RATİ Eynulladan narahatdır…

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məhbus jurnalist Eynulla Fətullayevin həbsdə qalmasından və onun azadlığa buraxılması haqqında Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsindən narahatdır.

“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsinin 5-ci ili başlayıb. Ötən il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi isə onun dərhal azadlığa buraxılması haqqında qərar çıxarıb. Bununla belə, Fətullayev hələ də həbsdədir və ona, eyni zamanda ailəsinə qarşı ən müxtəlif təzyiqlər davam edir. Bundan əlavə, Strasburq Məhkəməsinin qərarı ilə jurnalistə ödənilməli olan kompensasiyanın qəsdən verilməməyi aşkar şəkildə görünür.

RATİ hesab edir ki, hakimiyyət Fətullayevi həbsdə saxlamaqla ölkənin elə də yüksək olmayan imicinə davamlı olaraq zərbə vurur. Fətullayevin qəsdən həbsdə saxlanılması heç kimdə şübhə doğurmadığından bu hal həm yerli, həm də beynəlxalq qanunvericiliyə açıq-aşkar hörmətsizlikdir. Nəticədə Azərbaycanın söz və ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmir və Avropa hüquq sisteminə tam etinasızlıq nümayiş etdirilir.

RATİ bəyan edir ki, qeyd edilən mənfi halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu səbəbdən RATİ Azərbaycan hakimiyyətindən Fətullayevi dərhal azad etməyi və ona müvafiq kompensasiyanın ödənilməsini tələb edir. RATİ beynəlxalq ictimaiyyəti Fətullayevin dərhal azadlığa çıxması üçün səylərini artırmağa və buna nail olunmayacağı təqdirdə Azərbaycan hakimiyyətinə qarşı müvafiq sanksiyaların tətbiqinə nail olmağa çağırır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button