatlar sırıyıb işçsini müdafiə edəcək.

Mübariz Şahbazovun “qəza laborotoriyası”

Yol polisində cəmiyyətə bəlli olan daha bir rüşvət mənbəyi vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi prosesidir. Rubrika.Az-a daxil olan məlumata görə, burada sürücülük vəsiqəsi verilmir, açıq şəkildə satılır.Bu sahəyə isə Ramiz Zeynalovun xüsusi rəğbətini qazanmış Mübariz Sahbazov rəhbərlik edir. Doğrudan da indi ölkəmizdə sürücülük vəsiqəsi almaq metro kartı almaqdan da asandır. Bunun üçün sənin təcrübən, yol hərəkəti nişanlarını tanıyıb-tanımaman əsas deyil, pulun varsa lap təyyarə pilotu da ola bilərsən. Daha çox MERO kimi tanınan İmtahan və Qeydiyyat Şöbəsinin açdığı “prava bazarı”nda satılan sürücülük vəsiqələrinə sahib olan təcrübəsiz, yol nişanlarını tanımayanlar təkcə özləri üçün deyil, həm də başqaları üçün təhlükə mənbəyidir. Mübariz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən MERO-lar əslində potensial “qəza laborotoriyası” rolunu oynayır. “Əcnəbilərin seyrə balonlarla çıxdığı” indiki dövrdə hələ avtomobil sürə bilməyənlərə sürücülük vəsiqəsi satmaqla (bəli, məhz satmaqla) məşğul olan bir qurumu korrupsiya, rüşvət bataqlığında batıran M. Şahbazov nəinki fəaliyyətində dönüş etmək haqqında düşünür, əksinə hər gün bu sahəni daha da uçuruma aparır.
Ümumiyyətlə Mübariz Şahbazov faktoru BDYPİ-də çox güclüdür və öz mövqelərini möhkəmləndirməkdə davam edir. Məlumdur ki, istənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs MERO-ya-yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. BDYPİ-də bu sahənin şəriksiz nəzarətçisi isə Mübariz Şahbazov hesab olunur. Sadə dildə desək, Azərbaycanda alınan hər “prava”da-sürücülük vəsiqəsində M. Şahbazovun “haqqı” var. Ölkədə maşını yerindən tərpədə bilməyən, yol nişanlarını reklam lövhəciyi hesab edən, “qaz”la “tormoz”un yerini tanımayan şəxslərin necə sürücülük vəsiqəsi aldığını, bu səbəbdən də yollarımızda əsl soyqırım hallarının yaşandığını hər kəs bilir. Az qala sürücülük vəsiqəsini bazardan kartof-soğan almaq qədər sadələşdirən M. Şahbazov və tabeliyində olanlar bu yolla gəncliyimizi hansı uçuruma apardıqlarının fərqində deyillər. Təsadüfi deyil ki, el arasında daha bu sənədlər sürücülük vəsiqəsi yox, “ölüm kağızı” adlandırılır.

BDYPİ-də 24 illik “yolsuzluq problemi”

Bütün bunlar isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun gözləri önündə baş verir. Generalın baş verənlərə reaksiyası isə deməyə əsas verir ki, bütün bu qanunsuzluqlar onun nəzarəti altında həyata keçirilir. Əks təqdirdə indiyə qədər hansısa bir qəti addım atılardı. R. Zeynalov indiki vəzifəsində 1994-cü ildən çalışır. 24 il ərzində çox sular axıb durulsa da, çoxları vəzifə kürsüsü ilə vidalaşsa da R. Zeynalov BDYPİ-də kimsəyə yol verməyib. 24 illik bu yol həm də onun şəxsi biznesinin çiçəklənməsinə xidmət edib.
Rubrika.az saytı media üzərindən apardığı araşdırmaya əsasən xəbər verir ki, Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Dəqiqlik olsun deyə, Qubadakı zavod və karxananın ünvanını nişan verə bilərik. Belə ki, Ramiz Zeynalov Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınlar Almaniyadan gətirilib. Bundan əlavə, R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada doğulduğu Tovuz rayonu xüsusi yer tutur.
Ümumiyyətlə R. Zeynalovun fəaliyyəti, bundan doğan böyük problemlər artıq sanki islaholunmaz həddə çatıb. Bu barədə qəti tədbirlərin görülməsi zəruridir. Son günlər prezident tərəfindən öz fəaliyyətində dövlət maraqlarına zərbə vuran məmurların vəzifədən alınması, cəzalandırılması prosesinin növbəti mərhələsi həyata keçirilir. Yəqin ki, tezliklə haqqında bəhs etdiyimiz sahələrdə də əsaslı islahatlar başlanılacaq, formalaşan narazılıqlara son qoyulacaq. Dövlətin qəti mövqeyi hər şeyi həll edəcək! //rubrika.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button