Rasim Məmmədov məhkəməni hədələdi: “Bu iş burada bitməyəcək”

“Evlərim, əmlaklarım satıldı, atamın evi satıldı, hər şey satıldı, daha nə qaldı ki… Hələ bir gedib 15 il də türmədə yatmalıyam?..”

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov əsəblərini cilovlaya bilməyib.

O, çıxışında üzünü hakimlərə tutaraq “bu iş burada bitməyəcək” deyib.

O, “hər şey flaşkalardadır, onu da qəbul etmirsiz” deyə fikirini davam etdirib.

185 milyon manatı mənimsəməkdə təqsirləndirilən Rasim Məmmədovun bu gün baş tutan prosesdə vəkilləri çıxış etməli, Rasim Məmmədov son söz deməli, hökm elan olunmalı idi. Ancaq məhkəmə iclası başlayan kimi vəkillər məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət qaldırıblar. Vəkil Zibeydə Sadıqova deyib ki, məhkəmə müdafiəçi tərəfin təqdim etdiyi 30-dan çox vəsatətini təmin etməyib, müdafiə tərəfinin verdiyi sübutlar araşdırılmayıb. Yalnız ittiham tərəfin sübutları araşdırılıb. Vəkil deyib ki, məhkəməyə təqdim olunan iki ədəd flaşkart da nəzərə alınmayıb. Elə Rasim Məmmədov da flaşkartlardan danışıb. O, 185 milyon manatlıq ittihamın saxta olmasından danışıb: “19 ay ərzində davam edən ibtidai istintaq zamanı mənimlə heç kəs danışmayıb. Məni dindirmıədilər, mənə heç bir sual verib, cavab almaldılar. Prokuror çıxış edib dedi ki, 185 milyon manat pul mənimsəmişəm. Ancaq heç kəs təsəvvür eləmək istəmir ki, 185 milyon manat nə qədərdir. Mümkünsüz bir şeydir bu… Orda (Baku Steel Company-red.) 185 milyon manat qazanmaq mümkün deyil. Mənim hörmətli prokurora sualım var. 185 milyon qazanıb onu xərcləməyi siz ancaq Mübarizin dəftərindən götürmüsünüz də, düzdür? Bəs məhkəməyə təqdim olunan flaşkalarda hər şey yazılıb axı… Möhtərəm hakim, 10 il ərzində bir şirkət bir şirkətə məhsul satıb, o da işləyib və pulunu hara xərclədiyini yazıb. Mən sizə onu vermək istəyirəm. O flaşkalarda hər şey qeyd olunub. DTX-ya da verilib, məndə də var, bura da (məhkəməyə) verilib o flaşkalar. Və mən istəyirəm ki, açıb baxaq, mən oradan pul götürmüşəmsə, o pulu yerinə qaytarım. Və mən artıq 22 milyon manat pul qaytarmışam. 1 il bundan əvvəl əmlaklarım satıldı, dedilər, 22 milyon manat ödə, ödədim. İndi deyirlər ki, yox, sən hələ 185 milyon manat da ödəməlisən. Mənim haramdadır o 185 milyon manat? Bir insana onun çəkisinə uyğun məbləğ deyərlər də. Söhbət 185 milyon manatdan gedir, möhtərəm hakim. Daha keçmişdi, elə 1 milyard manat deyəydilər də…”

Rasim Məmmədov deyib ki, ona verilən ittihamlardan biri xarici banklardan birindən gələn 60 milyon manatı mənimsəməklə bağlı olub ki, o, bu ittihamı da qəbul etmir: “Yazırlar ki, xarici bankdan 60 milyon manat pul gəlib. Mümkünsüz bir şeydir, təsəvvür edirsiz 60 milyon manat nə deməkdir? Söhbət 6 milyondan getmir, 60 milyondan gedir. Məni bu vəziyyətə salmaqda, işi bu dərəcəyə çatdırmaqda məqsəd nədir? Bir baxın, görün bu 60 milyonu kim qazanıb, bir müqavilə çıxartsın ortaya, kim hara satdığını, nə cür qazandığını ortaya qoysun. Hər şeyin bir əvvəli, axırı var. 185 milyon manat qazanılası pul deyil. Orda yazsaydılar 300 milyon manat, deməli 300 milyon olacaqdı, möhtərəm hakim? Bunu sübut eləmək lazımdır”.

Rasim Məmmədov hakimdən ədalətin bərqərar olmasını istəyib:

“Siz ədalətin bərpa olma yerisiz. Mən də öz ədalətimi istəyirəm. Məni niyə kimsə gedib prezidentin gözündən salmalıdır ki, baxın, bu adam cinayətkardır. Mən heç bir cinayət etməmişəm. Elə gedib demək ki, bunu Rasim götürüb, bununla iş düzəlmir. Bunun apelyasiyası var, bunun Ali Məhkəməsi var. Bu iş burda bitməyəcək. Mən prezidentə sübut edəcəm ki, mən oğru deyiləm. Mən ümumiyyətlə, oğurluqla məşğul olmamışam. Zavod almışam, zavod tikmişəm, Bunu qoyublar bir kənara, deyirlər 185 milyon pul mənimsəmisən. Hara götürüb aparmışam? Evim yox, eşiyim yox. 185 milyonu hara aparmışam, ay möhtərəm hakim? Gizlətmək mümkün deyil, bir yerə çıxarıb satmaq mümkün deyil. Bəs bu pul haradadır? Mənim əmlaklarıma da, həyat yoldaşımın bağına, qardaşımın bağına hamısına həbs qoymusunuz”.

Hakim:

– Biz qoymamışıq. İstintaq qoyub.

Rasim Məmmədov:

– Onu demirəm, yəni əldə qalan heç nə yoxdur. Yaxşı, bəs bu pul hardadı? 185 milyon manatı mən neynəmişəm? Götürsəm, deyərəm götürmüşəm, verərəm, canımı qurtararam da… Bir şey ki, yoxdur, insanı tutmaqla iş düzəlir? Yoxsa kiminsə günahını bir başqasının üstünə atmaqla nəsə düzəlir? Düzəlmir axı. Bu sənədlər gec-tez hardansa çıxacaq, prezident görəcək, biləcək. Mən onu demək istəyirəm ki, mən günah işlətməmişəm. Pul oğurlamamışam, heç kəsin pulunu götürməmişəm”.

Rasim Məmmədov bir daha deyib ki, onun şirkətlə əlaqəsi daxil olan və çıxan pulların qeydiyyatını aparmaqdan ibarət olub: “Qeydiyyatımı aparmışam. İstintaq zamanı qeydiyyatları vermişəm. İstintaq da öz tərəfindən yazıb ki, Rasim Məmmədovdan filan qeydlər götürüldü. Bu nə deməkdir axı, Azərbaycanın düşməni deyiləm, vətənimi satmamışam, xəyanət etməmişəm, ancaq və ancaq yaxşılıq eləmişəm. Vətən müharibəsində kömək lazım olub, orduya kömək eləmişəm, pandemiyada kömək lazım olub, onu da eləmişəm. Ancaq eləmədiyim şeyləri boynuma qoyublar. Hökmən deyirlər ki, 185 milyonu götürmüsən. Yaxşı, mən necə sübut edim? Vəsatətlərimi qəbul etmədiz, sənədlər vermək istəyirəm, deyirsiz ki, vaxtı keçib, qəbul eləmirsiz. Mən daha necə sübut edim ki, o pulu götürməmişəm? Mənim şansım nədir? Evimdə yox, bağımda yox, atamda yox, qardaşımda yox, yaxşı mən pulu neyləmişəm? Zavod almışam, heç onunla da rəsmiləşdirməyiblər. Deyir ki, zavod almısan, o mənimdir, o heç… Belə də borcluymuşam sanki. Bu necə oldu axı, heç kəs ziyan çəkmədi, elə bircə Rasim ziyan çəkdi bu işdən? Hamı evində rahat yatıb-durur, zavodları işlədir, iyan görmək bircə mənə qaldı? Evlərim, əmlaklarım satıldı, atamın evi satıldı, hər şey satıldı, daha nə qaldı ki… Hələ bir gedib 15 il də türmədə yatmalıyam?”

Rasim Məmmədov danışandan sonra hakim prokurora söz verib ki, məhkəmə istintaqının yenilənməsiylə bağlı vəsatətə münasibət bildirsin. Prokuror vəsatətin təmin olunmamasını istəyib: “Vəkillərin vəsatətlərini məhkəmə çıxışı, Rasim Məmmədovun çıxışı isə son söz kimi qəbul etməyinizi, məhkəmə istintaqını yekunlaşdırmağınızı xahiş edirəm”.

Vəkil Zibeydə Sadıqova:

“Bu, müdafiə çıxışı deyildi, vəsatətlərimiz idi. Müdafiə çıxışı üçün bizə ötən həftə cəmi 4 gün vaxt verildi. Bu isə 16 cildlik iş üçün, 185 milyon manatlıq mənimsəmə ittihamı üçün müdafiə çıxışı hazırlamağa çox az müddətdir. Biz məhkəmə protokolları ilə tanış olmaq istəyirik ki, müdafiəmizi qura bilək”.

Hakim tərəfləri dinlədikdən sonra növbəti məhkəmə iclasını dekabrın 5-nə təyin edib.

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.
Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button