RATİ-NİN XƏDİCƏ İSMAYILOVAYA QARŞI ŞANTAJ KAMPANİYASINA DAİR BƏYANATI

09.03.2012

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı şantajla hədə etməni qətiyyətlə pisləyir və bunu hakim qüvvələr tərəfindən jurnalisti susdurmaq ücün atılmış ən çirkin addım kimi qiymətləndirir.

Belə ki, martın 7-də Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Məktubda jurnalistin özünü yığışdırmayacağı təqdirdə rüsvay olacağı yazırlar.

RATİ qeyd edir ki, X.İsmayılova Azərbaycan hakimiyyətinin ən yüksək çinli məmurları və onların ailə üzvlərini korrupsiyada süçlayan böyük ictimai rezonans doğuran jurnalist araşdırmalarının müəllifidir və o, bundan öncə də hakimiyyət yönlü qüvvələrin hədəfinə çevrilirdi. Dəfələrlə iqtidar mediasında X.İsmayılovaya qarşı qarayaxma xarakterli və heç bir həqiqətə uyğun olmayan yazılar dərc olunub.

RATİ hesab edir ki, Xədicə İsmayılovaya qarşı bu çirkin təxribatın arxasında Azərbaycan xüsusi xidmət orqanları durur. Vaxtilə bu cür çirkin addımlar müxalifətyönlü “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə, həmin qəzetin maliyyə direktoru Azər Əhmədova, əməkdaşları Natiq Güləhmədoğlu və Qan Turala qarşı həyata keçirilmişdi. Adı çəkilən jurnalistlərin şəxsi həyatlarına aid intim xarakterli video görüntülər internetdə yayımlanmışdı. Bu cür tendensiya onu göstərir ki, Azərbaycan hökuməti xüsusi xidmət orqanların texniki və insani resurslarından qeyri-qanuni istifadə edərək hökuməti tənqid edən yazarlara qarşı mərkəzləşdirilmiş və mütəmadi qaydada qarayaxma kampaniyalarını təşkil edir.

RATİ təəssüflə qeyd edir ki Azərbaycanda hökumətin azad sözə qarşı dözümsüzlüyü jurnalist qətlləri və həbsləri ilə bitmir və hətta jurnalistlər şəxsi həyatlarına çirkin müdaxilələr səviyyəsinə qədər davam edir.

RATİ xatırladır ki, ilk dəfə olaraq bu cür çirkin təxribat 2005-ci ilin fevralında Qənimət Zahidə və Azər Əhmədova qarşı həyata keçirilmişdi. Elə bu hadisədən bir həftə sonra – 2005-ci ilin martın 2-də tanınmış tənqidçi jurnalist Elmar Hüseynov qətlə yetirilmişdi.

Son illərdə oxşar çirkin təxribatlar tənqidçi jurnalistlər Natiq Qüləhmədoğlu və Qan Turala qarşı həyata keçirilib. Bir necə ay öncə Azərbaycanda jurnalist Rafiq Tağı qətlə yetirilib və 4 jurnalist müxtəlif saxta ittihamlarla həbsə atılıb.

Bu günə qədər jurnalistləri qətlə yetirənləri nə də jurnalistlərə qarşı iyrənc təxribatlara əl atan şəxsləri bir dəfə də olsun tapıb cəzalandırmayıblar. Məhz bu məqam jurnalistlərə qarşı həyata keçirilən cinayət əməllərinin arxasında dövlət məmurlarının durmasından şübhələnməyə tutarlı əsaslar verir.

RATİ Azərbaycan iqtidarına müraciət edərək Xədicə İsmayılovanı şantaj edən şəxsləri müəyyən edib onları məsuliyyətə cəlb etməyə, siyasi sifarişlə həbsə atılan bütün jurnalistləri azad etməyə, Elmar Hüseynovun və Rafiq Tağının qatillərini və bu qətllərin sifarişçilərini tapıb cəzalandırmağa və ifadə azadlığına dözümlə yanaşmağa çağırır.

RATİ həmçinin Azərbaycanın üzv olduğu BMT, Avropa Şurası, və ATƏT qarşısında ifadə azadlığının təmini etməklə bağlı üzərinə öhdəliklər götürməsini nəzərə alaraq, bu beynəlxalq qurumlara müraciət edərək onlardan Azərbaycanda ifadə azadlığının durumunu diqqətdə saxlamağı, söz azadlığına və jurnalist hüquqlarına Azərbaycan hökumətini hörmətlə yanaşmağını tələb etməyə çağırır.

Məlumat üçün bildirək ki, martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Şantajçılar jurnalistin özünü yığışdırmayacağı təqdirdə onun rüsvay olacağını yazırlar. Bu barədə X.İsmayılova özünun facebook səhifəsində yerləşdirdiyi bəyanatda bildirilir.

“Bu təhdid sürpriz deyildi. Uzun müddətdir, jurnalist araşdırmaları aparıram. O cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırmışam, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarmışam, hakim ailənin üzvlərinin ofşor biznesləri barədə gizlinləri açmışam. Hazırda da ciddi araşdırma mövzuları üzərində işləyirəm. Ardıcıl olaraq, hökumət qəzetlərində əleyhimə yazılar dərc edilir, haqqımda böhtanlar yayılır. İndiyə qədər ünvanıma erməni qohum-əqrəba, xarici kəşfiyyatla əməkdaşlıq kimi absurd ittihamlar səsləndirilib. Buna qədər jurnalist həmkarlarım haqqında şantaj xarakterli məlumatlar yayılıb və mən dövlətin malını, xalqın pulunu və yaxşı yaşamaq imkanlarını yağmalayan adamların mənə qarşı yeni çirkin şantaj metodlarından istifadə edəcəyini gözləyirdim. Bunu göz altına almışdım və buna hazır idim”, – deyə qeyd edən X.İsmayilova bəyan edib ki, heç bir şantaj və qara yaxma kampaniyasından qorxan deyil və işini davam edəcək.

Məsələ ilə bağlı “Azad Avropa/ Azadlıq” radioları korporasiyası bəyanat yayaraq Xədicə İsmayılovaya qarşı təzyiqləri kəskin pisləyib. Korporasiyanın prezidenti Steven Korn baş verənləri “mədəni cəmiyyət üçün yolverilməz olan iyrənc şantaj cəhdi” adlandıraraq, bildirib: “Biz Xədicə ilə fəxr edir, onu və onun fəaliyyətini tam dəstəkləyirik” .

Bu çirkin şantaj əməlini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da kəskin qınayır. RATİ hesab edir ki, tanınmış və peşəkar jurnalist Xədicə İsmailovanı şantaj etmək cəhdi, onun şəxsi həyatına qeyri qanuni müdaxilədir və bu çirkin əməlin arxasında Azərbaycan xüsusi xidmət orqanları durur.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button