RATI-yə hücumlar başladı!

Təşkilat bununla bağlı bəyanat qəbul edib…

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 18 mart 2011-ci il tarixdə saat 11.00-dan etibarən Bakı şəhəri R.Behbudov küçəsi 8 ünvanında yerləşən ofisinin polis və mülki geyimli şəxslər tərəfindən nəzarətə götürülməsini hökumətin hüquq müdafiə təşkilatına təzyiqi kimi qiymətləndirir və baş verənləri qəti şəkildə pisləyir.

Belə ki, RATİ-nin ofisində fəaliyyət göstərən mətbuat mərkəzində son günlərdə keçirilən etiraz aksiyaları ərəfəsində gənc fəalların faktiki olaraq oğurlanaraq sutkalıq həbsə atılmaları ilə bağlı tədbir keçirilib. Saat 12.00-da başlanan tədbirə 1 saat qalmış RATİ-nin ofisi polislərin nəzarətinə götürülüb, ərazinin sahə müvəkkili, mayor rütbəli polis nəfəri ofisə gələrək təşkilatın fəaliyyəti ilə bağlı təşkilatın sədri Emin Hüseynova suallar verib. RATİ-nin ofisinin giriş və çıxışları polis və mülki geyimli şəxslər tərəfindən mühasirəyə alınıb. Eyni zamanda ofisin yerləşdiyi Xaqani və Rəşid Behbudov küçələrində onlarla polis əməkdaşı, mülki geyimli şəxs, post-patrul xidmətinin maşınları dayanıb.

RATİ qeyd edir ki, bu, ilk hal deyil və bu ilin yanvarın 19-da analoji hadisə baş vermiş, hətta Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev ofisin ətrafında olmuşdur. Həmin vaxt RATİ sədri Emin Hüseynov bu cür halların aradan qaldırılması üçün Daxili İşlər naziri Ramil Usubova açıq məktubla müraciət etmişdi.

RATİ hesab edir ki, edir ki, baş verənlər hüquq müdafiəçilərinin və media nümayəndələrinin qorxudulmasına, onları psixoloji təzyiq altında saxlamağa hesablanmış addımdır və bu kimi addımlar söz və ifadə azadlığının boğulmasına “xidmət” edir.

RATİ Azərbaycan hökumətini, konkret olaraq hüquq-mühafizə orqanlarını bu cür repressiv üsullardan əl çəkməyə, hüquq müdafiəçiləri və jurnalistlərin fəaliyyəti üçün normal şərait yaratmağa çağırır. RATİ beynəlxalq ictimaiyyətə, xüsusilə demokratik ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinə müraciət edir ki, bu kimi halların aradan qaldırılması üçün öz səylərini göstərsinlər.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button