RATİ-NİN “XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİNİN HƏBSİ İLƏ BAĞLI BƏYANATI

23.11.2011 10:01

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural ” qəzetinin bölgə müxbiri Aydın Canıyevin Lənkəran şəhər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyir və bunu ifadə azadlığının pozulması kimi qiymətləndirir.

Qeyd edək ki, Aydın Canıyev sentyabrın 7-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Noyabrın 21-də isə jurnalist barədə 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

RATİ hesab edir ki, bu həbs siyasi sifarişdir və jurnalist Aydın Canıyev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və bu idarənin cənubdakı səlahiyyətli nümayəndəsi Qəni Axundov barədə yazdığı yazılara görə həbs edilib.

RATİ bəyan edir ki, bu həbs Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.

RATİ Azərbaycan hakimiyyətini həbs edilmiş jurnalist Aydın Canıyevi azadlığa buraxmağa və yazdıqları yazılara görə jurnalistləri həbs etməkdən çəkinməyə çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button