RATİ Əvəz Zeynallıya 9 il həbs cəzası verilməsini pisləyib

12.03.2013

Zeynallının cəzası jurnalistlərin gözünü qorxutmaq  planıdır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxta rüşvətxorluq, hədə-qorxu ilə pul tələb etmə və vergidən yayınma ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyən bəyanat yayıb.

RATİ bəyanatda hökuməti jurnalisti dərhal azad etməyə çağırıb.
“Bu gün Azərbaycanın mətbuat və ifadə azadlığı üçün ağır olan bir ildə daha bir qara gündür” deyə RATİ sədri Emin Hüseynov bildirib. “Zeynallının azadlıqdan məhrum olunması prezident seçkiləri öncəsi jurnalistlər və media qurumları arasında özünü-senzura və qorxu hissinin yaradılmasına hesablanmış geniş planın bir hissəsidir”, Hüseynov fikrini bu cür tamamlayıb.
Sənəddə vurğulanır ki, Əvəz Zeynallını rüşvət alması ittihamı ilə həbs etdirən keçmiş deputat Gülər Əhmədovanın qalmaqallı rüşvət videosu ilə bağlı olaraq həbs olunması və onun mətbuata verdiyi açıqlamada jurnalisti şikayət etmədiyini bildirməsi, eyni zamanda Zeynallıya qarşı irəli sürülmüş ittihamın məhkəmədə sübut olunmaması jurnalistə qarşı irəli sürülmüş ittihamın siyasi sifariş olduğunu göstərir və bu həbsin arxasında yüksək çinli məmurlar durur.
Təşkilat Azərbaycan prezidentini öz səlahiyyətindən istifadə edərək ifadə azadlığına edilən basqılara son qoymağa çağırır.RATİ həmçinin beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarını jurnalistin qanunsuz olaraq 9 il azadlıqdan məhrum edilməsinə sərt reaksiya verməyə çağırır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button